Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və Ramil Əliyev dərhal məhkəmə iclas zalından həbs edilib.
Qeyd: Rəsmi məlumata əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyevin işlədiyi dövrdə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul tələb edərək alıb.
Aparılan istintaqla Ramil Əliyevin öz qulluq mövqeyindən istifadə edərək ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmək məqsədilə onları Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalandan vədlər edərək ümumilikdə 21 500 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ramil Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.
Pravda.az