Axtarış...

Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?


Banklar üçün 2024-cü ilin hələlik sabit keçdiyini demək olar. Hər halda 2023-cü illə müqayisədə sıradan çıxan maliyyə müəssisələri diqqət çəkmir. “Muğanbank”dan sonra acınacaqlı duruma düşən olmayıb. Üstəlik, gəlirlər də xeyli artıb. Bununla belə, banklarda əmanətlərin kəskin azalması müşahidə edilir. Əhali milyonlarla manatını hesablardan geri çəkir.
Bizimyol.info xəbər verir ki, martda banklar üçün arzuolunmaz ssenari yaşanıb. Banklardan 135 milyon manat depozitə faiz hesablanması dayandırılıb. Müştərilər depozitin müddətinin davam etməsini istəməyiblər. Banklar üçün olduqca böyük məbləğdən danışılır.

Əslində, kommersiya müəssisələri bu il xüsusilə xarici valyuta depozitləri üçün faizləri müəyyən qədər yüksəldib. Əvvəllər faiz 3-ü keçmirdisə, artıq 3,5 əmsalı gözə dəyir. Manatla olan depozitlərə isə faiz 12-yə yaxınlaşır. Banklar mümkün qədər müştəriləri depozit istiqamətinə inandırmağa çalışır. Lakin müştərilər tərəddüd içindədir. Hökumət hələ 2023-cü ilin sonlarında əhalidə panika yaradacaq addım atıb. Daha köhnə sayılan dollar əsginaslarından imtina edilməyə başladı. Əhali ciddi təşviş yaşadı. Hətta devalvasiya müzakirələri genişləndi. Bunun manatla olan depozitlərə təsiri az olmadı. İnsanlar pulunu dollara, avroya çevirməyə üstünlük verdi.

Bank sektoru depozitlərdən çox asılıdır. Bunu kommersiya müəssisələri üçün əsas gəlir istiqamətlərindən biri kimi səciyyələndirmək olar. Həm də Azərbaycanda bank sektorunun kiçik olması özünü göstərir. Bu sektor ölkə iqtisadiyyat ölçüsünün heç 30 faizini əhatə etmir. İllərdir banklara etimad artmır. Görünür, uzunmüddətli sabit yol keçilmədiyindən, əhali yetərincə etibar edə bilmir.

İnsanların narahatlığı göz qabağındadır. Onlar hökumətə, bank sektoruna, ümumilikdə ölkəyə güvənməkdə çətinlik çəkir. Ölkədən gedənlərin, getmək istəyənlərin sayı artır. Eyni zamanda depozit yerləşdirmək istəyənlərə vəsaitin mənbəyi haqda suallar xoş qarşılanmır. Əlbəttə, qanunsuz gəlirlərə imkan verilməməlidir. Amma məhz depozitin rəsmiləşməsi prosesində belə inzibati addımlar yolverilməzdir. Onsuz da şərtlər müştərilərə cəlbedici görünmür. Ölkədə daşınmaz əmlaka qoyulan pullar daha çox gəlir gətirir. İnsanlarda həm də buna əminlik yaranıb. Pulu evdə saxlamaq yaxşılığa doğru heç nə dəyişməyə bilər. Lakin daşınmaz əmlak yaxşı investisiya istiqaməti təsiri bağışlayır.

Yaxın gələcəkdə depozitlərə maraq bir az da azalacaq. İqtisadiyyat heç cür özünə gələ bilmir. Vəziyyətin yaxşılaşacağını gözləməyə dəyməz.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz