İrəvan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasının 1974-78-ci illərində tərtib olunmuş xəritələri əsasında aparılmasını təkid edir.
Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 3-də parlament komissiyalarında ilkin büdcə dinləmələri zamanı deyib ki, Azərbaycan ilə Ermənistan arasında sərhəd ərazilərin delimitasiya və demarkasiya prosesi Sovet İttifaqının son xəritələrinə uyğun olaraq aparılmalıdır.
“Delimitasiya və demarkasiya prosesi sovet dövrünün ən son qanuni xəritələrinə əsaslanmalıdır. Bunlar 1974-1978-ci illərin xəritələr qrupudur, şərti olaraq 1975-ci ilin xəritəsi adlanır. Lakin texniki dəqiqliyi təmin etməyə çalışırıqsa, deməli, söhbət 1974-1978-ci illərdəki ayrı-ayrı xəritələr qrupundan gedir. Ümumilikdə isə, prinsipcə, SSRİ-nin dağılması dövrünün sərhədləri əsas götürülür”, - deyə Mirzoyan vurğulayıb.
Maraqlıdır, Azərbaycan Ermənistanla sərhəd ərazilərin delimitasiyası və demarkasiyasının hansı xəritələr əsasında aparılmasına üstünlük verəcək?
Məsələ ilə bağlı sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, postsovet ölkələrinin sərhəd məsələsində Alma-Ata Bəyannaməsi əsas prinsip kimi nəzərə alınıb:
“SSRİ dağılarkən bu ittifaqa üzv olmuş ölkələr arasında administrativ sərhədlər bu bəyannamə əsasında müəyyən olunub. Ermənistandan başqa bütün postsovet ölkələri bu sərhədləri qəbul edib.
Həmin zaman Ermənistan Azərbaycanla olan sərhədləri qəbul etmək istəməyib. Çünki o vaxtki Ermənistan hakimiyyəti Azərbaycan SSRİ-nin tərkib hissəsi olmuş “Dağlıq Qarabağı” özünün ərazisi hesab edirdi. Bununla bağlı, Alma-Ata Bəyannaməsində düzəliş edilməsini tələb edirdi. Amma o zaman İrəvan Gürcüstan və Türkiyə ilə sərhədləri əsas götürmüşdü.
Buna baxamayaraq, İrəvanın Türkiyəyə qarşı ərazi iddiaları vardı. Buna görə də hazırda bu məsələdə ciddi problemlər mövcuddur. Hazırki Ermənistan hakimiyyətinin təklifi bundan ibarətdir ki, hər iki ölkə arasında sərhəd ərazilərinin delimitasiyası və demarkasiyası 1974-78-ci illərində tərtib olunmuş xəritələr üzərində aparılsın.
Ermənistan hakimiyyəti və onun havadarları bu mövqeyi gücləndirmək üçün Qranadada bəyanat imzalayıblar. Fransa və Almaniya bu bəyanata dəstək verib. Azərbaycan isə bu məsələ barədə öz mövqeyini hələ açıqlamayıb.
Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi 1991-ci ildə ləğv olunub. Azərbaycanın təklifi ondan ibarət ola bilər ki, hər iki dövlətin sərhədləri 1920-ci il xəritələri əsasında müəyyən olunsun”.