“Azərbaycan vokalçıları” festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistlərinin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi orkestr elə ilk dəqiqələrdən zalda xüsusi atmosfer yaradıb.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev giriş sözündə respublikamızda ilk dəfə keçirilən festivalın böyük əhəmiyyətindən danışıb, səhnəyə festivalın ideya müəllifi və bədii rəhbəri, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovu dəvət edib.
Ramil Qasımov çıxışında operetta janrının Azərbaycanda böyük tarixi hadisə olduğunu qeyd edərək, vurğulayıb ki, zamanında bu teatrda Lütfiyar İmanov, Kamal Kərimov, Mobil Əhmədov kimi unudulmaz sənətkarlar çalışıb, vokal sənətinin tarixində silinməz iz qoyublar.
Çıxışından sonra Ramil Qasımov tamaşaçılara gözəl ifası ilə unudulmaz dəqiqələr bəxş edib. Bu xoş təəssürat gecənin sonuna qədər davam edib, gənc vokalçıların bütün çıxışları alqışlarla qarşılanıb. Konsert repertuarında Azərbaycan opera və operetta incilərinin ən parlaq nümunələri yer alıb. Anşlaqla keçən möhtəşəm konsert böyük rezonansa səbəb olub.
Daha sonra festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi məktəbləri şagirdlərinin konserti keçirilib. Gənc ifaçılar Azərbaycan bəstəkarlarının əsərlərini, Avropa opera incilərini ifa ediblər.