"2019-cu il qlobal iqtisadiyyat üçün asan il kimi qiymətləndirilmir. Güman olunur ki, 2019-cu il qlobal iqtisadiyyat üçün birmənalı şəkildə çətin olacaq".
Milli.Az bildirir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, əmtəə bazarında, xüsusən də neftin qiymətində volatilik müşahidə edilir. Eyni zamanda, dünyanın aparıcı iqtisadiyyatlarından biri olan Çində birjalarda son qiymət azalmaları birmənalı şəkildə qlobal iqtisadiyyata təsir göstərir.
Ekspertin fikrincə, məzənnə müharibəsinin davam etməsi mərkəzi banklar üçün yeni və kifayət qədər çətin öhdəliklər formalaşdırır: "Bu da nəticədə qlobal iqtisadiyyata təsir göstərən faktorlardır. O baxımdan, 2019-cu ildə qlobal iqtisadiyyatın çətin olacağı gözlənilir. 2019-cu il qlobal əmtəə və valyuta bazarında volatiliyin yüksək olacağı il kimi proqnozlaşdırılır".
"Qlobal iqtisadi artım tempinin də azalacağı gözlənilir. Xüsusən inkişaf etməkdə olan ölkələrdə, hətta Çində proqnozlaşdırılan iqtisadi artıma nail olunacağı sual altındadır. Ona görə də 2019-cu ilin iqtisadi baxımdan çətin il kimi qiymətləndirilməsi ehtimal olunur. Bu da birbaşa fərqli bazarlarda volatiliyin yüksək olması ilə bağlıdır" - deyə o bildirib.
V.Bayramov təəssüflə qeyd edib ki, həm qlobal maliyyə böhranından, həm də 2014-cü ilin neft şokundan sonra qlobal iqtisadiyyatın tənzimlənməsi ilə bağlı real addımlar atılmayıb: "Digər tərəfdən, ticarət müharibələri qlobal iqtisadi böhranlar üçün bir növ baza yaradır. Xüsusən ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi qlobal iqtisadiyyata mənfi təsir göstərir. Bu da nəticədə 2019-cu ildə qlobal iqtisadiyyat ilə bağlı nikbin proqnozların verilməsinə şərait yaratmır. 2019-cu il nəinki mərkəzi banklar üçün, hətta inkişaf etmiş ölkələrin hökumətləri üçün asan olmayacaq. Çünki qlobal çətinliyin olacağını müşahidə edəcəyik".
İqtisadçının qənaətincə, aparıcı ölkələrin mövqeləri və ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin necə və ya daha tez başa çatması birmənalı şəkildə qlobal iqtisadiyyatdakı vəziyyətə təsir göstərir: "Xüsusən, ABŞ ilə Çinin münasibətlərindəki son dəyişmələr 2019-cu ildə qlobal iqtisadiyyatla bağlı nikbin proqnozlar verməyin mümkünsüzlüyündən xəbər verir".
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə öz növbəsində deyib ki, dünya iqtisadiyyatı çox dərin böhranın astanasındadır: "Səbəb dünyada borcun sürətlə artmasıdır. İlbəil borcun həcmi şişir, amma o qədər iqtisadi aktivlər, əmlak yoxdur. Bu, onunla bağlıdır ki, dünyada maliyyə bazarı real iqtisadiyyatı üstələyib və ondan həcminə görə bir neçə dəfə böyükdür. Yəni sabun köpüyü kimi şişib və bu, əvvəl-axır partlamalıdır. Texniki tədbirlərlə bunu uzada-uzada gedə bilərlər".
"Son nəticədə, məsələn, yaxın 5-7 ilə bu partlayacaq və dünyanı indiyədək görünməmiş çox dərin böhran yaxalayacaq. Düşünürəm ki, tarixi miqyas üçün elə də çox vaxt qalmayıb. Çünki indiyədək dünyada indiki kimi böyük "sabun köpüyü" olmayıb, yəni buraxılan pulların arxasında heç nə yoxdur" - deyə müsahibimiz bildirib.
Onun sözlərinə görə, bu "sabun köpüyü" 1970-ci illərin əvvəllərində şişməyə başlayıb: "1970-ci illərədək buraxılan pulların arxasında qızıl olub. Yəni nə qədər qızılın varsa, o qədər də pul buraxırsan. 70-ci illərdə ABŞ-ın təşəbbüsü ilə dünya o sistemdən imtina edib. O vaxtdan bəri də "sabun köpüyü" şişə-şişə gəlir".
"Bu işdə mərkəzi banklar günahkarlardan biridir. Çünki məhz mərkəzi banklar elə bu maliyyə sabun köpüklərinin şişməsi üçün şərait yaradırlar. Böyük ehtimalla mərkəzi bank institutu da dəyişəcək, indiki kimi olmayacaq" - Ə.Həsənov vurğulayıb.
Ekspertin qənaətincə, Azərbaycan maksimum şəkildə aktivləri ölkədə saxlamağa çalışmalıdır: "Çünki son nəticədə yalnız Azərbaycanın deyil, dünya ölkələrinin Qərb iqtisadiyyatına qoyduğu pullar itə bilər".
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun sədr müavini David Lipton qlobal iqtisadiyyatın üzərində fırtına buludlarının yığıldığını və hökumətlər ilə mərkəz bankların, bəlkə də, belə bir vəziyyətdən çıxış imkanlarına sahib olmadıqlarını açıqlayıb.