İnsanlar hər ilin sonu növbəti ildə bürclərinin onlara nə vəd etdiyi ilə bağlı maraqlanırlar.
Bu səbəbdən Open.az astroloq Səbuhi Rəhmlinin gələn il üçün bürclər üzrə astroloji proqnozunu təqdim edir.
Qoç: Qarşınızda elə bir il durub ki, malik olacağınız enerji ilə dağı dağ üstünə qoya biləcəksiniz. Bu istiqamətdə etibarlı dostlarınızın köməyini daha yaxından duyacaqsınız. Amma hər şeydən əvvəl buraxdığınız səhvlərdən nəticə çıxarmağı, günahlarınızı etiraf etməyi bacarmalısınız. Astroloji göstəricilər maddi durumunuzun ilin ilk yarısında daha qənaətbəxş olacağını bildirməkdədir. Tez-tez iş yerini (və ya iş üslubunu) dəyişəcəyiniz də gözlənilir. Hər halda nə baş versə də, karyeranızın yüksəlişinə xidmət edəcək. Peşənizdən asılı olaraq bu il məşhurlaşmaq, nüfuz qazanmaq imkanınız da olacaq. Yeni tərəfdaşlarınız sizi mövcud sıxıntılardan çıxaracaqlar. İl ərzində diş, bel və daxili orqanların nasazlığına əncam çəkin. Ulduzlar məhəbbət müstəvisində azacıq passivləşəcəyinizi bildirir.
Buğa: İlin elə ilk aylarında fəaliyyətinizlə bağlı böyük dönüş əldə edəcəyiniz gözlənilir. Düzdür, maddi gəlir sizin üçün qənaətbəxş olmayacaq, lakin lazımi zirvələrə yetişmək, nüfuz qazanmaq baxımından kifayət qədər səmərəli olacaq. İnsanlara obyektiv nəzərlərlə baxın ki, haqqı nahaqqa qurban verməyəsiniz. Əmin olun ki, hər ədalətli qərar və addımınız beş qat artıqlaması ilə qarşınıza çıxacaq. Unutmamalısınız ki, Qaban işgüzarlığı, səmimiyyəti və ədaləti sevir. Şəxsi büdcənizin durumu ilin ikinci yarısında sizi qane edəcək. Bu isə öz-özlüyündə əksər sahələrdə sizi problemsiz qoyacaq. Payıza doğru şəxsi həyatınızda, xüsusən də ailə-sevgi münasibətlərində uğurlu gedişlər etməyi bacaracaqsınız. Qan təzyiqini və oynaqlardakı ağrıları nəzərə almasaq, il boyu gümrah olacaqsınız.
Əkizlər: 2019-cu ildə dərk edəcəksiniz ki, siz heç də zəif fiqur deyilmişsiniz. Özünüzə inam, gücünüzə etibar hissiniz xeyli artacaq. Düzdür, yay aylarında və qışın sonlarında bəzi naxələf adamlar ucbatından geriləmələr olacaq, amma bu amil sizi əsas hədəfdən yayındırmayacaq. Onu da unutmamalısınız ki, Qabanın "hakimiyyətdə" olması sizi məhəbbət dəryasına atacaq. Necə deyərlər, subaylar yar tapacaq, nişanlılar evlənəcək, evlilər isə bir-birinə qarşı daha mərhəmətli olacaqlar.
Ulduzların düzümü sağlıq durumunuzun qənaətbəxş olacağını xəbər verir. Olsa-olsa, duzlaşmadan əziyyət çəkə bilərsiniz. Yeri gəlmişkən, bu il ən çox səfər və səyahət edənlər arasında bürcünüz ilk yerləri tutacaq. Bu isə passivliyinizi, daxili sıxıntılarınızı azaldacaq. Əsası odur ki, 2019-cu ildən xoş təəssüratla, başlıcası, yeni və sədaqətli dostlarla ayrılacaqsınız.
Xərçəng: Bu ilin sizin üçün ən əhəmiyyətli tərəfi odur ki, artıq dünyanın "cikinə-bikinə" bələd olacaqsınız: həyatın nəbzini tutacaq, uğursuzluqlarınızın səbəbini öyrənəcək, ətrafınızdakı insanları tanıyacaq, buraxdığınız səhvləri biləcəksiniz. Bu isə öz növbəsində mənfəət və nüfuz əldə etmək üçün sizə stimul verəcək. Bütün bunlar təxminən aprelin sonlarına qədər davam edəcək. Səhhətlə bağlı çətinlikləriniz ötən illə müqayisədə xeyli yaxşılaşacaq. Yazın ortalarından fəaliyyətinizdə şaxələnmə başlayacaq. Əgər gücünüz yetməsə, onların bir-neçəsindən əlinizi üzməli, daha səmərəli olanları ilə məşğul olmalısınız. Yüksək dairələrlə tanışlıq və ya işbirliyi qurmaq xeyli müvəffəqiyyətinizə səbəb olacaq. Ailə-sevgi münasibətlərində mövcud olan problemlərin əksər hissəsini özünüz yaratdığınız üçün məsuliyyətinizi dərk etməli, qarşı tərəfin ağıllı və real fikirlərinə hörmətlə yanaşmalısınız.
Şir: Ötən ili gərgin, lakin müəyyən qədər uğurlu keçirdiyinizi göstərən ulduzlar Qabandan xeyli razı qalacağınızı bəyan edir. Oğlaq və Əkizlər bürcünün hakim olduğu dövrlər istisna olmaqla 2019-cu ilin uğurları mütləq sizi müşayiət edəcək. Amma hər şeydən öncə bu il səhhətinizdə mövcud olan problemləri həll etməli, müalicələri gecikdirməməlisiniz. Əgər gümrah olmağı bacarsanız, yazın əvvəllərindən bağlı qalan qapılar üzünüzə açılacaq: həm fəaliyyət zəminində, həm maliyyə məsələsində, həm də qarşılıqlı münasibətlərdə uğurlarınız artacaq. Hətta peşənizdən asılı olaraq vəzifə pilləsində yüksələcəyiniz də gözlənilir. Əsası odur ki, astroloji göstəricilər gələn ili xeyli məmnun keçirəcəyinizi bildirir. Yeni dostlar qazanacaqsınız ki, onların sayəsində kifayət qədər irəliləyişlərə yetişəcəksiniz. Xəyanətkar dostlarınız da olacaq və belə hallarda onlardan uzaqlaşmaq üçün vaxt itirməyin.
Qız: İlk iki ayı nəzərə almasaq, bu il hər şeydən öncə maddi firavanlıq əldə edəcəksiniz. Aktivliyinizdən asılı olaraq borclarınızı, pula bağlı problemlərinizi kifayət qədər həll edəcəksiniz. Vəzifə pilləsində yüksəlmək üçünsə ilin ikinci yarısından yararlanın. Göy qübbəsi bu il siyasi arenaya müdaxilənizi, xaricilərlə iş birliyi qurmağınızı məsləhət görmür. Əks təqdirdə hər şey əlinizdə çıxa bilər, hətta məhkəmə qalmaqalları da mümkündür. Qaban öz "hakimiyyəti" dövründə qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik və şübhələrinizi xeyli azaldacaq. İş-güc başınızı elə qatacaq ki, şübhə və xofdan, qeybət və dedi-qodudan uzaq düşəcəksiniz. Üstəlik bu il yeni dostlar qazanacaq, az qala unutduğunuz qohumlarınızla doğma əlaqələri bərpa edəcəksiniz. Yeri gəlmişkən, yeni ev almaq (və ya təmir) üçün bu ilin əhəmiyyəti böyük olacaq.
Tərəzi: Bütün astroloji göstəricilər yeni ilə qayğısız keçəcəyinizdən xəbər verir. Çünki bəzi kəm-kəsirlər nəzərə alınmasa, vəfalı İtdən narazı qalmamısınız. Lakin başa çatmayan işləriniz də az deyil. Odur ki, nostalji hisslərə qapılmaqdansa uğurlarınızın sayını daha da artırmalısınız. Qış aylarında sağlıq durumunuz planlarınızın tam şəkildə həyata keçməsinə mane olsa da, özünüzdə güc tapmalısınız. Belə məqamlarda etibar etdiyiniz dostlara və doğmalara ümid bəsləyə bilərsiniz. İlin ilk beş ayında şəxsi büdcənizdə müəyyən problemlər olsa da, bu, sizi sıxıntılara məruz qoymayacaq, qısa desək, pulsuz qalmayacaqsınız. Fəaliyyət zəminində isə müəyyən redaktələr etmək zorunda qalacaqsınız. İlin ikinci yarısında isə zaman xeyrinizə işləyəcək. Ələlxüsus da münasibətlər zəminində vəziyyət müsbətə doğru dəyişəcək.
Əqrəb: Dəliqanlı və əsəbi xarakterinizdən əsər-əlamət qalmayıb. Çünki yaşadığınız illər tədricən sizi səbrli və müdrik edib. Əgər dinə riayət edirsinizsə, qarşınızda duran ilin perspektivləri daha böyük olacaq, xeyirxahlıq və şanslılıq özü sizi tapacaq. Düzdür, maddi durumunuz qənaətbəxş olmayacaq, amma qazandığınız mənəvi dəyərlər ümumi ovqatınızda xeyli ümidvarlıq yaradacaq. Ulduzlar il ərzində iki dəfə iş yerini dəyişəcəyinizi bildirir. Lakin bunun karyera əldə etməyinizə heç bir maneçiliyi olmayacaq. Bu il səfər və gəzintiləriniz də bol olacaq. Qazandığınız yeni və ləyaqətli dostlar sizi darda qoymayacaq, bir sözlə, özünüzü köməksiz və tənha hiss etməyəcəksiniz. Ailə-sevgi məsələlərinə gəlincə, bu barədə də bəxtiniz gətirə bilər. Sadəcə olaraq, seçiminizdə yanılmamalı, hər kəsə qəlbinizin səsini açıq-aydın və sübutlarla bəyan etməlisiniz.
Oxatan: Ötənilki qalmaqal və sınaqlardan sonra nəhayət ki, vəziyyətiniz qismən sabitləşəcək. Məsləhət görərdik ki, qarşınıza belə bir sual qoyasınız: bu vəziyyətdə, məhz indi mən hansı addımı atmalıyam? Əgər bu sualı cavablandıra bilsəniz, çətinliyiniz olmayacaq. Onu da nəzərə alın ki, öz səhvlərini ən az görən bürc məhz Oxatandır. Elə isə etiraf etməyi, üzr istəməyi bacarmalısınız. Təxminən Novruzdan sonra ötən ildən qalan maddi və mənəvi problemləriniz sürətlə əriyəcək. Bu istiqamətdə başlıca xilaskarınız məhəbbət olacaq. Konkret desək, Qaban ilində sevgi amili əsas enerjiverici qüvvənizə çevriləcək. Böyük biznesə girişmək, vəzifə pilləsində ucalmaq, nüfuz sahibi olmaq üçün 2019-cu ilin səmərəsi böyük olacaq. Hətta ola bilsin ki, fəaliyyətinizlə bağlı ölkədaxili və ölkəxarici səfərlərə də çıxasınız.
Oğlaq: Astroloji təyinatlar bu il əhəmiyyətsiz köhnəlikdən sağlam gələcəyə yetişəcəyinizi xəbər verir. Bunun üçün fəaliyyətdə və qarşılıqlı münasibətlərdə nüfuz qazanmağı bacarmalı, hər bir situasiyaya reallığın gözü ilə yanaşmalısınız. Yalnız bu halda martdan etibarən tale üzünüzə güləcək. Maddi firavanlığa isə ilin ortalarından etibarən qovuşacaqsınız. Köhnə dostlarınızla ilıq ünsiyyəti bərpa edin ki, daxili sıxıntılarınız azalsın. Bununla yanaşı ailə-sevgi münasibətlərində obyektiv davranış nümayiş etdirin ki, sizi sevsinlər. Həqiqətə ikrahla deyil, sevinclə yanaşın. Qaban ilində şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şansınız olacaq. Sizə elə işgüzar təkliflər ediləcək ki, bunu yalnız arzulamaq olar. Amma hər bir dəvətdən əvvəl öz məsuliyyətinizi dərk etməli, bacarmadığınız işlərə razılıq verməməlisiniz. İl ərzində məhdud şəkildə olsa da, maraqlı səfərlərdə iştirak edəcəksiniz.
Dolça: Qarşınızda kifayət qədər ciddi və sınaqlarla dolu bir il durur. Qalib çıxmaq üçün cəmi üç yolunuz olacaq: səbr, iman və çalışqanlıq. Hər şeydə Allaha sığınıb addım atsanız, heç bir sıxıntıya məruz qalmayacaqsınız. İlin ilk yarısında səhhətinizdə neçə ildən bəri mövcud olan xoşagəlməzlikləri aradan qaldırmağa çalışın. Bunun üçün müalicə götürmək, həkim nəzarətində qalmaq, hətta yeri gələrsə, əməliyyata da razılıq vermək olar. Çünki bütün hallarda qorxulu heç nə yoxdur və hər şey ovqatınızın yüksəlişinə xidmət edəcək. Ulduzlar bu il torpaq və ya mənzillə bağlı sevindirici xəbərlər də hazırlayır. Təxminən yaın ortalarından bunu özünüz də hiss edəcəksiniz. Çalışın ki, bu şansı əldən buraxmayasınız. Yeri gəlmişkən, il ərzində maddi durumunuzdan gileyiniz olmayacaq.
Balıqlar: Astroloji mənzərədən bəlli olur ki, Qaban ilinə yaxşı-yaxşı hazırlaşmısınız. Deməli, ötən il həyat təcrübəniz artıb və gələcək planlarınızı konkretləşdirmisiniz. Amma unutmaq olmaz ki, bu il böyük məqsədlərə yetişmək üçün layiqli tərəfdaşlarınız, etibarlı dostlarınız da çox olmalıdır. Üstəlik, siz heç də ətrafınızda baş verən bütün situasiyaları nəzarətdə saxlaya bilmədiyiniz üçün mütləq dəstəyə ehtiyacınız olacaq. İlin elə ilk aylarından şəxsi büdcənizdə nəzərəçarpacaq irəliləyişlər baş qaldıracaq. Bu isə pula bağlı olan problemlərinizin həllində əhəmiyyətli rol oynayacaq. Apreldən etibarən fəaliyyətinizdə dirçəliş əmələ gələcək, əgər avqustda gözlənilər təhlükələrdən qorunsanız, ilin sonuna kimi iş prinsipindən razı qalacaqsınız. Yeri gəlmişkən, yay aylarında özünüzü mütləq həkimə göstərin. Duzlaşma və qan dövranı ilə bağlı problemlərinizi həll etməyiniz vacibdir.