Axtarış...

Hər qarışı kafe-restoranla zəbt olunmuş MƏKAN - Obyektlər kənd sakinlərini necə çətin duruma salır...



Təbiət qoynunda istirahət etmək sarıdan Gəncə və ətraf bölgələrdə yaşayan insanların bəxti gətirib. Çünki şəhərin qızmar istisindən qurtulub sərin meşələrə üz tutmaq üçün cəmi yarım saat kifayət edir. Odur ki, Hacıkənd meşələri, eləcə də Göygöl ətrafındakı meşələr daim qələbəlik olur.

Qərb bölgəsində yaşayanların həftəsonu istirahətlərini necə keçirmələrini öyrənmək üçün üz tutduq Hacıkəndə. Gəncədən Göygölədək gözəl yol çəkilib. Hər tərəfdə səliqə-sahman hökm sürür. Göygöl rayonunun mərkəzindən çıxarkən ilk yetişdiyimiz məkan Aşıqlı kəndi oldu. Yay mövsümündə yol kənarlarında çörək, Azərbaycanın milli yeməkləri olan kətə və sair bişirib satan kənd sakinləri ilə görüşdük.

Diqqətə çatdıraq ki, bu ərazilərdə olan yaşayış məntəqələri - Aşıqlı, Yeni Zod, Bənövşəli, Göycəkənd, Çaykənd, Quşçu, Qarabulaq, Sarısu, Toğanalı və Əzgilli kəndləri Göygöl rayonunun inzibati ərazi vahidinə daxildirsə, Hacıkənd qəsəbəsi Gəncənin, "Göygöl” Dövlət Qoruğu isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir. İnsafən deyək ki, son illər Göygöl Rayon İcra Hakimiyyəti bu yolda yerləşən görkəmsiz məişət obyektlərinin götürülməsinə nail olmuş, yol kənarlarında fəaliyyət göstərən ticarət obyektlərində səliqə-sahman yaratmışdır. Hazırda kənd sakinlərinə bu ərazinin gözəlliyini qoruyub saxlamaq üçün ciddi nəzarət edilir.

Lakin bu ərazidə heç də hər şey gözoxşayan deyil. Yolboyu irəlilədikcə gördüyümüz mənzərə bizdə təəssüf hissi oyatdı. Belə ki, oturub dincəlmək üçün meşədə bir kvadratmetr də olsun belə boş yer tapmadıq. Hara getdiksə, ya ailəvi istirahət mərkəzləri, ya da kafe və çayxanalarla rastlaşdıq. Məcbur olub ailəvi istirahət mərkəzlərinin birində oturmalı olduq. Belə qərara gəldik ki, elə günorta naharımızı burada edək. Sonda deyilən hesab bizi təəccübləndirdi. Söylədilər ki, biz hələ insaflıyıq. Digər yeməkxanalarda bunun iki qatını alırlar. Sözümüz yoxdur, bazar iqtisadiyyatıdır! Kim necə qiymət qoyur, öz işidir!

Ümumiyyətlə, Hacıkənd meşələrində yeməkxana, çayxana əlindən tərpənmək olmur! Hara baxırsan, ictimai iaşə obyektidir. Kiçik bir ərazidə bu qədər yeməkxana olar?! Dedilər ki, meşələrdə ağacların qırılıb yerində obyekt tikilməsi üçün şərait yaradılmasına icazəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan departament verir.

Biz Hacıkənddə olarkən meşələrdə traktor səsi eşidilirdi. Görünür, bu proses bu gün də davam edir. Sual olunur, bu biabırçılıq nə vaxta kimi davam edəcək? Axı insanların istidən qorunmaq, daldalanmaq üçün təbiətin onlara verdiyi imkanı niyə əllərindən alırlar? Hər ailənin imkanı yoxdur ki, burada fəaliyyət göstərən və qiymətləri od tutub yanan ailə istirahət mərkəzlərinə getsin! Bu yeməkxanalarda müştəridən kim neçə istəyir, onu da alır. Heç yeməklərin qiyməti barədə müştəriyə məlumat verən "menyu” da yoxdur! Ödənən pulun qəbzi verilmir. Bu isə o deməkdir ki, gəlirlər gizlədilir!

Ərazidə antisanitariya hökm sürür. İçməli su problemi yaşanır. Göygöl Rayon İcra Hakimiyyətindən öyrəndik ki, bütün yeməkxanalar elektrik enerjisini rayonun kəndlərinə gedən yüksək gərginlikli elektrik xəttindən götürürlər ki, bu da kəndlərdə yaşayan sakinlər üçün təhlükədir. Təsəvvür edin ki, hər yeməkxanada 100 ədəddən çox lampa yanır, elektrik cihazları işləyir. Hacıkənddə isə təxminən 50-dək yeməkxana fəaliyyət göstərir. Bu o deməkdir ki, hər an qəza və açılmalar ola bilər ki, bunun da nəticəsində kəndlər işıqsız qalar.

Qeyd edək ki, Hacıkənddə ictimai iaşə obyekti işlətmək üçün icazə veriləndə bağlanmış müqavilədə həmin ərazidə tikinti işlərinin aparılmamasını xüsusi qeyd etməlidir. Ancaq icazə alan hər kəs həmin ərazidə elə işlər görür ki, tikinti işlərinə bərabər olur. Hətta cəmi bir neçə sot üçün müqavilə bağlayan şəxs həmin ərazidə hektarla yer zəbt edir. Bundan başqa, ərazidə elə şərait yaradılmalıdır ki, ora avtomobillərin girişi mümkün olmasın. Çünki qoruq ərazisinə daxil olan avtomobillər meşənin bitki örtüyünü sıradan çıxarır. Qaldı obyektlərin adlarına, bu sahədə də işlər ürəkaçan deyil. Məsələn burada çayxanaya "PELE”, yeməkxanaya "FLAMİNQO” və sair adlar veriblər.

Onu da qeyd edək ki, meşə ərazisi birilliyə icarəyə verilir. Ancaq biz Hacıkənddə olarkən "Həyat”, "Sevimli məkan” istirahət mərkəzlərində bunun əksini gördük. Xüsusilə "Sevimli məkan”da böyük bir ərazi zəbt edilərək 17 ədəd kottec, çoxlu sayda yardımçı binalar tikilmişdir.

Qeyd edək ki, "göllər tacı” Göygölü görmək çoxlarının arzusudur. Xüsusilə xarici turistlər bu yerlərin füsunkarlığına heyranlıqla tamaşa edirlər. Elə bu məqsədlə hər il minlərlə xarici turist bu ərazidə dincəlməyə üstünlük verir. İndi sual olunur: Hacıkənddə hökm sürən bu xoşagəlməz vəziyyət ölkəmiz haqqında hansı təəssüratı yaradır?!
Text-to-Speech

DİNLƏ






Şərh yaz