Avstriyada yaşayan gənc bəstəkar Aria Torkanbourinin tar və orkestr üçün bəstələdiyi “Qərarsız pıçıltılar” əsəri Qrats şəhərində ifa olunub. Bu əsər solo tar və orkestr üçün bəstələnmiş ilk eksperimental musiqi əsəri hesab oluna bilər.
AZƏRTAC xəbər verir ki, Qrats Musiqi və İfaçılıq Sənətləri Universitetinin “MUMUTH” zalında bu ali məktəbdə təhsil alan bəstəkarların əsərlərindən ibarət konsert təşkil olunub. Azərbaycanlı bəstəkarın yeni bəstələdiyi bu əsər ilk dəfə ictimaiyyətə təqdim olunub və konsertdə tar partiyasını bəstəkarın özü ifa edib.
Əsərlə bağlı fikirlərini AZƏRTAC-a bölüşən A.Torkanbouri bildirib ki, bu əsəri dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə ithaf edib. Qeyd edilib ki, bu əsərdə müasir üslub musiqiyə xas olan və indiyədək tətbiq edilməmiş texnikalara də yer verilib. Eyni zamanda bir müddət əvvəl İranda baş vermiş təyyarə qəzasında çoxlu sayda insanın həlak olmasından kədərlənən bəstəkar bu əsərində həmin kədəri ifadə etməyə çalışıb.
Qeyd edək ki, 1989-cu ildə Təbrizdə doğulan Aria Torkanbourinin uşaqlıqdan musiqiyə böyük həvəsi olub. Musiqiyə olan bu sevgi onu Təbriz Universitetinin mühəndislik təhsilini yarımçıq saxlayaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul olmasına gətirib çıxarıb. Professor Arif Məlikov və Ceyhun Allahverdiyevin siniflərində təhsil alan gənc bəstəkar sonra təhsilini Berlin, İstanbul və Qratsda davam etdirib. 2016-cı ildə Qrats İncəsənət Universitetinə bəstəkarlıq üzrə qəbul olan A.Torkanbouri hazırda müasir musiqi üzrə tanınmış simalardan olan professor Beat Furrerin sinfində təhsil alır.