Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tərkibində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi bir gündə iki tender keçirib. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən birinin qalibi son zamanların “tender kralı” kimi tanınan “AzerMed” MMC olub.
Satınalma müqaviləsinə əsasən deputat Kəmaləddin Qafarovun şirkəti “Tibbi məsrəf və digər ləvazimatların satınalınması” üçün TSERA-dan 235.437 manat pul alacaq.
Tribunainfo.az xəbər verir ki, bir günün içində ikinci tender isə daha qəribə nəticə ilə sonuclanıb. Belə ki, TSERA “Tibbi tullantıların daşınması və utilizasiyası xidmətləri”ni “AZƏRFOOD-2007” MMMC-yə həvalə edib. Bunun üçün isə Agentlik 18.602 manat xərcləyəcək.
Məsələnin qəribə tərəfi odur ki, “Azərfood” MMC ölkədə elə adından məlum olduğu kimi, yemək bişirmə, çatdırma işləri ilə məşğul olur. Elə rəsmi qeydlərdə həmin şirkətin qida işində olduğu və bir neçə iri tenderlərin qalibi olduğu da aşkar şəkildə qeyd olunub. Şirkətin adının tərcüməsi də təsdiq edir ki, MMC tullantı və utilizasiya işinə baxmır. Çünki adı tərcümədə “Azəryemək” deməkdir.
Bundan başqa, Azərfood-2007 MMC-nin rəhbəri Rəşid Əlizadə barədə internet üzərindən aparılan araşdırma zamanı da aydın olur ki, o, şirkətinin ölkədə yemək üzrə ixtisaslaşmış bir nömrəli şirkət olduğunu iddia edir.
İşin bir başqa tərəfi də odur ki, “Azərfood” Ağcabədi və Şamaxıda da analoji tenderləri udub. Onlar həmçinin bir sıra idarə və müəssiəsələri yeməklə təmin etməyi də öhdələrinə götürüblər.
İndi sual olunur ki, ƏƏSMN yemək və qida işləri ilə məşğul olan və bu sahədə az-çox ad çıxarmış şirkətlə tullantıların daşınması və utilizasiyasını niyə satınalma müqaviləsi bağlayıb? Bu sual ona görə, yaranır ki, bu iki məsələ bir birindən çox fərqli sahələrdir. Hətta bir yerdə olması belə imkansızdır. Çünki qida işinin içinə tullantı məsələsinin qarışması, “Azərfood”un istehsal etdiyi yeməklərin güvənsiz olması barədə rəy yarada bilər.
Hər halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin bununla bağlı məntiqli açıqlaması var və sayt olaraq həmin açıqlamanı dərc etməyə hazırıq.
Tribunainfo.az