Axtarış...

Oliqarxlara və deputata bağlı istirahət mərkəzlərinin başı dərddə - GƏLİŞMƏ

Oliqarxlara və deputata bağlı istirahət mərkəzlərinin başı dərddə - GƏLİŞMƏ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib. Reydin məqsədi bundan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyətini yoxlamaq olub.

Yoxlama zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən “Palma”, “Riverin”, “Ober Lyuks”, “El Faro”, “Təhsil”, “Atlant” istirahət mərkəzlərində sutəmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən “Dostluq”, “Caspian Breeze”, “Şərur”, “Amore”, “Nicat”, “Freqat”, “Regnum”, “Röya”, “Turan”, “Təndir”, “Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub. Xaçmaz rayonundakı “Çıraqqala”, “Jalə”, Sumqayıt şəhərindəki “Duyğu”, “Liman”, “Atlantida”, “Flaqman”, “Narınqala”, “Balıqçı”, “Alma”, “Neptun”, “Antalya”, “Qala”, Bakı şəhərindəki “Mirvari”, “Riyad park”, “Caspian Beach”, “1001 gecə”, “Eldarado”, “Dostluq”, “Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş “məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırılıb.

Şıx çimərliyi ərazisində fəaliyyət göstərən “1001 gecə”, “Eldorado”, “Aqua Park” və “Dostluq” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4 min manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi olan göstərişlər verilib. Məcburi göstərişlərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.

Reydlər zamanı Nabranda fəaliyyət göstərən “Lotos”, “Ulduz”, Sumqayıtdakı “Katamaran”, “Sahil”, “Diana”, Bakıdakı “Bizim sahil”, “Xəzər”, “Türkan”, “Simurq”, “Voyage”, “Qala” və “Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə “Dağlar oğlu”, “Həsirli”, “Su pərisi”, “Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub. Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan məcburi göstərişlər verilib.

Azərbaycanda istirahət mərkəzlərinin məmur-oliqarxlara məxsus olması kimsəyə sirr deyil. Məsələn, cərimə olunan istirahət mərkəzlərindən “1001 gecə” deputat Hüseynbala Mirələmova məxsusdur. 2012-ci ildə həmin mərkəzdə baş verən qətldən sonra deputatın yaxınları da istintaqa cəlb olunmuşdular. Deputatın oğlu, iş üzrə ifadəsi alınmış Fərid Mirələmov mərkəzin atasına məxsus olduğunu gizlətməmişdi.

2012-ci ildə Xarici İşlər Nazirliyinin 1-ci (qərb) Ərazi İdarəsinin ikinci katibi vəzifəsində çalışan Rəşad Mirələmovun ifadəsini təqdim edirik.

Sitat: “Mən anadan olduğum vaxtdan ilkin olaraq Lənkəran şəhərində, 1986-cı ildən isə Bakı şəhərində ailəmlə birlikdə yaşayıram. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Xarici İşlər Nazirliyində 1999-cu ildən işləməklə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində 3-cü katib, hazırda isə Xarici İşlər Nazirliyinin özündə ikinci katib vəzifəsində işləyirəm. Şıx çimərliyində yerləşən ”Min bir gecə" istirahət mərkəzi atama məxsus olduğundan və yaşadığımız evə yaxın məsafədə yerləşdiyindən yay mövsümündə tez-tez ailə üzvlərim və ya tək həmin istirahət mərkəzinə gəlirəm".

https://musavat.com/news/min-bir-gece-deki-qetl-gecesinin-daha-bir-sirri-acilir_151204.html

Digər mərkəzlərin faktiki sahiblərinin də vəzifəli şəxslər olması haqda məlumatlar dolaşır. Bu baxımdan nazirliyin istirahət mərkəzlərini məhkəmədə udması perspektivi suallar doğurur.

Bu haqda “Yeni Müsavat”a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda istirahət mərkəzlərinin sıravi vətəndaşlara məxsus olmadığını bilməyən yoxdur: “Belə yerlərdə sıravı vətəndaş daşı daş üstə qoymaq imkanında deyil. Digər tərəfdən, dəniz sahilində, meşədə geniş ərazini götürüb orada istirahət mərkəzi tikmək böyük məsrəflər tələb edir. Bundan başqa tələblər də var. Ümumiyyətlə, Azərbaycanda ekologiya standartlarını pozanlar çoxdur. Ekologiya Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirir, məhkəməyə gedir. Sadəcə, belə məsələlərdə ayrı-seçkilik edilməməlidir. Nazirliyin haqlı tələbini yerinə yetirməyiblərsə, məhkəməyə müraciət etmək doğrudur. Sadəcə, məhkəmədə işi udub-udmamaq perspektivi məsələsi obyektiv və qeyri-obyektiv səbəblərə bağlı olacaq. İstirahət zonaları adi vətəndaşların deyil. Bunu ölkədə bilməyən az adam tapılar. Çox imkanlı, əksər hallarda da dövlət orqanlarına yaxın şəxslərə, məmurlara məxsusdur. Belə işlər məhkəmələrdəki korrupsiya mexanizmləri, bir çox hallarda pulla həll edilmir. Zəng edib tapşırırlar və hakim də tabe olur, tələb olunan qərar verilir”.

Hüquqşünas deyir ki, ortaya yüksək səviyyədə iradə qoyulsa, işlərə obyektiv baxıla bilər və ekologiyanı pozanlar cəzaya çatdırılarlar: “İşlərə obyektiv baxılmasa, pul, zəng məsələsi olsa, nazirliyin iddiaları heç nəyi dəyişməyəcək, Xəzər də çirklənməkdə davam edəcək, meşələr də zibilxanaya döndəriləcək”.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz