Axtarış...

Yaxınlarda Qarabağda savaş başlaya bilər - Gözlənti

Yaxınlarda Qarabağda savaş başlaya bilər - Gözlənti


“Hamı işğal faktından danışır, amma o işğalçının adını çəkməməkdə ya cəsarətli, ya da səmimi deyillər. Bu səbəbdən də, postkoronavirus dönəmində Ermənistanda millətçilik və separatçılıq meyllərinin daha da güclənəcəyini demək olar, bunun ən az bir müddət ictimai şüurda hakim mövqedə duracağını söyləmək mümkündür”.

Professor Qabil Hüseynli belə deyib.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- ABŞ bu günlərdə bir sıra Yaxın Şərq ölkələrində yerləşən hərbi bazalarındakı qüvvələrini geri çəkməyə başlayıb, Suriyadan sonra İraqdakı bazalarının bir neçəsindən imtina edib. Bu proses davamlı olacaqmı, ABŞ yerini İran və ya Rusiyaya güzəştə gedə bilərmi?

- Hələ ki, ABŞ Əfqanıstan və Yaxın Şərqdəki hərbi qüvvələrini çəkməyə başlayıb. Ölkədə hökm sürən abı-havaya uyğun olaraq, hərbi xərclərin azaldılması ilə bağlı edilən çağırışlar, deyəsən, seçkiqabağı Trampa təsir göstərir. Digər yandan, koronavirusdan sonra ictimai-siyasi və iqtisadi münasibətlər sistemində ciddi dəyişikliklərin olacağı ehtimalı da, ABŞ-ı başqa bir strategiyanı seçməyə məcbur edir. Amerika sanki pandemiyadan sonrakı dövrə hazırlaşır. Amma bu kimi fikirləri rusiyalı politoloqların narahatlığı kimi də başa düşmək olar.

Məsələn, onlardan biri olan Trafimçuka görə, guya ABŞ koronavirusdan sonra “Ümumdünya hökuməti” qurmağı və dünyanın ümumi inkişaf meyllərini tam nəzarət altına almağı planlaşdırır. Bu kimi fikirlərdə subyektivlik kifayət qədər qabarıqdır. Sadəcə olaraq, ABŞ-la rəqabətdə olan bir dövlətin politoloqu və ya vətəndaşı məsələyə ənənəvi ştamplarla yaxınlaşdığından, burada böyük dövlətçilik siyasətindən doğan qısqanclıq özünü göstərir.

Amma o da bir faktdır ki, koronavirusdan sonrakı dövrdə regional münaqişələr birdəfəlik həll olunmasa da, gərginliyin azaldılması halları baş verəcək. Çünki qarşıdurma tərəflərindən biri olan ABŞ burada öz qüvvələrini azaldırsa, Rusiya da istər daxildəki iqtisadi böhran, istər neftin kəskin ucuzlaşması, istərsə də koronavirusun yaradacağı fəsadlara görə qlobal dünya siyasətində əvvəlki aktivliyini qoruyub saxlaya bilməyəcək. Üstəgəl, BMT və digər beynəxalq təşkilatlar təkidlə tələb edirlər ki, silahlanma və silahlı qarşıdurmaların miqyasını azaltmaq, mövcud münaqişələri isə dayandırıb məsələlərin dinc yolla həllinə meyli artırmaq lazımdır. Düzdür, bunların hamısı ehtimaldır, ayrı-ayrı subyektlərin fikirləridir, amma hər halda bu düşüncələr aparıcı meylə malik olmağa başlayıb. Demək ki, gələcəkdə ciddi ictimai rəyə çevrilə bilər.

- Qeyd edirsiniz ki, postkoronavirus dövründə bir sıra münaqişələrin həll prosesində dönüş yarana bilər. Ermənistan-Azərbaycan münaqişəsini də bura aid edirsiniz?

- Bu prosesdə silahlı münaqişənin yenilənməsi, isti müharibənin həlledici amilə çevrilməsi kimi nüanslar beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə qınanıla bilər. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi istisnaların olduğunu aydın görürəm. Bu məsələnin anatomiyası kifayət qədər aydındır: Ermənistan təcavüzkar tərəfdir, Azərbaycan ərazilərini işğal edib. Həmin ərazilərdə separatçı rejim qurmaqla yanaşı, burada etnik təmizləmə siyasəti aparıb. Təcavüz və etnik təmizləmə beynəlxalq hüquqda ən çox tənqid olunan məsələlərdir. Buna görə də dünya bu münaqişənin həlli üçün ya imkanlarını birləşdirib birmənalı istiqamət foralaşdırımalıdır, ya da koronavirusdan sonrakı dönəmdə Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq istiqamətində seçəcəyi həll yolu dəyişməz olaraq qalacaq. Bu da bölgədə yeni müharibə təhlükəsi, yeni münaqişə ocağının yaranması deməkdir ki, bu haqda qarşı tərəf və onu dəstəkləyən dövlətlər daha ciddi düşünməlidir.

Hamı işğal faktından danışır, amma o işğalçının adını çəkməməkdə ya cəsarətli, ya da səmimi deyillər. Bu səbəbdən də, postkoronavirus dönəmində Ermənistanda millətçilik və separatçılıq meyllərinin daha da güclənəcəyini demək olar, bunun ən az bir müddət ictimai şüurda hakim mövqedə duracağını söyləmək mümkündür.

- Bölgədə YPG/PKK terror təşkilatının Türkiyəyə qarşı fəallığı hiss olunur. Silahlı kürdləri Türkiyəyə qarşı kim qızışdırır: Rusiya, ABŞ, yoxsa görünməyən başqa bir qüvvə?

- PKK-nın qurucusu Sovet İttifaqı idi, ondan sonra da estafet Rusiyaya keçdi. Qənaətimə görə, Rusiya bu siyasəti bu gün də davam etdirir. Digər yandan, YPG-nin qucuları olmasalar da, bu təşkilatın fəallaşmasında ABŞ və bir sıra Qərb dövlətlərinin böyük rolu var. Ümumiyyətlə Ərdoğanın anti-qərb siyasəti Qərbin kürd separatçılarına dəstək verməsinə gətirib çıxardı. PKK-nın zəifləməsindən sonra Suriya Demokratik Qüvvələri adı altında birləşən kürd separatçıları başda ABŞ olmaqla həm Qərb, həm də Rusiyadan ciddi dəstək alırlar, bu, onların fəallaşmasının əsas səbəblərindən biridir.

Zənnimcə, koronavirus artıq PKK-nın da sıralarına keçib. Digər yandan isə Türkiyə həm YPG, həm də PKK-ya ölümcül zərbələr vurub, vurur. Türkiyə bu terror təşkilatlarının fəaliyyət dairəsini xeyli dərəcədə məhdudlaşdırıb. Məsələn, PKK sıralarından Türkiyənin hökumət qüvvələrinə təslim olanların sayı artıb. Bundan başqa, YPG də Suriyada Türkiyəyə qarşı mübarizə aparmayacağına dair müəyyən bəyanatlar səsləndirir.

Habelə bu qüvvələri neytrallaşdırmaq istiqamətində başda Məsud Bərzani olmaqla, İraq Kürd Muxtariyyətinin rəhbərliyi müəyyən addımlar atır. Hər halda kürd muxtariyyətinə Türkiyənin ciddi təsirləri var. Həmin kürd bölgəsində Türkiyə sərmayəsi böyük rol oynayır. Bərzani İraq hökumətindən çox, Türkiyə hökumətinə loyal münasibət bəsləyir. Başqa sözlə, kürd separatizmi öz mübarizəsini davam etdirsə də, onun perspektivlərini qaranlıq görürəm.


Daha çox xəbər

Şərh yaz