Axtarış...

Neft təhdid altında:2020-ci il "sürprizlərlə" gələ bilər - TƏHLİL



Dünya Bankının hesabatına əsasən, 2020-ci ildə dünya bazarında xam neftin orta qiyməti (Brent, WTI, Dubai) azalacaq.

Belə ki, 2019-cu il proqnozunda bir barelin qiyməti 60 dollar olduğu halda, 2020-ci ildə 58 dollara düşəcəyi gözlənilir. 2021-ci ildə isə xam neftin qiyməti 59 dollar/barel təşkil edəcək.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki,bir çox hallarda proqnozlar özünü doğrultmur, qarşıdakı aylarda neftin qiymətinin hansı səviyyədə olacağını demək çətindir:

“Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, digər neft bazarı ilə əlaqəli olan aparıcı bankların, eyni zamanda OPEC-in, aparıcı enerji şirkətlərindən olan BP-nin, Beynəlxalq Enerji Agentliyinin qlobal neft bazarlarının gələcəyi ilə bağlı verdiyi proqnozlar bir çox hallarda özünü doğrultmur. Bu qurumlar hər iki-üç aydan bir qlobal neft bazarları ilə bağlı proqnozlarını dəyişdirirlər. Çünki vəziyyət indi elə bir həddə çatıb ki, hətta 3 aydan sonra nə olacağını demək çətindir. Neftin qiymətinə, ümumiyyətlə, qlobal neft bazarlarına təsir edən faktorların sayı durmadan artır. Bunların arasında iqtisadi, geosiyasi faktorlar var. Eyni zamanda, OPEC-lə müttəfiq dövlətlərin, həmçinin OPEC-dən kənar dövlətlərin hasilat həcmlərinin və yaxud ixrac həcmlərinin artması ilə bağlı kifayət qədər fikir ayrılıqları mövcuddur. Bu baxımdan, qarşıdakı aylarda neftin qiymətinin hansı səviyyədə olacağını demək çətindir”.

Ekspert vurğulayıb ki, neft bazarında qiymət sabitliyinə nail olmaq üçün balans bərqərar olmalıdır:

“Neft bazarlarında balans qorunan zaman qiymət sabitliyinə nail olunur. Qiymət sabitliyi o deməkdir ki, artıq neft hasil edən və neft ixrac edən dövlətlər bazarı tənzimləyirlər və bazar öz tarazlığını saxladıqdan sonra neftin qiyməti də sabit qalır. Geosiyasi vəziyyət Yaxın Şərqdə, Latın Amerikasında dəyişən zaman neftin qiymətində sürətli artmalar müşahidə olunur. Halbuki buna heç ehtiyac yoxdur. Çünki neftin qiyməti tələbat artanda yüksəlir”.

Həmsöhbətimiz neft qiymətinə təsir edən başlıca faktorlardan birinin dünyanın iqtisadi göstəriciləri olduğunu qeyd edib:

“Eyni zamanda, ABŞ-la Çin arasındakı ticari müqavilənin hansı sonluqla başa çatmasından da çox şey asılı olacaq. Çünki hər iki dövlət dünyada potensial neft idxal edən dövlətlərdir. Məsələn, Çinin ortalama neft idxalı 2019-cu ildə 9 milyon bareldən yuxarıdır, hətta elə aylar olub ki, 10 milyon bareli keçib. Ortalama 2019-cu ildə Çinin neft idxalı 9.4 milyon bareldir. ABŞ-da isə ortlama neft idxalı 7 milyon barel civarındadır. Bu iki dövlət arasında ticarət müqaviləsi müsbət sonluqla başa çatmayacaqsa, onda bu, birbaşa dünyanın iqtisadi göstəricilərinə təsir edəcək. Bütün bu faktorlar isə neftə olan tələbatı aşağı salacaq. Belə olan təqdirdə neftin qiyməti təbii ki, aşağı düşəcək”.

Zəfər Vəliyev bazarı tənzimləməyə borclu olan dövlətlərdən də söz açıb:

“Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və digər dövlətlər bazarı düzgün tənzimləməlidirlər. Yəni həm hasilat sığortalarına əməl etməlidir, həm də neft ixracının həcmini nizamlamalıdırlar. Çünki bazara aqressiv təsir edən iki dövlət mövcuddur. Birinci ABŞ, ikinci isə Çindir. ABŞ neft idxal etməklə bərabər bazara böyük həcmdə həm xam neft, həm də neft məhsulları ixrac edir. ABŞ-ın son bir ayda neft və neft məhsulları ixracı gündəlik 8 milyon bareli keçib. Nəticədə gələn ildən neftin qiymətinin təhdid altına alan kifayət qədər faktorlar var. 2020-ci ildən yeni bir yanacaq növünün dövriyyəyə girmək ehtimalı yüksəlir. Gəmilərdə istifadə olunan yanacağın tərkibindəki kükürdün faizlə miqdarının 0.5 faizdən yuxarı olmasına artıq qadağa qoyulub. Halbuki bunker yanacağına gündəlik olan tələbat 3.5 milyon bareldən yuxarıdır. Bu, çox böyük rəqəmdir. Ona görə də gələn il yüksək kükürdlü neftə olan tələbat da bir az aşağı düşəcək. Bütün hallarda OPEC-lə müttəfiq dövlətlər və OPEC-dən kənar dövlətlər, hətta ABŞ, Norveç,Fransa qlobal neft bazarının tənzimlənməsində əvvəl-axır vahid mövqedən çıxış etməlidirlər. Bu, baş verməyəcəksə, qarşıdakı aylarda da neftin qiymətlərində sürətlə dalğalanmalar müşahidə edəcəyik. Bazarda tələb və təklif balansının tez-tez pozulduğunu görəcəyik. Mən düşünürəm ki, OPEC-lə müttəfiq dövlətlər bazarı düzgün tənzimləsələr, neftin qiyməti 60 dollar civarında qalacaq”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz