Şirkətin Sumqayıtdakı yanacaqdoldurma məntəqəsində zavod buraxılış bakının tutumu 70 litr olan avtomobilə 84 litr benzin necə vurulub?
Dəfələrlədir bu məzmunda şikayətlərə rast gəlirik. Lakin nə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (adı o qədər uzundur, amma fəaliyyəti sıfır) monitorinq aparıb tədbir görür, nə də "Socar Petroleum" QSC-nın rəhbəri Abdulla Tağıyev bu hallara qarşı barışmaz mübarizə aparır. Bəs nə vaxta kimi bu belə davam edəcək?
***
Bu cür cavabsız suallardan, daha doğrusu, hadisələrdən biri Sumqayıt şəhər sakini, məcburi köçkün Nazim Orucovun başına gəlib. Şikayətçinin redaksiyamıza göndərdiyi şikayətini aşağıda təqdim edirik. Lakin bu şikayəti dərc etməmişdən əvvəl "Socar Petroleum" QSC-nın rəhbəri Abdulla Tağıyevin münasibətini öyrənmək üçün QSC-nin rəsmi elektron poçtuna göndərdik. Cavab verilmədiyindən və münasibət bildirilmədiyindən ictimailəşdirməli olduq.
Şikayətçi N.Orucovla da əlaqə saxladıq. O, qəzetimizə geniş açıqlama verərək şikayət ərizəsində yazdıqlarını təsdiqlədi.
zapravka
Beləliklə, şikayətçi yazır: ««Hörmətli «Təzadlar» qəzetinin rəhbərliyi. Bildirirəm ki, 28.02.2024-cü il tarixdə, saat 21:55-də AZ5000, Sumqayıt şəhəri, Bakı-Quba yolu, ev-28-ci km, sağ tərəf ünvanında yerləşən "Socar Petroleum" QSC-nın yancaqdoldurma stansiyasındakı 1 saylı pompanın 4 №-li tapaçasından idarə etdiyim 90 ZM 625 dövlət nömrə nişanlı «Mersedes 270 ML CDİ» avtomobilinin yanacaq çənini tam doldurmaq üçün sifariş verdim. Qeyd edim ki, 2001-2005-ci illərdə istehsal olunmuş bu avtomaşınların yancaq çənin tutumu zavod sənədlərində 70 litr təşkil edir. Yəni, zavod buraxılışında belədir, çən dəyişdirilməyib (Benzin vurularkən avtomobilin spidometrində 594 km yol qət etdiyim qeyd olunmuşdur). Təxmini hesablamalarıma görə, çəndə ən azı 8-10 litr yanacaq qalmalı idi, avtomobilin yancaq çəninə isə 60-62 litr yancaq vurula bilərdi. Ancaq pompanın sayğacında bu rəqəmin 83.75 litr olduğu qeyd edildi. Mən təəccüm qaldım və bu hadisə ilə bağlı «Socar- Petroleum" QSC-nın qaynar xəttinə zəng etdim, şikayətimi bildirdim. Aradan 1 saat keçməmiş həmin yancaq doldurma stansiyasının rəisi kimi özünü təqdim edən şəxs (adını unutmuşam) zəng edərək yancaqdoldurma stansiyasında yerləşən bütün pompalar və pistoletlərin Azərbaycan Respublikası Standartlaşdırma İnstitutunun mütəxəsissləri tərəfindən yoxlanıldığını, pompaların dövlət tərəfindən verilmiş menzurkalarla yoxlanıldığını, plomblandığını dedi. Sonda isə «Ona görə də bizim heç bir günahımız yoxdur…», -deyə bildirdi.
Hörmətli redaksiya! Mən ona sual verəndə ki, bəs necə olur 70 litr həcmə malik yancaq çəninə, özü də hələ bir içərisində ən azı, orta hesabla 8-10 litr yancaq olduğu halda, çənə 83,75 litr yancaq vurulur??? Sualım cavabsız qaldı. Odur ki, yuxarıda qeyd edilən məsələnin tərəfinizdən araşdırılmasını və bu məlumatların ictimailəşdirilməsini Sizdən xahiş edirəm. Sizə inanır və güvənirəm, obyektivliyinizdən, prinsipiallığınızdan məlumatlıyam.
Onu da deyim ki, mən artıq məhkəməyə sənədlər hazırlayıram və vəkillə müqavilə də bağlamışam, "Socar Petroleum" QSC-nın rəhbəri Abdulla Tağıyevi məhkəməyə verməyə hazırlaşıram. Qoy məhkəmə avtomobilimin çəninin ekspertizadan keçirilməsini təmin edərək yanacaqdoldurma məntəqəsində mənə verilən qəbzlə onun tutumunu müqayisə edərək vurulmuş maddi və mənəvi ziyanı ödətdirsin…».
Məsələ ilə bağlı "Socar Petroleum" QSC-nın saytında olan həm elektron poçtuna sorğu göndərdik, həm də 0125700901 telefon nömrəsinə zəng vurduq. Hələki nə telefona, nə də elektron sorğuya savab verilib.("Tezadlar")
Mövzuya qayıdılacaq.