Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlı “Meyvələrin şahı-Azərbaycan torpağının bərəkəti” sərlövhəli baş məqaləsində Azərbaycan torpağında yetişən dadlı və şirəli meyvələr, ölkədə keçirilən nar, alma, qarpız və mürəbbə bayramlarından söz açır. Müəllif qeyd edir ki, son zamanlaradək Azərbaycan bütün dünyada nefti və kürüsü ilə tanınırdı. M.Mərcanlı yazır: Əlbəttə, bu cür bəsit yanaşma ölkənin malik olduğu böyük sərvətləri əhatə etmir. Onların arasında təkcə əla dad keyfiyyətləri ilə deyil, həm də müalicəvi xüsusiyyətləri ilə əzəldən şöhrət tapmış meyvə və tərəvəz növləri xüsusi yer tutur. Zəfəran, pomidor, qarpız, qovun, alma, xurma, nar kimi Azərbaycan brendinin reputasiyasını möhkəmləndirmiş nemətlərin adlarını çəkmək kifayətdir”.
“İrs-Nasledie” jurnalının yeni nömrəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırovun maarifçi və şair, Azərbaycan uşaq ədəbiyyatının klassiklərindən biri Abbas Səhhətə həsr etdiyi məqaləsi dərc olunub. Jurnalda, həmçinin şairin rus dilinə tərcümə olunmuş şeirləri də yer alıb.
Nəşrdə dərc olunmuş daha bir maraqlı məqalə azərbaycanlı sovet sərkərdəsi, Azərbaycanın və SSRİ-də yaşayan bütün türk-müsəlman xalqlarının ilk admiralı Cəlil Cəlilova həsr olunub. Müəllif admiralın Böyük Vətən müharibəsində keçdiyi döyüş yolundan, hərbi-dənizçiliyin təbliği işinin təşkili və Azərbaycanda mütəxəssislərin hazırlanmasında göstərdiyi xidmətlərdən bəhs edib.
Jurnalda, həmçinin oxuculara “Multikulturalizm konsepsiyası müasir elmi kontekstdə”, “Azərbaycanın qərbində daş dövrünün izləri”, “Araz çayının yaxınlığındakı məqbərədə kim dəfn olunub?” və s. məqalələr təqdim olunub.