Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq və qalmaqallı sədri Rüfət Aslanlının bankı kimi tanınan “Bank Avrasiya” ASC-nin cari ilin 3-cü rübünün nəticələrini əks etdirən hesabatı göstərir ki, bankın bir sıra göstəricilər üzrə geriləməsi davam edir. Bu proses artıq 2 ilə yaxındır ki, müşahidə olunur.
Məsələn, istənilən bankın biznes fəaliyyətinin əsas meyarlarından biri olan əməliyyat mənfəəti “Bank Avrasiya”da 700 min manata yaxın, dəqiq desək, 689 min manat azalaraq, 8 milyon 409 min manata enib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faizə yaxın azalma deməkdir. Faiz gəlirinin azalması isə birbaşa olaraq, müştərilərə verilən kreditlərin azalması ilə əlaqədardır. Bunun da nəticəsi olaraq, 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın cəmi gəlirləri yarım milyon manata yaxın, daha dəqiq desək, 449 min manat azalaraq 9 milyon 651 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 10 milyon 100 min manat cəmi gəlir əldə etmişdi.
Cəmi gəlirlərin 449 min manat azalması ilə bərabər cəmi xərclərin 28 min manat azalması nəticəsində “Bank Avrasiya”nın əməliyyat mənfəəti 421 min manat azalaraq 4 milyon 226 min manata düşüb.
2019-cu ilin ilk 9 ayında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 1 milyon 699 min manat daxil olub və məhz bunun sayəsində “Bank Avrasiya”nın mənfəəti 5 milyon 926 min manata yüksəlib.
Bankın 30 Sentyabr tarixinə 164 milyon 387 min manat cəmi aktivləri olub və aktivlərin 90 milyon 39 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin eyni tarixində bankın cəmi aktivləri 164 milyon 765 min manat, o cümlədən müştərilərə verilən kreditlər 92 milyon 547 min manat təşkil etmişdi. Deməli, bankın cəmi aktivləri 378 min manat, kredit portfeli isə 2 milyon 509 min manat və ya 2.7% azalıb.
Bu yerdə bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, “Bank Avrasiya” hesabat dövrü ərzində biznes kreditlərini azaltdığı halda, istehlak kreditlərini kəskin şəkildə artırıb. Bank öz kredit portfelinin 59 milyon 794 min manatını biznesə ayırıb ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9 milyon 640 min manat və ya 14 % azdır. Əvəzində bank bu ilin 9 ayında 5 milyon 148 min manat istehlak krediti verib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 664 min manat və ya az qala 50% çoxdur. Xatırladaq ki, ölkə başçısı son iqtisadi müşavirədə bu məsələyə toxunaraq, bankların istehlak kreditlərinə üstünlük verməsini tənqid etmişdi. Göründüyü kimi, “Bank Avrasiya” da bu “prosesdə” fəal iştirak edən banklardandır.
Həmçinin bank ötən illə müqayisədə daşınmaz əmlak kreditlərini də artırıb. Belə ki, bank bu il 25 milyon 097 min manat daşınmaz əmlak krediti verib ki, bu da ötən illə müqayisədə 5 milyon 466 min manat və ya 27,88% çoxdur.
Lakin bütün bunlarla yanaşı, bankın real durumunu və perspektivini müəyyən edən əsas göstəricilərdən birində – depozitlərin həcmində ciddi geriləmə var. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Bank Avrasiya”da depozitlər 6 milyon 808 min manat və ya 13 faizə yaxın azalaraq, 46 milyon 888 min manat təşkil edib. Fiziki şəxslərin depozitləri isə əsl antirekord vuraraq, 10 milyon 460 min manat azalıb. Və nəticədə cəmi 37 milyon 974 min manat təşkil edib.
Bu nəticə onu göstərir ki, xüsusilə fiziki şəxslərin, yəni əhalinin banka münasibəti heç də ürəkaçan deyil və insanlar depozitlərini götürməyə başlayıblar. Bu məbləğin 10 milyon manatı aşması isə prosesin kifayət qədər kütləvi hal aldığına işarədir.
Bununla yanaşı qeyd edək ki, Azərbaycanda əsasən korporativ yönümlü bankların sırasında olan “Bank Avrasiya” bir müddət əvvəl fiziki şəxslər üçün depozit faizlərini həm manatda həm də ABŞ dollarında faiz dərəcələrini endirməli olub. Belə ki, bank bazarda 3 depozit məhsulu ilə çıxış edir və hər üç məhsulda ciddi azalmaya gedərək, depozit faizlərini aşağı salıb. Məsələn, “Yığım” depozitinin illik faiz dərəcəsini manatla 7% -dən 5% -ə, “Rahat” depozit məhsulunun isə illik faiz dərəcəsini milli valyutada 6%-dən 4%-ə, dollar depozitlərini isə 2 %-ədək endirməli olub. Təbii ki, bu da bankın çətinliklərindən xəbər verir və bankdan əmanətlərin çəkilməsinə təsirsiz ötüşməyib. Lakin qeyd edək ki, depozit faizlərinin azaldılması bir çox digər banklarda da həyata keçirilməsinə baxmayaraq, onların əksəriyyətində əmanətlərin belə kəskin şəkildə azalması müşahidə olunmayıb.
Onu da vurğulamağa dəyər ki, adətən ölkə bankları rəsmi hesabatlarda real durumlarını yaxşı göstərməyə çalışırlar və çox zaman hesabatlarda göstərilən rəqəmlərlə reallıq heç də üst-üstə düşmür.
Qeyd edək ki, rəsmən “Bank Avrasiya”nın Müşahidə Şurasının sədri Fuad Aslanlı Rüfət Aslanlının qardaşıdır və bu bankın maliyyə göstəricilərində geriləmələr, kiçilmələr məhz R.Aslanlı 2016-cı ildə vəzifəsindən azad ediləndən sonra müşahidə olunub. Bu fakt Azərbaycanın bank sisteminin ən böyük “özəlliklərindən” birini bir daha ortaya qoyur – ölkə banklarının taleyi onların məmur sahiblərinin taleyinə çox sıx şəkildə bağlıdır./azpolitika.info/