Noyabrın 25-dək Bakıda Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Budəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 21-də Muzey Mərkəzində təşkil edilmiş mətbuat konfransda Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov deyib.
Bildirib ki, biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının perfomansları nümayiş olunacaq.
"Biennaledə 17 xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamı iştirakı edir. Saat 10:00- dan 18:00-dək davam edək sərgilərə hər kəsin baxmaq imkanı olacaq. Sərgi-tədbirlər xarici və yerli sənət adamlarının təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əməkdaşlığı üçün geniş imkanlar yaradacaq” , - deyə Q.Qasımov söyləyib.
O əlavə edib ki, həmçinin budəfəki bienelle çərçivəsində UNESKO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqda film təqdim ediləcək, “Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.
“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin kuratoru Dilarə Vahabova belə tədbirin Bakıda təşkil olunmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, biennale çərçivəsində "Qaleri -1969", "Şirvanşahlar" Saray Kompleksi, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda sərgilər təşkil olunub.
2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən biennaledə dünyanın müxtəlif ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorların iştirak etdiyini deyən D.Vahabova budəfəki sərgilər, ekspazisyalar içərisində perfomansların çox olacağını diqqətə çatdırıb.