Gədəbəbəy rayonu, Novoivanovka kənd sakinləri Sultanov Barat Müseyib oğlu və Sultanova Rayisə Allahverdi qızı tərəfindən
“Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər evlərinin saxta yollarla satıldığını iddia edirlər:
“Biz, Sultanov Barat Müseyib oğlu və Sultanova Rayisə Allahverdi qızı, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.
5 ildir ki, rahatçılığımız yoxdur. Gədəbəbəy rayonu, Novoivanovka kəndində rus milləti yaşayan vaxtlardan bir ev almışıq. Lakin ev saxta yollarla başqa adama da satılıb.
Evin kupçası və arayışı var. Əlimizdəki sənədlərə baxmayaraq, məhkəmə evimizin əlimizdən alınmağına dair qərar verib. Saxta torpaq şəhadətnaməsi olan qarşı tərəfin xeyrinə qərar qəbul edib.
Apellyasiya Məhkəməsi də qərarı araşdırmadan, qüvvədə saxladı.
Nəticədə, 2 təqaüdçünü - yoldaşımı, məni, eləcə də 1-ci qrup əlil qızımı və hərbi xidmət vaxtı 2-ci qrup əlil olan oğlumu çölə atdılar. Çox əziyyətlər çəkdik, əziyyətlərə dözməyən qızım dünyasını dəyişdi. Həyatımız məhv oldu, dünyamız dağıldı.
Göz görə-görə saxtakarlığa yol veriblər. Belə ki, 2015-ci ildə ləğv olunmuş möhürü həmin torpaq şəhadətnaməsinə vurublar. Bir çox orqanlara müraciət etsək də, bu saxtakarlığı göz yumulur.
Onu da qeyd edim ki, oğlumun adına olan pay torpağını da, onun xəbəri olmadan adından çıxarıblar. Oğlumun əlində sənədləri var. Biz bu iki işimizdə də haqq-ədalət görə bilmədik. İllərlə əziyyət çəkib aldığmız evimizi qanunsuz yerə əlimizdən aldılar. Qərarı verən hakim ya sənədə ümumiyyətlə baxmayıb, ya da qarşı tərəflər aralarında alış-veriş olub. Çünki saxta sənədi təsdiqləyən hakim haqqında “ədalətli” sözünü demək olmaz.
Biz bu yaşımızda birinci evimizi, daha sonra balamızı itirdik. Səbəb isə qanunsuz, ədalətsiz qərar oldu.
Sizin qəzet vasitəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən xahiş edirik ki, hakimlərin qərarlarını araşdıran bir qurum yaradılsın. İnanın ki, bu zaman bir çox qanunsuzluqlar ortaya çıxacaq. Kimin adamı var, kimin pulu var, məhkəmələr hər zaman onların xeyrinə qanunazidd qərarlar qəbul edir. Başqa işləri bir kənara qoydum, bizim işimizdəki saxtakarlıq göz qabağındadır”.