Azərbaycanda son dövrlər turizmin inkişaf etdiyi, xaricdən gələn qonaqlar üçün istənilən şəraitin olduğu deyilsə də, bir çox hallarda başqa nəsnələrə şahid oluruq. Qiymətlərin bahalığı, otellərin və istirahət mərkəzlərinin heç də standarta cavab verməməsi, üstəlik, xidmətin bərbad olması bu qəbildən olandır. Elə bu səbəbdəndir ki, bir çoxları yaranmış vəziyyətdən və ya üzləşdiyi mənzərədən dolayı şikayətçi olur.
Maraqlıdır ki, şikayət olunan istirahət mərkəzləri sırasında olduqca tanınmışları da var. Qəribə tərəfi isə odur ki, bununla bağlı dəfələrlə yazılsa da, deyilsə də, nə tədbir görülür, nə də ölçü götürülür.
Nabranda yerləşən və indiyə qədər yaxşı ad çıxarmış “Atlant” İstirahət Mərkəzində dincəlmək üçün gedənlər isə hər şeyin reklamdakının əksi olduğunu görüb, geri dönmək məcburiyyətində qalırlar.
JAMAZ.İNFO xəbər verir ki, Leyla adlı müştəri gecəsi 155 manata “Atlant”da ailəsi ilə birlikdə özünə yer tutub. Böyük ümidlə bir neçə gün istirahət edəcəklərini düşünən xanım, otaqlara daxil olduqdan sonra gözlərinə inanmayıb. Özü bu barədə yazır: “Gecəsi 155 manata taq tutduq. Hər şey o qədər çirkliydi ki, əl vurmağa çimçəşirdim. Hovuz, yataq dəstləri, otaqlar həşəratlarla doluydu. Bir gecəni orada necə keçirdim, Allah bilir”.
Amma “Atlant”dakı vəziyyətdən narazı olan təkcə Leyla xanım deyil. Ondan başqaları da bir çox acınacaqlı durumla üzləşdiklərini dillərinə gətirirlər. Məsələn, Günel Zeynalova bununla bağlı deyir ki, “Atlant”a bir dəfə gedib və bir daha gedəcəyinə tövbə edib. “Səhərə qədər yatmadım. Oturdum stolda. Həm otaq, həm yataq iyrənc vəziyyətdəydi. Həşəratlar az qala adamın ağzına giridi. Bir gün qalıb, qaçdım oradan”.
Xanım Zeynalova daha sonra qeyd edir ki, “Atlant”da yeməklər də, xidmət də iyrəncdir.
Ayla Hacıyeva da şikayət edir ki, “Atlant” İstirahət Mərkəzi orada vəziyyət bərbaddır. Onun sözlərinə görə, bir çoxları kimi, o da sözügedən istirahət mərkəzinə gəlib, gördüklərindən böyük bir üzüntü yaşayıb. “Səhər yeməyi bərbad. İsveç masası adı qoyublar, amma o addan əsər əlamət belə yoxdur. O qədər bərbaddır ki, heç nəyə baxmırlar. Bu qədər pul qazanırlar, heç olmasa onun az miqdarın təmizliyə sərf eləsinlər”.
JAMAZ.İNFO