Ölkəmizdə bir çox elektronika və məişət avadanlıqları satışı ilə məşğul olan şirkətlər var.
Lakin bu şirkətlərin bir çoxunun fəaliyyətindən insanlar şikayətlənir. Ən çox şikayət olunan isə “Kontakt Home” mağazalar şəbəkəsidir.
“Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı mediada müxtəlif illərdə, müxtəlif məsələlərlə əlaqədar şikayətlər yer alıb.
Oxu24.com xəbər verir ki, Yeni İl qarşısı fürsətdən istifadə edən "Kontakt Home" "defekt" məhsullarını müxtəlif kampaniyalar adı altında əhaliyə satır.
Son günlər güclü reklamı gedən "Şeş- Qoşa at pulsuz apar" adı altında keçirilən kampaniya əslində nəyə hesablanıb?
Mağazalar şəbəkəsi ilə bağlı saytımıza bir neçə şikayət daxil olub.
Vətəndaş Məcidov Mircəlal bildirib ki, 19 dekabr tarixində "Kontakt Home"un 28 may filialından "Fofmann" telefonu alıb. Sözügedən məhsulun nəğd pulunu mağazada ödəyən vətəndaş məhsulun özünü digər mağazadan, Sahil filialından əldə edib.
Bir neçə gündən sonra telefonun kamera hissəsində həddindən artıq qızma və telefonun anidən sönməsi probleminə görə vətəndaş mağazaya yaxınlaşıb. Telefonun ya dəyişdirilməsini, ya da geri qaytarılmasını istəyib.
Mağaza əvvəlcə telefonu özlərinin servis mərkəzi olan “Nizami” metro stansiyasının yanında, Şıxəli Qurbanov 19 ünvanında yerləşən “Servis Link” texniki servis mərkəzinə göndərir.
Servis mərkəzində vətəndaşa necə torba tikilir?
Həmin servis mərkəzi mağazanın özünə məxsus olduğundan alınan mallarda qüsur aşkar edildiyi halda mənfi rəy vermir. Çünki mənfi rəy verilən malı mağaza cərimə almadan vətəndaşa qaytarmalııdr. Bu isə şirkətin qurduğu oyundan pul qazanmadan çıxması deməkdir. Buna görə də servis vətəndaşa "məhsulda heç bir qüsur yoxdur" cavabını verir və vətəndaşı mağazaya göndərir.
Maraqlı məqam budur ki, həmin rəy verilən kağız vətəndaşa təqdim olunmur.
Vətəndaş bildirir ki, yenidən məhsulu aldığı mağazaya qayıdan zaman onlar vətəndaşa yeni məhsul təklif ediblər. Vətəndaş bu mağazadan yeni məhsul tapa bilmədiyi üçün aldığı məhsulu Qanuna uyğun olaraq 14 gün müddətində geri qaytarmaq istədiyini deyəndə şirkətin yeni planı işə düşür.
Bəs biz vətəndaşdan necə pul qoparaq? sualı ətrfaında plan cızılır. Vətəndaşa "Siz telefonun karopkasının kənarını cırmısınız, buna görə də məhsuldan istifadə dəyərini ödəməlisiniz" şərtini qoyurlar.
Şikayətçi bildirib ki, mağazanın baş satıcısı cərimənin məbləğinin malın dəyərinin 10 faizi miqdarında olduğunu bildirsə də, filialın Nizami adlı müdiri cəriməni bir qədər də artıraraq 15 faiz olduğunu deyir.
Vətəndaş məhsulun ona bu şəkildə təqdim edildiyini və məhsulda defekt olduğunu desə də ona qulaq asan olmur.
Kontakt Home mağazasında vətəndaşdan istifadə haqqı adı altında 10 faiz məbləğində cərimə tutulur. Maraqlısı budur ki, mağazanın təqdim etdiyi çekdə həmin məbləğin hansı məqsədlə tutulduğu qeyd olunmur.
Bəs "Kontakt Home"un burada məqsədi nədir? Mağaza vətəndaşlara hansı tələni qurur?
Əldə etdiyimiz məlumata görə, şirkət özünün keyfiyyətsiz məhsullarını vətəndaşlara satdığı zaman yaranan problemlərdən bu üsulla yaxa qurtarır. Həm məhsul özlərində qalır, həm də vətəndaşdan faiz tutmaqla havayı qazanc əldə edirlər.
Qəbul etsək ki, mağaza geniş şəbəkəyə malikdir və müxtəlif kampaniyalar adı altında insanlara qurulan bu cür tələlərdən xeyli miqdarda pul əldə etmək mümkündür.
Vətəndaş bildirib ki, qeyd olunan fırıldaqçılıqla bağlı məhkəməyə və aidiyyatı qurumlara şikayət edəcək.
Xatırladaq ki, "Kontakt Home" mağazaları ilə bağlı mətbuatda çoxsaylı şikayətlər var. Bununla bağlı çirkətdən heç bir zaman rəsmi məlumat almaq olmur.
Sayt şirkətin vətəndaşlar üzərində qurduğu daha bir fırıldaq barədə araşdırma yazını təqdim edəcək.
Oxu24.com