Şabranlı sahibkar Mansur İbrahimovun sabiq deputat İlham Əliyevə qarşı məhkəmə iddialarından birinə də Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə baxılır. Sahibkar Mansur İbrahimov İlham Əliyevin qanunsuz sahibliyindən ona məxsus olan əmlakların geri qaytarılmasını tələb edir. Bildirir ki, İlham Əliyev əmlaklarını ona qaytarmamaq üçün qanundan sui-istifadə edir. İlham Əliyev məhkəmələrə əsassız iddialar verir. O iddia edir ki, Fərman Həmidlinin sədrliyi ilə keçirilən prosesdə İlham Əliyev qarşılıqlı iddia təqdim edib. Həmin iddia əsassız olduğundan məhkəmə təmin etməyib. İlham Əliyev isə hakimin verdiyi qərarla razı olmayıb, Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verib. Şabranlı sahibkar Mansur İbrahimov Musavat.com-a deyib ki, İlham Əliyev deputat olduğu günlərdə, 2011-2019-cu illər ərzində ona məxsus olan Şabran rayonu, Gəndab, Aygünlü və Dəvəçi kəndləri ərazisində yerləşən ümumilikdə 52 hektar bağ torpaq sahələrini özünün 400 hektar torpaq sahəsinə qataraq qanunsuz olaraq özününküləşdirib:
“2011-ci ildə İlham Əliyev Kərim Məmmədov və hazırda YAP Xaçmaz təşkilatının sədri olan Məhəmməd Balaqadaşov vasitəsilə mənimlə tanış oldu. O zaman mənə demişdilər ki, İlham Əliyev mənə şəriklik təklif edir. Şərti də budur ki, o, sərmayə qoyacaq, biz isə şirkətin genişlənməsini təmin edəcəyik. Söhbətimiz Kərim Məmmədovun bacısı Minavər Əsədovanın evində oldu. O zamanlar bəzi maneələr vardı, buna görə də İlham Əliyevin təklifi ilə razılaşmalı oldum. İlham Əliyev “Turaz” MMC-yə 50 faiz ortaq oldu. Lakin şərikliyimiz elə ilk gündən baş tutmadı. Çünki İlham Əliyev vəd etdiyi vəsaitləri şirkətə vermədi, əksinə, şirkətin mühasibatlığını məhv elədi. Deyirdi ki, mənə mühasibatlıq yox, “uçotçik” lazımdır. Mən isə bununla razılaşmırdım, deyirdim ki, hər bir manatın qeydiyyatı olmalı, mühasibatlığı aparılmalıdır. Uzun müddət münasibətlərimiz gərgin oldu, bağlardan yığılan meyvələrin satışı, hesabatı məndən gizlədilirdi. Bu işlərə Kərim Məmmədov və onun qaynı Zahir Ələsgərov baxırdı. Mən öz şirkətimdə sırf hüquqi hesabatlara nəzarət edə bilirdim. Ümumiyyətlə, mənə maaş belə verilmirdi. İlham Əliyev cibində deputat mandatı, qayınatası Ramiz Mehdiyevə güvənir, mənim sıfırdan qurduğum şirkəti beləcə ələ keçirmişdi. Ayın yarısından çoxunu Şabranda keçirir, hər gələndə başının dəstəsi ilə məclis qururdu. Məni öz şirkətimdə kənar bir şəxsə çevirmişdilər. Qanunsuzluqlarına etirazlarımı da qulaqardına vururdu. Açıq şəkildə məni həbslə hədələyirdi. Başa düşürdüm ki, şikayətlərimin heç bir nəticəsi olmayacaq. Ona görə də “Turaz” MMC-də İlham Əliyevin özbaşınalığı ilə bağlı heç bir şikayət etməmişdim. 2019-cu ilin avqustunda İlham Əliyev mənim digər şirkətim “Dostluq MK” MMC-yə də əl qoymağa çalışırdı. Görürdüm ki, həmin MMC-nin də bağ torpaq sahələrini ələ keçirəcək. Mənə təklif etdi ki, “Dostluq MK” MMC-dəki 50 faiz payımı ona 3 milyon manata satım. Düşündüm ki, şirkətin 50 faizini ona satmaqla vəziyyətdən çıxaram,digər sahələrdə işimi genişləndirərəm. Lakin o, alqı-satqı müqaviləsi ilə MMC-nin 50 faizini alsa da, pulu ödəmədi. Bu günə qədər də, mənə 3 milyon manatı ödəməyib. Hazırda bu işlər bağlı Ali Məhkəmədə əlavə kassasiya şikayətim var.
Bundan başqa Ali Məhkəmədə “Turaz” şirkətindəki şərikliyimizlə bağlı da şikayətim var. Şikayətin mahiyyəti budur ki, mən şirkətə 2 milyon 578 min 220 manat vəsait qoymuşam. Bu məbləği mən havadan demirəm, məhkəmə qərardadı əsasında təyin olunan məhkəmə mühasibatlıq ekspertizası müəyyən edib. İlham Əliyev həmin məbləği mənə ödəməlidir.
Sumqayıt Kommersiya Məhkəməsində İlham Əliyevə qarşı iddia tələbim budur ki, mülkiyyətimdə olan və “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə qanunsuz olaraq qatılan 52 hektar bağ torpaq sahəm mənə qaytarılsın. Ümumilikdə isə qanunsuz olaraq “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə mənə məxsus olan 83 hektar bağ torpaq sahəsi qatılaraq zəbt olunub. 52 hektar torpaq sahəsi dövlət reyestrində mənim mülkiyyətimdədir. Qalan 31 hektar isə müəyyən sənəd çatışmamazlığına görə tam olaraq mənim mülkiyyətimə qeydə alınmayıb. Buna görə də həmin 31 hektar torpaq sahəsi ilə bağlı hələlik iddia qaldırmamışam.
Sabiq deputat İlham Əliyev mənə qarşı çox böyük qanunsuzluqlar edib. Ümidim Azərbaycan məhkəmələrinə, Azərbaycan dövlətinə, dövlətimizin başçısı möhtərəm İlham Əliyevədir. İnanıram ki, Azərbaycan məhkəmələri nəhayət ki, mənim haqqımı bərpa edəcəklər.
Musavat.com