Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasına rəsmi səfəri çərçivəsində Çilinin xarici işlər naziri Roberto Ampuero ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı Çili xarici işlər naziri Roberto Ampuero azərbaycanlı həmkarının Çiliyə ilk rəsmi səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin möhkəmləndirilməsinə önəmli töhfə verəcəyinə əminliyini bildirib və Çilinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
Nazir Elmar Məmmədyarov iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iki ölkə arasında bu il 25 illik yubileyi qeyd olunacaq diplomatik münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Bu xüsusda, Azərbaycanda Çili Səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına yeni bir təkan verəcəyi diqqətə çatdırılıb.
Nazirlər iqtisadi-ticarət, təhsil, turizm, kənd təsərrüfatı, enerji, nəqliyyat, sərmayə qoyuluşu və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər.
Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb. Bu konteksdə nazir Elmar Məmmədyarov həmkarını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb.
Tərəflər arasında habelə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Nazir Elmar Məmmədyarov Çili tərəfinin Qoşulmama Hərəkatının cari ilin oktyabır ayında Azərbaycanda keçiriləcək sammitinə dəvət olunduğunu vurğulayaraq, Çilinin həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd edib.