Axtarış...

Paşinyan üçün gerisayım başladı: Ya sülh, ya müharibə olacaq - İNCƏLƏMƏ

Paşinyan üçün gerisayım başladı: Ya sülh, ya müharibə olacaq - İNCƏLƏMƏ

Brüssel Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasının beynəlxalq hüquqa uyğun aparılmasına çalışır.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası artıq İcevan-Voskepar yolundan istifadə etmirlər. Voskeparda olan “Demokratik Birlik” partiyasının sədri Suren Petrosyan “Facebook” səhifəsində yazıb ki, Aİ-nin Ermənistandakı missiyasının müşahidəçiləri İcevan-Voskepar yolunu Azərbaycanın ərazisi hesab edirlər.

Bildirib ki, Aİ missiyasının müşahidəçiləri İcəvandan Voskepara Azərbaycanın işğal altında olan ərazilərindən keçən yol ilə yox, alternativ yolla gəliblər.

“Bir müddət əvvəl Avropa İttifaqı missiyasının müşahidəçiləri Voskeparda olublar və kənd sakinləri ilə söhbət zamanı məlum olub ki, onlar Voskepara çatmaq üçün 30 deyil, məhz 200 km məsafəni qət ediblər. Onlara sual verdim ki, Voskepara gəlmək üçün niyə bu qədər uzun yol qət ediblər? Bildirdilər ki, həmin qısa yol Azərbaycana məxsusdur və mübahisəli ərazidir.

Müşahidəçilər bununla izah ediblər ki, onlar qaydalar çərçivəsində fəaliyyət göstərirlər və Azərbaycanı heç bir şəkildə təxribata çəkmək istəmirlər. Bu təxribatın qarşısını almaq üçün onlar İcevandan Vanadzor vasitəsilə Voskepara gedirlər”, - deyə S.Petrosiyan vurğulayıb.

Partiya sədri qeyd edib ki, missiya Ermənistanın suveren ərazisini şübhə altına alır və Azərbaycan xəritələrini rəhbər tutur.

Maraqlıdır, Aİ missiyasının müşahidəçiləri artıq bölgədəki vəziyyəti real qiymətləndirməyə başlayıb?

İlk növbədə onu qeyd etmək lazımdır ki, Aİ-nin Ermənistandakı mülki missiyasının müşahidəçiləri Brüsselin təlimatları əsasında hərəkət edirlər və addımlarını onun qərarlarına uyğun atırlar.

Missiyanın son addımı, yəni İcevandan Voskepara getmək üçün qısa yol əvəzinə uzun yoldan istifadə etməsi məhz Aİ-nın rəhbər şəxslərinin birbaşa təlimatıdır.

Çünki Brüssel anlayır ki, Ermənistanın çıxarlarına oynamaq bölgədə hərbi-siyasi vəziyyəti daha da gərginləşdirir. Bu da Azərbaycanın adevkat addımlar atmasına səbəb ola bilər. Onu da vurğulayaq ki, Brüssel işğal altında olan səkkiz kəndin Azərbaycana qaytarılmasının tərəfdarıdır.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə keçirilən son üçtərəfli görüşdə ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ermənistan Baş naziri Nikol Paşinyana ciddi təlimatlar veriblər. Şübhəsiz ki, həmin təlimatlara Qazaxa bitişik dörd kənd – Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərinin dərhal boşadılması, digər dörd anklav kəndin müqəddaratının delimitasiya prosesi çərçivəsində həll olunması, o cümlədən ölkə Konstitusiyası və Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların ləvğ olunması üçün referendumun keçirilməsi kimi məsələlər daxildir.

Bu istiqamətdə mühüm nailiyyətlər əldə edildikdən sonra Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh sazişinin imzalanmasına yol açılacaq. Bu baxımdan ABŞ və Aİ-nin Ermənistanı Azərbaycana qarşı təxribatlar törətməyə sövq etməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır. Həm Vaşinqtonda, həm də Brüsseldə çox yaxşı başa düşürlər ki, Ermənistanın Azərbaycanla növbəti hərbi qarşıdurmaya təhrik edilməsi onların Cənubi Qafqazla bağlı planlarını alt-üst edə bilər.

Hər kəsə aydındır ki, Ermənistan növbəti qarşıdurmada da ağır şəkildə məğlub olacaq.Bütün bunları nəzərə alan Vaşinqton və Brüssel anlayırlar ki, hər hansı şəkildə irrasional siyasətin yürüdülməsi Paşinyan hakimiyyətinin mövcudluğuna ciddi təhlükə yaradacaq, həmçinin Azərbaycanı Qərbdən uzaqlaşdıracaq. Bu səbəbdən Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda daimi sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasında maraqlıdır. Yalnız bu, Qərbin regionda geosiyasi təsir imkanlarının artmasına münasib şərait yaradacaq.

Son zamanlar Azərbaycan-Ermənistan sərhəd ərazilərində hərbi-siyasi vəziyyətin gərginləşməsinə gəlincə, bəli, sərhədin Qazax, Tovuz, Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində erməni hərbçiləri Azərbaycan Ordusunun mövqelərini atəş təzyiqi altında saxlayırlar. Son beş-altı gündür ki, bu təxribatlar intensiv hal alıb. Bununla yanaşı, erməni tərəfi ölkəmizin sərhədinə yaxın ərazilərdə xeyli sayda canlı qüvvə və hərbi texnika toplayıb.

İki ölkə arasında sülh prosesinin intensivləşdiyi bir zamanda bölgədə bu kimi hadisələrin yaşanması təsadüfü ola bilməz. Sözsüz ki, iki ölkənin sərhəd ərazilərində vəziyyətin gərginləşməsinə yönələn addımlar və cəhdlər bir mərkəz tərəfdən koordinasiya olunur. Bu mərkəz də birbaşa Kremldir.

Nəzərə alaq ki, Ermənistanın hərbi elitasında və erməni ordusunda Rusiya rəhbərliyinə tabe olan və Rusiyanın kəşfiyyat qurumlarına xidmət edən ünsülər kifayət qədərdir. Eyni hal qeyri-qanuni erməni silahlı birləşmələri – “Voma”, “Yerkrapah” “Sasna Tsrer” və “Döyüş Qardaşlığı” kimi qruplaşmalarda müşahidə olunur. Hər iki tərəfdəki ünsürlər məhz Rusiyanın hərbi-siyasi dairələrinin təlimatlar əsasında hərəkət edirlər.

Kremlin bu məsələdə məqsədi Ermənistan ilə Azərbaycan arasında genişmiqyaslı hərbi qarşıdurma yaratmaq, Ermənistanı bu qarşıdurmada növbəti dəfə ağır məğlubiyyətə uğratmaq, nəticə etibarı ilə Paşinyan hakimiyyətinin mövcudluğuna təhlükə yaradacaq təlatümlərə yol açmaqdır.

Qərb də bunu bildiyindən Moskvanın planlarından ciddi narahatlıq keçirir. Yəni bölgədə eskalasiyanın kəskinləşməsi Qərbin yox, məhz Rusiyanın maraqlarına xidmət edir. Ona görə ki, Kreml Qərbin hərbi-siyasi güc mərkəzlərini – ABŞ, Aİ, Fransa və Böyük Britaniyanın Cənubi Qafqaza daxil olmasına və bu regionda təsir imkanlarını artırmasına imkan vermək istəmir. Rusiya hələ də Ermənistanı özünün geosiyasi qalası və Cənubi Qafqazı isə öz arxa baxçası hesab edir.

ABŞ və Aİ Ermənistan hakimiyyətini Azərbaycanla dialoqa təşvil etməklə və İrəvana maliyyə dəstəyini artırmaqla gələcək təhlükələrin qarşısını almağa çalışır.(Cebhe)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz