Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edilib. 1997-ci ildən etibarən Prezidentin müvafiq sərəncamları ilə incəsənət sahəsində xüsusi istedada malik gənclərin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır və onlar xüsusi aylıq təqaüdə layiq görülürlər. Bu günə kimi musiqi, xoreoqrafiya, rəsm sahələrində xüsusi istedadı olan 124 gəncin adı “Qızıl kitaba” yazılıb və bu gənclərə 25 yaşadək aylıq təqaüd ödənilir.
Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, təqaüd alan gənclərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə aprel ayında Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbində ixtisası üzrə təhsil alan və çalışan 51 nəfər gənc təqaüdçünün dinləmələri keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müxtəlif vaxtlarda fortepiano, nəfəs və simli alətlər, vokal, xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə musiqiçilər dinlənilib. 30 nəfər Prezident təqaüdçüsünün çıxışı yüksək qiymətləndirilərək konsert-festivalın proqramına daxil edilib.
Təqaüd alan gənclərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə mayın 21-22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert-festival keçiriləcəkdir.