Qadınların kişilərdə qiymətləndirdiyi ən əsas keyfiyyət güclü yumor hissidir. İstisnalar olsa da, bu, psixologiya tarixində dəyişməz bir qanundur. Kişi səni güldürə bilirsə, deməli ondan yaxşı ər və yaxşı ata olacaq. Ağıllı qadın bilir ki, belə kişi ilə heç vaxt darıxmaz. Axı gülüş həmişə qəlbin və ruhun ən yaxşı gigiyenası sayılıb. Bəs, Ukraynanın ən güclü yumor aktyoru statusundan prezident postuna keçən Vladimir Zelenski özü əks cinsdə hansı xüsusiyyəti yüksək qiymətləndirirdi? 41 yaşlı prezidentin qəlbini oğurlaya bilən qadın nə ilə seçilirdi?
Publika.az bu yazıda oxucuları Ukraynanın yeni birinci ledisi Yelena Zelenskayanın həyat yolu ilə tanış edib.
Bu sarışın xanım haqqında ilk dəfə Vladimir Zelenskinin ulduzu Rusiya-Ukrayna şou-biznesinin üfüqündə parlayanda danışmağa başladılar. Pərəstişkarları sənətçinin ömür-gün yoldaşını tanımağa can atırdı. Xüsusilə onları maraqlandırırdı ki, aktyorun xanımı istedad baxımdan ərinə nə dərəcədə uyğundur. Birinci xanımın valideynləri barəsində məlumat azdır. Hər halda şübhə yoxdur ki, tərcümeyi halındakı bu boşluqlar ərinin siyasi fəaliyyətinə başlaması ilə dolacaq.
Ukraynanın birinci xanımı Yelena Zelenskaya əri ilə eyni ildə - 1978-ci ildə Krivov Roqda anadan olub. Yelena gələcək əri və Ukrayna prezidenti ilə paralel sinfdə oxusa da, onlar məktəb divarlarını tərk etdikdən sonra tanış olub. Cütlüyün yaxından tanışlığı tələbəlik illərinə söykənir. Zelenski bir gün küçə ilə gedərkən Yelena ilə rastlaşır və təxirə salmadan qızı dilə tutur. Fərasətli Vladimir tanışlıq üçün anındaca bir bəhanə tapır. Yelenanın əlində Şeron Stounun aktrisaya şöhrət gətirən "Əsas instinkt” erotik filminin kaseti var idi. O, qıza filmi birlikdə izləməyi təklif edir. Yelana nömrəsini qeyd edib kaseti oğlana verir. Beləliklə "Əsas instikt” filmi cütlüyün həyatında dönüş nöqtəsi olur.
Yeri gəlmişkən, onda gələcək birinci xanımın həyatında başqa oğlan var idi. Gülüş ustasının qarşısında tab gətirə bilməyən Yelena sevgilisini atır və Zelenskinin qollarına tələsir. O, əmin idi ki, yeni tanışlıq ona əbədi təbəssüm, təbəssüm isə böyük enerji və ruh yüksəliyi vəd edir.
"Əvvəlcə Vova ilə münasibətlər yolunda deyildi, çünki onunla görüşmək istəmirdim. Amma bizim ünsiyyətimiz məni razı saldı. Biz həyata bir istiqamətdə baxır və eyni musiqiləri bəyənirdik, ortaq cəhətlərimiz çox idi. Mənə elə gəlir ki, bu faktor istənilən münasibətlərdə vacibdir. O, məni ləyaqəti, nəzakəti və iti ağlı ilə cəlb etdi. Sonrası da onunla heç vaxt darıxdırıcı deyil. Vladimirlə baxışlarımızın ilk dəfə nə vaxt toqquşduğunu xatırlamıram, çünki Zelenskini məktəbdə hamı tanıyırdı. Onun ətrafı həmişə parlaq olub. Əgər haradasa deyib-gülmək varsa, deməli, Zelenski orada idi. Gimnaziyaya 7-ci sinifdə gəldim, bu andan biz paralel siniflərdə oxumuşuq. Mən bilirdim ki, Zelenski də məktəbdə oxuyur, amma şəxsi tanışlığımız olmamışdı” , - deyə Yelena çıxışlarında bildirib.
"Qızlarla problemim heç vaxt olmayıb. O, çox inadkar çıxdı. Lenanın segisini qazanmaq mənim üçün maraqlı idi, bundan sonra duyğular sevgiyə çevrildi” , - deyə şoumen səmimi şəkildə etiraf edib.
Yelena ilə Zelenski münasibətlərini 8 il vətəndaş nikahında yaşadıqdan sonra rəsmiləşdirməyə qərar verib. Hərçənd ki, qız oğlanla evlənməyə çoxdan hazır idi. Nəhayət ki, gözlənilən təklif tanışlıqdan 8 il sonra baş tutur. Kinoteatrda melodrama izləməyə gedən cütlük çıxışda evlilik təklifi sevincini qeyd edir və tezliklə toy hazırlıqlarına başlayır.
"Lena həmişə soruşurdu ki, biz nə vaxt evlənəcəyik. Əmin idim ki, evlənsək, dərhal uşaqlar gələcək. Mən isə ailə və uşaq dünyaya gətirməyə tələsmək istəmirdim” , - deyə ölkə başçısı müsahibələrinin birində etiraf edib.
Maraqlıdır ki, Yelenanın fikirləri bu məsələdə əri ilə üst-üstə düşmür:
"Biz bu səkkiz il ərzində görüşürdük, amma hər kəs öz valideynləri ilə yaşayırdı. O illərdə dostlarımızın çoxunda vəziyyət belə idi. Gənc idik və evlənməyə tələsmirdik. Məndə "İlahi, o niyə mənə evlilik təklif etmir? Üzük hədiyyə etmir? Yəqin ki, fikri ciddi deyil” kimi qorxular olmayıb. Toy haqqında söhbətlər olub, biz bilirdik ki, nə vaxtsa bunu edəcəyik. Amma dəqiq bir tarix müəyyənləşdirməmişdik. Və toyun vaxtını qastrol qrafikində boş vaxtımız olduğunu görəndə təyin etdik. Yeri gəlmişkən, iki cüt dostumuz da evlənməyə hazırlaşırdı. Nəticədə üç həftə ard-arda toy etdik".
Cütlüyün nikahından 14 yaşlı qızı Aleksandra və 5 yaşlı oğlu Kril var. Şoumen övladları haqqında mətbuata çox danışmasa da, etiraf edib ki, onlar atasının prezident seçilməsi xəbərini böyük sevinc və fəxr hissi ilə qarşılayıb.
Kiminlə gülə bilirsənsə, onunla işləyə də bilərsən
41 yaşlı Yelena ixtisasca memardır, amma heç vaxt bu sahə üzrə çalışmayıb. Qız ürəyinin səsi ilə deyil, valideylərinin təkidi ilə memarlıq fakültəsinə daxil olub, amma təhsilinə həmişə çox ciddi yanaşıb. O, universiteti qırmızı diplom və magistr dərəcəsi ilə bitirib. Universitetdə qazanılmış bilikləri praktikada tətbiq etməyə ehtiyac olmasa da, birinci ledi zafatala deyir ki, möhkəm ər-arvad izdivacı və gözəl ailə münasibətləri onun memar kimi yeganə layihəsidir:
"İkimiz də kinsizik. Əlbəttə ki, hər bir ailədə olduğu kimi, bəzi mübahisələr olur, amma həmişə danışaraq həll etməyə çalışırıq, küsülü qalmırıq. İllər sonra başa düşürsən ki, hətta ən kiçik yanlış anlaşılmazlıqlar daha böyük bir problemə gətirib çıxara bilər. Odur ki, biz hər şeyi dava-qırğınsız yoluna qoyuruq. Uzun illərdir bir-birimizə arxa-dayaq olmuşuq və öz işimizdə uğur qazanmışıq. İkimiz də nə vaxt susmaq və sakit dayanmaq lazım olduğunu hiss edirik. O daha çox səssiz qalır və bəzi zarafatlara cavab vermir. Və əgər o artıq cavab verməyə başlayırsa, demək ki, mən artıq inadını qıra bilmişəm.
Əgər o, səfərə gedibsə və bir sutka onunla əlaqə saxlaya bilmirəmsə, inciyirəm. Ona irad tuta bilərəm, bundan artıq deyil. Allaha şükür ki, biz bu mərhələdən keçmişik. Ailədə demokratiya hökm sürür. Əlbəttə, bir çox ailələrdə olduğu kimi, bizdə də vəzifə bölgüsü var. Ata xarici siyasətlə, ana isə daha çox daxili siyasətlə məşğul olur. Vladimir məşğul olduğu üçün uşaqlarla əsasən mən məşğul olur və bütün təşkilati məsələləri həll edirəm. Əlavə vəzifələrdən onu azad etməyə çalışıram. Ailədə bütün qlobal qərarları, birlikdə qəbul edirik. O cümlədən, uşaqlarla məsləhətləşərik, onlar da verilən qərarlardan razı olmalıdır”.
Yelenanın sözlərinə görə, yeniyetməlik illərində oxumağı sevir və məktəb səhnəciklərində çıxış edirdi. O, həyatını aktyor sənəti ilə bağlamağı düşünmürdü. Yaradıcılıq qığılcımı onda aktyorla tanışlıq nəticəsində alovlanır. Vladimir Zelenski gənclik illərindən KVN-də oynayırdı, ərinin sağ əli olan qız şoumenin qrupu ilə tanış olur və yumoristlərin qaynar ssenari müzakirələrini böyük entuziazmla izləyirdi. Tezliklə o, prosesə cəlb edilir və yeni səhnələr üçün heyrətamiz ideyalar irəli sürməyə başlayır. "Kvartal 95” qrupu ilə sıx dostluq imkan verir ki, Yelena Zelenskaya qrupa üzv qəbul edilsin və onun ayrılmaz hissəsinə çevrilsin. Güclü yumor hissinə malik olan Yelena "Kvartal 95” yumor şousunun bir çox zarafat və mətnlərinin müəllifidir, amma qızı dünyaya gəldikdən sonra o, yaradıcılığına bir müddət fasilə verir:
"Həmişə müəllif kimi çıxış edirdim, hərdən səhnədə kifayət qədər qadın üzü olmadığı zaman xahiş edirdilər ki, səhnəyə çıxım. Heç vaxt böyük rolum olmayıb, yalnız bir neçə epizodda oynamışam. Prinsip etibarı ilə səhnəyə çıxmağa can atmamışam. Artist emosionallığı mənə uyğun deyil, çox narahatlıq duyuram. Təbiətcə yəqin ki, aktrisa deyiləm: yazı masası ruhuma səhnədən daha yaxındır. Yazdığım ssenarinin canlı versiyasını izləmək daha xoşdur”.
Mətbuat hesab edir ki, Vladimir Zelenskinin həyat yoldaşı onun seçki kampaniyası işində əhəmiyyətli rol oynayıb. Hələ 2015-ci ildə ərini prezident kürsüsünə təyin edən ilk insan Yelena özü olub. Belə ki, aktyorun "Слуга народа" serialında canlandırdığı prezidentliyə namizəd rolu bəlkə də xanımının əlçatmaz arzularının gələcək təsviri idi. Aleksadr Pikalov və Valeriya Jidkovla birlikdə yazılan ekran işi Yelena Zelenskayanın məsum uydurması olsa da, yuxunun reallığa dönüşməsi onu qorxudur.
Birinci xanım müsahibəsində bildirib ki, əri ailədə şübhəsiz liderdir. Amma Zelenskinin siyasətə ciddi baş qoşması onu narahat edir və bu narahatçılığını gizlətmir. O, ərinin aktyorluqdan siyasətə keçməsini qəbul etmək istəmirdi. Birinci xanımın sözlərinə görə, ilk vaxtlarda ərinin prezidentliyə namizədliyinə qarşı çıxsa da, bir müddət sonra həyat yoldaşının qərarı ilə barışıb:
"Mən bu layihənin açıq şəkildə əleyhinə idim, çünki bizi qarşıda çox ağır proses gözləyirdi. Buna layihə də demək olmaz, həyatın başqa bir istiqamətidir. Əgər Vladimir kimi belə məqsədyönlü biri nə isə fikirləşibsə, ona müqavimət göstərmək faydasızdır. Anladım ki, qərar qəbul edilib və onunla barışmalıyam. İlk vaxtlarda bu qərarı məndən gizlətməyə çalışırdılar ki, narahatçılıq keçirməyim. İndi çalışıram ki, özümü ələ alım, sakit qarşılayım, neqativi özümdən uzaqlaşdırım və pozitiv flüidləri bir nöqtədə birləşdirim. Mənə elə gəlir ki, hələlik alınır”.
Maraqları
Prezident xanımının maraqları barədə, demək olar ki, heç bir məlumat tapmaq mümkün deyil, yalnız məlumdur ki, o, mətbəxdə çox məharətlidir. Ümumiyyətlə, Yelenaya qarşı böyük diqqət əri Ukrayna dövlət başçısı vəzifəsinə əsas iddiaçı olduqdan sonra, "Komanda Ze” liderinin "Kvartal 95” yumoristik şousunun səhnələrini siyasi zarafatlara dəyişilməsi ilə başladı. Əvvəl onun Zelenski ilə mətbuatda şəkilləri çox deyildi. Odur ki, Yelenanın geyim üslubu haqqında fikir yürütmək hələ ki erkəndir. Yelena özü də deyir ki, indiyədək birinci ledi roluna alışmayıb, ümumiyyətlə, diqqət mərkəzində özünü rahat hiss edən insanlardan deyil. Hər halda onun yeni statusuna laqeyd olduğunu demək olmaz. Son çıxışlarına nəzər salsaq, görərik ki, o, ərinin yeni statusuna layiq şəkildə geyiməyə çalışır və stilinə xüsusi fikir verir. O, əvvəlki ilə müqayisədə daha düşünülnüş, daha ciddi və daha eleqant dəstlər seçir. Rusiya və Ukrayna mətbuatı yazır ki, Yelena tanınmış bahalı brendlərin geyimlərini üzərində daşımır və hələ ki sadə qız obrazını qorumağa çalışır. O bildirib ki, özündən əvvəlki birinci xanımların obrazını təkrarlamaq niyyətində deyil:
"Əlbəttə ki, onlarla danışmaq mənim üçün maraqlı olardı, çünki hər hansı bir ölkədə birinci xanım prezidentin həyatında mühüm rol oynayan bir qadındır. Görünüşə gəldikdə, kiminsə tərzinə baxmağa çalışmıram və kiminə obrazını təkrarlamaq istəmirəm. Bəzi protokol nüanslarını anlamaq və bu mövzuya agah olmaq üçün əlbəttə ki, bir neçə fotolara baxdım, amma bundan artığı deyil".
Qalmaqal
Yelena çox tanınmış ictimai xadim olmasa da, şayiələr ondan da yan keçməyib. Rus mətbuatı iddia edir ki, Yelena çox qısqancdır və bunun üçün əsaslı səbəbləri var. Vera Brejneva və Oksana Akinşina ilə "Böyük şəhərdə məhəbbət" (Любовь в большом городе) filminin çəkilişlərində o, ərinin xəyanətinin şahidi olub. Bununla belə o, ailə münasibətlərini qoruya bilib. Müsahibələrinin birində Vladimir özü də vurğulayıb ki, qərarların qəbulunda Yelena ona ciddi təsiri göstərir. Odur ki, Zelenskinin xanımı haqqında aşağıdakı sözləri xüsusilə təsirlidir:
"Onu özüm kimi sevirəm. Amma sevimli qadının səndən uşaqlar dünyaya gətirəndə, anlayırsan ki, lənət olsun, övladlarını özündən də çox sevməyə başlayırsan, bu, "fəlakət"dir. Düşüncələrimdə belə dəyişikliklər var. Ailə unikal hekayədir. Onları heç nəyə görə itirməyə hazır deyiləm”.
Ümumiyyətlə, akytor xanımına olan məhəbbətini heç vaxt gizlətmir. Məsələn, prezident seçildiyi böyük ekranda elan edildiyi zaman onun xanımını öpməsi dünya tarixinin səhifələrinə düşən parlaq kadrlardan biridir. Ümid edək ki, bu məhəbbət aktyorun prezidentlik fəaliyyəti dövründə də azalmayacaq və nümunəvi ailə münasibətləri mətbuat səhifələrini hələ çox bəzəyəcək. Belə görünür ki, cəsarətli Barak Obama və Emmanuel Makrondan sonra xanımının dodaqlarını ictimaiyyət qarşısında öpən və bu səhnəni bizim üçün tez-tez təkrarlayan prezident Vladimir Zelenski olacaq.
Yelena jurnalistlərin "Əriniz filmlərdə bir çox aktrisa ilə intim səhnələri canlandırıb. Maraqlıdır ki, onun ekranda başqa qadınla öpüşdüyünü görmək sizdə hansı təəssüratlar yaradır” sualına belə cavab verib:
"Bu səhnəni ilk dəfə mən, özü də təsadüfən canlı gördüm. "Böyük şəhərdə məhəbbət" filminin final səhnəsini çəkirdik, çəkiliş meydançasına gəldim ki, birlikdə nahar edək və filmi müzakirə edək. İş elə alndı ki, o səhnənin canlı şahidi oldum. Düzü, uzaqdan o qədər də xoş görünmürdü, hətta bir müddət özümdə olmadım. Amma Vladimir kadrdan çıxanda hər şey öz yerini aldı. Axı bu prosesdə intim heç nə yoxdur. Bu cür səhnələri ekranda görəndə sakit yanaşıram. Daha çox özü məyus olur. Hətta belə səhnələrdə özü müxtəlif bəhanələrlə zaldan çıxmağa çalışır. Əlbəttə ki, bir narahatlıq var. Ancaq inanın, bu, ekranda həyatda göründüyü kimi görünmür.
Bizim münasibətlərdə qısqanclıq hissi fasilə elan edib. Bu hiss o zaman yaranır ki, yaxınınız kiməsə heyranlıqla diqqət yetirir. Heç bir səbəb olmasa, qısqanclıq arxa planda qalır. Üstəlik biz birlikdə işləyirik və mən həmişə onun olduğu yeri və nə etdiyini bilirəm. Və əgər o görüşdə olduğunu deyirsə, həqiqəti deyir və yalan danışmır. Bu vəziyyətdə inam vacibdir. Əlbəttə ki, qadınların təxəyyülü sərhədsizdir və beyinini nə ilə desən doldura bilərsən. Amma bunu etmirəm. Odur ki, telefonları bir-birimizdən gizlətmirik.
Gizlətmirəm ki, münasibətlərin əvvəlində müxtəlif məqamlar olub. Vladimir bir dəfə etiraf etmişdi ki, məni kiməsə qısqanıb. Və o, bunu yalnız beş ildən sonra demişdi. Onda, ümumiyyətlə, heç bir qısqanclıq əlaməti göstərməmişdi. Bu mənada o, inanılmaz dərəcədə qapalıdır, qısqanmağı öz ləyaqətini aşağılamaq kimi qəbul edir. Onda soruşdum ki, niyə o saat demədin, əksinə mənə xoş olardı.
Mənə gəldikdə, bu, əvvəlcə təəccüblü idi. KVN dövründə populyarlıq qazananda qızlar qrim otağına gəlib saatlarla gözləyir və özündən gedirdi. Ancaq digər tərəfdən, o özü buna belə reaksiya vermədi. Bu baxımdan tanımadığım adamlar məndə qısqanclıq doğurmur”.