Axtarış...

DGK sədri ÜGT-yə üzv dövlətlərin gömrük xidməti rəhbərlərinə müraciət edib


MilliTV.az

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə sədr müavini Səfər Mehdiyev Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad olunması istiqamətində həyata keçirdiyi əks-hücum əməliyyatları çərçivəsində ölkəmizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün ÜGT-nin Baş katibinə, ÜGT Şurasının sədrinə, sədr müavinlərinə, Avropa Komissiyasının Vergi və Gömrük İttifaqının Baş direktoruna, ÜGT üzv dövlətlərin gömrük xidməti rəhbərlərinə müraciət ünvanlayıb.

Bu barədə “Report"a Komitədən məlumat verilib.

52 ölkənin təmsil olunduğu ÜGT-nin Avropa Regionuna rəhbərlik edən Azərbaycan gömrük xidmətinin göndərdiyi məktubda deyilir ki, artıq 30 ilə yaxındır Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti aparır.

Məktubda bildirilir ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etsə də, qarşı tərəf bu qətnamələrə məhəl qoymur. Əksinə, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradıb, qanunsuz fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti aparır.

Müraciətdə o da bildirilir ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə uzun sürən danışıqlar nəticə verməyib və Ermənistanın məqsədi işğala əsaslanan hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Ölkəmizin konstruktiv mövqeyinə zidd olaraq, Ermənistan rəhbərliyi təxribatçı bəyanat və addımları ilə danışıqlar prosesinə maneə yaradır, hətta bu ölkənin müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" ilə hədələyir.

Daha sonra müraciətdə qeyd olunur ki, bu il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayıb və Azərbaycan Ordusu qarşı tərəfin hücumunu dəf etmək, öz mülki əhalisini qorumaq üçün cavab tədbirləri görməyə məcbur olub.

Məktubda xüsusi vurğulanır ki, istər münaqişənin ilk illərində, istərsə də hazırda hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparılır.

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində bu günə qədər aralarında ikisi məktəbli olmaqla 19 mülki şəxs həlak olub, 55 mülki şəxs isə yaralanıb.

Komitə sədri müraciətində onu da diqqətə çatdırıb ki, regionda dayanıqlı sülhün bərqərar olması üçün Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmalıdır. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

"Biz beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq", - deyə müraciətin sonunda vurğulanıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz