Son günlər sosial şəbəkələrdə çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) yaydığı məlumatda bildirilir ki, bununla bağlı monitorinqlər aparılıb və çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.
Çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən “zavod çörəyi”nin qiymətinin süni artırılmasına yol verməmək üçün mütəmadi monitorinqlər aparılır.
“Dövlət qurumlarının bu açıqlamaları birmənalı olaraq əhalini sakitləşdirmək üçündür. Hökumət çalışır ki, “zavod çörəyi”nin qiymətinin artmağının qarşısını alsın və buna müvəffəq olur. Qiymət “zavod çörəyi”nin çəkisinin azaldılması hesabına saxlanılır. Əslində, bununla istehlakçılar əvvəlki qiymətə daha az çəkidə çörək əldə etməklə aldanırlar”, - aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə açıqlamasında belə deyib.
Mütəxəssis qeyd edirb ki, digər çeşiddə istehsal olunan çörəklərin qiymətlərində artım müşahidə olunur:
“Əvvəllər təndir çörəyi 50 qəpik idi, bir ay bundan öncə 60 qəpiyə qaldırdılar. Hazırda həmin çörəyin qiymətini 70 qəpik ediblər. Yəni keyfiyyətli çorək daha baha qiymətə satılır. Hətta çəkidə də böyük fərq var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti deyir ki, monitorinq aparırıq. Xalq da monitorinq aparır. Biz də çörəyin qiymətində bahalaşmanın olduğunu görürük”.
Ekspert hesab edir ki, benzin, dizel yanacağı və suyun qiymətinin artımı istehlak bazarında digər məhsulların bahalaşmasına səbəb olacaq:
“Benzin 11, dizel yanacağının qiyməti isə 33 faiz artıb. Suyun da qiyməti iki dəfə artırılıb. Dəyirman biznesi, çörək istehsalı ilə məşğul olanlar həm də istehlakçıdır. Onlar suyun, benzin və dizel yanacağının qiymətində baş verən artımı kompensasiya etməlidir. Çörəyin qiymətinin artımını önləmək üçün nəzərdə tutulan subsidiya isə kənd təsərrüfatı istehsalçıları üçün nəzərdə tutulub. Bunlar bir-biri ilə zəncirvari bağlıdır. Buğda yük maşını ilə daşınır. Çörək satış məntəqələrinə maşınlarla daşınır. Yanacağın qiyməti isə qalxıb. Kənd təsərrüfatı məhsulu istehsalçıları il ərzində yalnız dizel yanacağının qiymət artımından 69 milyon manat ziyana düşüb. İstehsalda istifadə olunan enerji daşıyıcılarının qiyməti qalxıbsa, bu, digər istehlak məhsullarının bahalaşmasına birbaşa təsir edəcək. Çünki dövlət kompensasiya vermir”.
Bu ilin əvvəlindən etibarən Tarif (qiymət) Şurası tərəfindən Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr' 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litrə 80 qəpik müəyyən edilib. İndiyədək bu markalı benzinin 1 litrinin qiyməti 90, dizel yanacağınkı isə 60 qəpik idi.
Həmçinin 2021-ci il fevralın 1-dən ölkədə bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
Daha əvvəl Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün bir kubmetr suyun qiyməti 35 qəpik, digər inzibati ərazi vahidləri üçün 30 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi ölkə üzrə bir kubmetr üçün 15 qəpik səviyyəsində olub.
0