Səudiyyə Ərəbistanında neft obyektlərinə 14 sentyabr hücumlarına görə İran məsuliyyət daşıyır. Böyük Britaniyanın Baş naziri Boris Johnson ölkəsinin belə bir qənaətə gəldiyini açıqlayıb. O, krallığın müdafiəsinin gücləndirilməsindən ötrü ABŞ-ın rəhbərliyi ilə hərbi addımlarda iştirakı nəzərdən keçirəcəklərini bildirib.
Johnson Nyu Yorkda BMT Baş Məclisinin iclasına gedərkən təyyarədə jurnalistlərə danışıb. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin azaldılmasından ötrü Britaniya müttəfiqlərlə işləyəcək.
Səudiyyədəki hücumlara görə ər-Riyad və Birləşmiş Ştatlar da İranı günahlandırıb.
ABŞ Prezidenti Donald Trump sentyabrın 20-də Birləşmiş Ştatların Səudiyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki qüvvələrinin “müəyyən həddə” gücləndirilməsinə sərəncam verib.
Johnson deyib ki, xahiş olunsa, ölkəsi “hansı formada faydası dəyəcəyini nəzərdən keçirər”.
İran sözügedən hücumlarda iştirakını danır və Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, istənilən hücum “hərtərəfli müharibə”yə aparar.