Axtarış...

Azərbaycan benzin və dizel maya dəyərindən nə qədər baha satılır? - RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti qərarı ilə bugündən etibarən Azərbaycanda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bu isə o deməkdir ki, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 11,1% və ya 10 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 33,3% və ya 20 qəpik artırılıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda benzinin maya dəyəri rəsmi şəkildə açıqlanmır. Yalnız istehsalçı şirkətdən çıxış qiyməti (şirkətdaxili tarif) qeyd olunur. Hazırda 1 litr “Aİ-92” markalı benzin şirkətdaxili qiyməti 53 qəpiyə, dizelin şirkətdaxili qiyməti isə 48,9 qəpiyə bərabərdir.
Onu da bildirək ki, “Aİ-92” markalı benzin və dizel pərəkanda bazara daxil olana kimi şirkətdaxili qiymətin üzərinə müxtəlif vergi və rüsumlar əlavə olunur.
Hazırda “Aİ-92” markalı benzin şirkətdaxili qiymətinin üzərinə 42% aksiz vergisi (22,3 qəpik) və 1,3 qəpik təchizat (daşınma) tarifi əlavə olunur. Nəticədə satışa çıxarılan 1 litr benzinin şirkətdaxili qiyməti rüsumlar və təchizat xərclərilə birgə 76,6 qəpik olur.
Topdansatış məntəqəsində “Aİ-92” markalı benzinin 1 litrinin qiyməti üzərinə ƏDV (13,8 qəpik) əlavə edildikdən sonra 90,4 qəpiyə satılır. Bundan sonra topdansatış qiymətinin üzərinə isə hər litr üçün 2 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa verilir. Pərəkanda satışda isə “Aİ-92” markalı benzinin 1 litri bugündən etibarən 1 manat olacaq.
Dizelin şirkətdaxili qiymətinin üzərinə isə 18% aksiz vergisi (9 qəpik) və 1,5 qəpik təchizat tarifi əlavə olunur. Nəticədə topdansatış məntəqəsinə daxil olan dizelin 1 litrinin qiyməti 69,6 qəpik (ƏDV ilə birgə) olur. Topdansatış qiymətinin üzərinə isə hər litr üçün 2 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa verilir. Pərəkanda satışda isə dizelin 1 litri 80 qəpiyə satılır.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda benzini maya dəyəri açıqlanmasa da, xam neftin maya dəyəri açıqlanır. Belə ki, açıqlanan son məlumata görə Azərbaycanda hasil olunan (SOCAR tərəfindən) 1 litr xam neftin maya dəyəri 9 qəpiyə bərabərdir. Bu həm də o deməkdir ki, xam neftin 1 tonunun maya dəyəri təxminən 102 manata bərabərdir.
Onu da qeyd edək ki, 1 ton xam neftdən orta hesabla 0,21 ton benzin, 0,32 ton dizel istehsal olunur.
Rəqəmlərdən də göründüyü kimi, istehsal prosesi zamanı çəkilən xərcləri (daşınma, işçi qüvvəsi və s.) nəzərə almasaq dizel və benzinin 1 tonu üçün 190 manatdan (1 litr üçün təxminən 14-15 qəpik) artıq vəsait xərclənə bilməz.
Text-to-Speech

DİNLƏ






Şərh yaz