“Mərkəzi Bank neftin qiymətinin yenidən qalxacağına ümidlidir və nəticədə devalvasiya baş verməyəcək”.
Martın 9-da dünya birjalarında neftin qiymətinin kəskin şəkildə azalaraq, son 30 ilin minimumu səviyyəsinə enməsi qlobal gündəmin əsas mövzularından birinə çevrilib.
Bu məsələ neft ölkəsi olan və iqtisadiyyatında “qara qızıl”ın xüsusi yer tutduğu Azərbaycanda da yüksək həssaslıqla izlənilir.
Ölkə ictimaiyyəti neftin ucuzlaşmasının doğuracağı mümkün nəticələrin vətəndaşların həyat səviyyəsinə nə dərəcədə təsir göstərəcəyini öyrənməyə çalışır.
Hazırda neftin qiymətində müəyyən artım tempi müşahidə olunsa da, martın 9-na qədər olan vəziyyətin nə zaman bərpa olunacağına dair birmənalı fikir bildirmək çətindir.
Bununla belə, istər beynəlxalq, istərsə də yerli ekspertlərin əksəriyyəti neftin qiymətindəki kəskin azalmanın müvəqqəti xarakter daşıdığını əminliklə bildirirlər.
Neftin qiymətində gözlənilən sabitliyin nə vaxt yaranacağı haqda Yenicag.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənovun fikrincə, indiki halda narahatlığa qapılmaqdansa, proseslərin gedişatını izləmək daha məqsədəuyğundur:
“Nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiyməti böyük mənada Rusiya və Səudiyyə Ərəbistanının birgə razılaşmasından asılıdır.
Əgər bu ölkələr heç olmasa, 7-10 gün müddətində neft hasilatının azaldılmasına dair razılığa gəlsələr, o zaman neftin qiyməti yenidən qalxacaq. Bu halda neftin qiyməti əvvəl olduğu kimi 60 dollara çatmasa da, 50 dollar həddinə yaxınlaşa bilər.
Azərbaycana gəlincə, hazırda başda Mərkəzi Bank olmaqla, hər kəs gözləmə mövqeyindədir. Mərkəzi Bank neftin qiymətinin yenidən qalxacağını proqnozlaşdırır və bu yanaşma devalvasiya ehtimalının aktuallığını azaldır.
Ona görə də, indiki halda narahatlığa qapılmaqdansa, proseslərin gedişatını izləmək daha məqsədəuyğundur ”.