Axtarış...

Banklarımıza təkcə biz yox... - Xaricilər də etibar etmir...

Banklarımıza təkcə biz yox... - Xaricilər də etibar etmir...
Azərbaycanda bankların maliyyə vəziyyəti onsuz da ürəkaçan deyil. Rəsmi rəqəmlərə istinad etsək, hələ də banklar maliyyə böhranından çıxa bilməyiblər. Problemli kreditlərin həcminin sürətlə artması, kreditləşmə prosesinin zəif olması və əhalinin banklara olan etimadının itməsi yerli maliyyə qurumlarının işini kifayət qədər çətinləşdirib. Hələ 2015-ci ilin böhranından başlayaraq əhali banklardan əmanətlərini sürətlə geri çəkməyə başladı.

Xüsusilə də manat ekvivalentində olan əmanətlərin geri çəkilərək dollarla əvəzlənməsi maliyyə bazarında manatın mövqeyini ciddi şəkildə zəiflətmişdi. Manata qarşı təhlükələrin artması analoji prosesi yenidən gündəmə gətirib. Bu dəfə isə xarici vətəndaşlar yerli banklardakı əmanətlərini geri çəkməyə başlayıb. Belə ki, Mərkəzi Bankın qeyri-rezidentlərin banklardakı əmanətlərinin məbləğini açıqlayıb. Məlumata əsasən, ötən ilin noyabrında xaricilərin əmanətləri 84,6 milyon manat azalaraq dekabrın 1-nə 760 milyon manat təşkil edib. Bu müddətdə xaricilərin milli valyuta ilə əmanətləri 11,5 milyon manat artaraq 98,4 milyon manata çatıb, xarici valyuta ilə əmanətləri isə 96,1 milyon manat azalaraq manat ekvivalentində 661,6 milyon manat olub.

Hesabat dövründə fiziki şəxslərin əmanətləri 8 073,5 milyon manat təşkil edib ki, bunun da 7 313,5 milyon manatı rezident, 760 milyon manatı isə qeyri-rezidentlər tərəfindən yerləşdirilib.

Ekspertlər hesab edir ki, azalmanın başlıca səbəbi bəzi kommersiya banklarının manatla qoyulan depozitlərdə əmanət faizlərini aşağı çəkməsidir. Bu, xarici əmanət sahiblərinin vəsaitlərinin banklardan çəkməsində mühüm rol oynayır. İkinci səbəb isə, Azərbaycanda manatın gələcək taleyində neqativ tendensiyaların olması ilə bağlı gözləntilərin kifayət qədər çoxalması ilə bağlıdır.

Məlumdur ki, manatın məzənnəsi xarici faktorların təzyiqlərinə kifayət qədər həssasdır. Qonşu ölkələrdə, türk lirəsi, İran rialı, rus rublu, Qazaxıstan təngəsi, hətta Gürcüstan larisi ilə bağlı gedən proseslər bir müddət sonra manata mənfi təsirini göstərməyə başlayır. Nəzərə alsaq ki, bu ölkələr həm də Azərbaycanın ən önəmli tərəfdaşlarıdır, deyə bilərik ki, artıq manata psixoloji təsirlər hiss olunur.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə xarici vətəndaşların Azərbaycan banklarında olan əmanətlərini geri çəkməyin səbəblərini izah edib. O, bildirib ki, buna səbəb ötən ilin IV rübündə dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması olub:

“Tədqiqatlara əsasən, hazırda dünya birjalarında neftin qiyməti müəyyən dəhlizdə üfüqi dalğalanacaq. Əgər həcm indikatorlarında qeyri-adi dəyişikliklər olmasa, böyük ehtimalla neft qiymətlərində yüksəlmə trendini müşahidə edəcəyik. Əmanətlərini əsasən milli valyutada yerləşdirən qeyri-rezidentlərin vəsaitlərini banklardan geri çəkməsinin əsas səbəbi neft qiymətləri oldu. Onu da nəzərə almaq lazımdır ki, iqtisadçılarımızın ictimaiyyətdə təşviş yaradan fikirlər bölüşməsi də əcnəbilərin vəsaitlərini banklardan geri çəkməsinə təsir göstərir. Bu gün tam əminliklə deyə bilərik ki, növbəti devalvasiya gözlənmir və bundan irəli gələn qeyri-adi çətinliklər olmayacaq. Çünki Azərbaycan iqtisadiyyatı artıq adaptasiya dövrünü keçib. İqtisadiyyatımız 2015-ci ildə baş verən devalvasiyadan dəyən zərbədən sonra yaranan təlatümlərə uyğunlaşıb. Bundan sonra baş verən hadisələrə daha çevik reaksiya verib. Qeyd edim ki, həmin illərdə baş vermiş devalvasiya ilk növbədə bank sistemini yıxdı. Bu gün sağlam bazar reaksiya verir. Kapitalın geri çəkilməsi riskin diversifikasiya olunmasıdır. Yəni, investisiyanın kapital riskini azaltmaq üçün investor vəsaiti müxtəlif obyektlər arasında bölür, riskli vəziyyətin yarandığını hiss etdikdə vəsaiti geri çəkir. Bu yolla investor ehtiyatını saxlayır”.

Analitik qeyd edib ki, kommersiya banklarında manatla qoyulan depozitlərdə əmanət faizləri müxtəlifdir:

“2015-ci ilə qədər olan əmanət faizləri ilə hazırkı göstəricilər arasında azalma var. Banklar müxtəlif depozit faizləri təklif edə bilərlər. Doğrudur, milli valyuta ilə yerləşdirilən əmanətlərin depozit faizləri yüksəkdir, amma banklar xarici valyutada qoyulan əmanətləri aşağı qəbul edir. Manatla və xarici valyutada qoyulan əmanətlər arasında 3-4 dəfə fərq var. Manatla qoyulan əmanətlərə görə banklar aylıq 6-15 faiz, xarici valyutada qoyulan əmanətlərə görə isə aylıq 3 faiz təklif edirlər”.

Əmanətlərin geri çəkilməsinin banklara təsirinə gəlincə, Fuad İbrahimov deyib ki, istənilən halda banklardan depozitlərin, aktivlərin geri çəkilməsi onun fəaliyyətinə təsirsiz ötüşmür:

“Bankın fəaliyyəti onun maliyyə aktivliyindən asılıdır. Əlbəttə, bu, neqativ haldır, bankların fəaliyyətini, layihələrdə iştirakını məhdudlaşdırır. Ancaq fəaliyyəti dövründə banklar da, eləcə də iqtisadiyyat da belə arzuolunmaz məqamlarla qarşılaşır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz