Dünən Lerik rayonunda fəaliyyət göpstərən “Relax” istirahət mərkəzində baş vermiş insident gündəmin əsas müzakirə mövzusuna çevrilib.
Hadisə Vergilər Nazirliyinin işçiləri ilə “Relax” istirahət mərkəzinin əməkdaşları arasında baş verib. Məlumata görə, Vergilər Nazirliyinin əməkdaşları “Relax”ın işçiləri tərəfindən döyülüb. Və bundan sonra hüquq-mühafizə orqanları olaya müdaxilə ediblər, həbs olunanlar var.
“Relax” istirahət mərkəzinin müavini Famil Kərimov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.
Onun sözlərinə görə, hadisə turistlər arasında baş verib:
“15.08.2019 tarixindən etibarən “Relax” istirahət mərkəzində Vergilər Nazirliyi tərəfindən dövrü vergi yoxlamalarına başlanılıb. Dünən isə istirahətə gələn turistlər arasında mübahisə yaranıb. Həmin an vergi işçiləri də orada olub. Hadisə zamanı vergi işçiləri arasında döyülənlər olmayıb”.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə saytımıza açıqlamasında tutulanlar barədə məlumatının olmadığını bildirib:
“Məlumat odur ki, Vergilər Nazirliyinin əməkdaşları hazırda “Relax” istirahət mərkəzində yoxlama aparır. Saxlanılanlar olsa da, tutulanların kimliyi barədə məlumatım yoxdur”
İcra başçısının müavini qeyd edib ki, “Relax” istirahət mərkəzində baş verənlər deputata aid məsələ deyil:
“İqbal Məmmədov Milli Məclisin deputatıdır. Baş verənlər ona aid olmayan məsələlərdir. Milli Məclisin deputatı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Hər halda, qanunlarımız belə deyir. İqbal Məmmədovun Lerikə gəldiyi barədə bir söz deyə bilmərəm. İstirahət mərkəzi işini davam etdirir”.