Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı məhkəmə, icra, sosial müdafiə(sizlik), sığorta dələduzluğu davam edir. Yaddaşlarda qalar, Nərimanov rayon məhkəməsinə, 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (BİİM ) icra sənədi olmadan yarıqat edilən pensiyasının bərpa edilməsi tələbi ilə müvafiq olaraq pensiyasını yeyən “Rəvan” sığorta şirkətinə, “yedizdirən” ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və sifarişçi Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinə qarşı (icra məmuru Vüsal Əliyev ) Qarabağ əlilinin 3 ayrı iddia qaldırması haqqında basında informasiya verilib. 1 və 2 saylı BİİM (hakimlər Miminat Hacıbəyova və Zaur Tağıyev ) iddianı cavabdehlərin məhkəməyə gəlmədən verdikləri sifarişlə mümkün saymayıb və Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası (sədrlik edənlər müvafiq olaraq Elmira Nağıyevə və Afaq Nuriyeva ) da bu saxta qərardadları qüvvədə saxlayıb . Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 1 saylı BİİM -in qərardadını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv edərək işi apellyasiya instansiyasına qaytarıb və Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində 1 BİİM -in qərardadını ləğv edərək işi yenidən baxılmağa 1 BİİM-ə göndərib. Lakin 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də 1 BİİM əlilin iddiasına baxmır. 2 saylı BİİM -in qərardadını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərardadını isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası (sədrlik edən Sevda Hüseynova ) dəyişdirmədən saxlayıb. Nərimanov məhkəməsinin hakimi Vüqar Quliyev isə 06.05.2019 tarixli qətnamə ilə Qarabağ əlilinin pensiyasını bərpa edib. Vurğuladığımız kimi bütün bu məhkəmə iddialarının predmetini saxta icra sənədi tərtib etməklə yarıqat edilən əlilliyə görə pensiyanın bərpa edilməsi tələbi təşkil edib. Di gəl, hər 3 məhkəmə bilərəkdən işə predmet üzrə baxmaqdan imtina edib. Nərimanov rayon məhkəməsi saxta icra sənədi əsasında Qarabağ əlilinin pensiyasının yarıqat edilməsini “İcra haqqında” qanunun 68.1.2 maddəsinə uyğun gəlməməsi nədəni ilə qanunsuz sayıb və tutulan məbləğin cavabdeh “Rəvan” sığorta şirkətindən iddiaçının hesabına ödənilməsini qət edib. İddiaçı Qarabağ əlili məhkəməyə saxta icra sənədi təqdim edilməsinə görə, bu sənədin sübutlar içərisindən çıxarılması və cavabdeh “Rəvan” sığorta şirkətinə qarşı cinayət işi başlanılması üçün xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında ərizə versə də, 6 aydır Nərimanov məhkəməsi ərizəyə baxmaqdan imtina edir. Hətta Məhkəmə Hüquq Şurası, digər bağlantılı qurumlar da rayon məhkəməsinin özbaşınalığına son qoymaqda acizdirlər. Xatırladaq ki, məhkəməyə daxil olan istənilən ərizə üzrə məhkəmə aktı qəbul edilməlidir. Nərimanov məhkəməsi isə hələ də özbaşınalığını davam etdirir və əlilin apellyasiya şikayətini də Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edir. Onu da vurğulayaq ki, məhkəmə sənədləri rəsmi qaydada verilməli olduğu halda, Nərimanov məhkəməsi bu tələbə də əməl etməyib. Amma cavabdehin müddətin keçməsi ilə verilən apellyasiya şikayətini iddia tərəfinə bildirmədən Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Elşad Şamayev olan , Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən ibarət heyəti də Mülki Prosessual Məcəllənin tələbinə əməl etməyib və hətta apellyasiya şikayətini iddia tərəfinə göndərib, 20 gün müddətində münasibət bildirməyi də gərəkli saymayıb. Qarabağ əlili yay dincəlişində olan çağ -29.08.2019 tarixli qətnamə ilə “Rəvan” sığorta şirkətinin şikayətini təmin edib ki, bəs əlillin pensiyasının yeyilməsi “İcra haqqında” qanunun 68.1.2 maddəsinə zidd olsa da, bununla cavabdeh şirkət Qarabağ qazisinə ziyan vurmayıb! (?) Özbaşınalığa fikir verin, dələduzluq yolu ilə savaş əlilinin pensiyasını yarılığına yeyən “Rəvan” sığorta bu yeməklə əlilə ziyan vurmur?! Elşad Şamayev və kollegaları da iddianın predmetini yox, cavabdehin məhkəməyə təqdim etdiyi 28.11.2016 tarixli Suraxanı məhkəməsinin (hakim Ramil Həsənov ) qanuni qüvvəyə minməmiş , yalnız ayaqyolunda istifadə etməyə yarayan “tualet qətnaməsi”ni əsas tutub. İşdə olan Ali Məhkəmənin 16.05.2017 tarixli ali və aşağı instansiyalar üçün məcburi qərarını isə görməzliyə vurub. Niyə? Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyü “tualet qətnaməsi”nin Konstitusiyanın 129 -cu maddəsinə əsasən icrasının məcburi olduğunu qət edib və ya savadsızlıqdan, ya da qeyri-prosessual münasibətdən qətnamənin qüvvəyə minməməsini unudub. MPM-in 15 -ci maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məcburidir. Eyni zamanda, axı, iddianın predmetini saxta icra sənədi tərtib etməklə xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilinin yarıqat edilən pensiyasının bərpası təşkil edir! Tutaq ki, aşağı instansiya qeyri-prosessual təzyiq nəticəsində özünü savadsızlığa qoyub və icra sənədinin olmadığına əhəmiyyət verməyib. Bəs yuxarı instansiyaya nə gəlib? Bu yekəlikdə kollegiya da bilmir ki, məhkəmə qərarı qüvvəyə minmədən icraya yönəldilə bilməz? Nə olsun, dələduz sığorta şirkəti məhkəmə qətnaməsi sifariş edib və buna nail olub! Axı, bu hələ onun qüvvəyə minməsi demək deyil! Və qüvvəyə minibsə, hanı bunun əsasında verilən, məhkəmənin möhürü ilə təsdiq olunan konkret tarixli icra vərəqəsi? Razılaşın ki, bu yekəlikdə kollegiyanın bu zırpılıqda özbaşınalığı görmək istəməməsi çox yekə qeyri-prosessual münasibətdən qaynaqlanır. Bu fikri Bakı Apellyasiya Məhkəməsinin sözügedən üçlüyünün Qarabağ əlilinə hüququndan dezinformasiya verməsi də sübut edir. Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn mütəşəkkil qaydada Qarabağ əlilini şantaj ediblər ki, kassasiya şikayəti versə, dələduzlara borcunu yaşadığı mənzilin satışa çıxarılması ilə alacaqlar.
Bu da, məhkəmə hüquq sistemində islahat dələduzluğu!
Qarabağ əlilinə Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov özünü yandırmağı hökm edir, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elşad Şamayev və kollegaları isə mənzilindən məhrum etməklə hədələyir! (?)
... Və hələ də kassasiya şikayəti vermək üçün Qarabağ əlilinə vəkil ayrılmayıb. ..
Məğrur Bədəlsoy
Teref.az