Ödəmə terminalları müştərilərin ciddi probleminə çevrilib. Paytaxtın əksər ərazilərində “MilliÖn” və “Bakıkart” aparatları qoyulsa da, pulun balansa yüklənməməsi kimi ciddi problem var. Müştərilərin ən çox yaşadığı problem dayanacaqlarda qoyulan “MilliÖn” aparatlarının normal işləməməylə bağlıdır.
Belə bir bir halla Cebhe.info redaksiyasına müraciət edən ilahiyyatçı Tural İrfan qarşılaşıb:
““İnşaatçılar” metrosunun yanındakı dayanacaqda, gölməçənin içindəki MilliÖn ödəmə terminalı bu gün mənə 8 manat maddi, bəlkə də 10 min manatlıq mənəvi ziyan vurdu. Aparat xarab olduğundan pulu “uddu”, amma balansa yükləmədi. *0010 qaynar xəttinə zəng vurdum, balansımda olan-qalan pulu da o aldı. Operator xanıma düşənə qədər telefonda 20 dəqiqə gözlədim, 8- ci adam idim. Nəhayət, çox səbrli və arxayın danışan xanım çoxsaylı suallara başladı. Yeri və olayı anlatdım. Üzümə dedi ki, orada elə aparat yoxdur. O qədər gözlətdi ki, bu dəfə telefonun enerjisi bitdi. Təkrar zəng vuranda bu dəfə növbədə 4- cü oldum. Təkrar əhvalatı anlatdım. Yenə də suallar verərək, ardınca bildirdi ki, orada elə aparat yoxdur. Bəlkə mənim axırıncı pulum idi o 5 manat? Onu da aparat “uddu2, bəs bu yağışda vətəndaş uzaq məsafəyə necə getməlidir? Cavab verdi ki, o, sizin probleminizdir. Cavab vermək istəyirdim ki, telefonumda balans bitdi. Çünki bu zənglər pulludur. Məcbur qalıb avtobusda bir nəfərə 30 qəpik verib onun kartı ilə gəldim. Mənim kimi onlarla vətəndaşın müxtəlif məbləğlərdə pulunu aparatın "udduğunun" da şahidi olmuşam. Bu, artıq müxtəlif yer və zamanlarda başıma gələn neçənci olaydır. Aparatları da rüşvət almağa öyrədiblər. Görün nə qədər bu cür "aparatlar" var və hər gün hər 10 adamın birindən 1 manat udsa, ümumilikdə nə qədər məbləğ edir. Manat-manat həm MilliÖn , həm də AZERCELL qazanır”.
Şikayətçi qeyd edib ki, onu narahat edən məqamlardan biri də qaynar xətdə əlaqə saxladığı xanım əməkdaşın rəftarıdır:
“Operator mənimlə kobud davrandı .Çünki bilir ki, 8 manata görə ölkədə heç kəs məhkəməyə müraciət etməz. Elə buna görə də başlarının altına rahat yastıq qoyulub. Mən telefonla danışan zaman aparat bir qadının da 5 manatını “uddu”. Fürsət tapıb deyə bilmədim ki, aparat işləmir. Yarım saat da o əlləşdi, nəvəsinin əlindən tutub kor- peşman geri qayıtdı. Ümidvaran ki, külli miqdarda saxtakarlıq, yeyinti və əhaliyə ziyan vurma faktlarının səbəbkarları məlum olacaq”.