Axtarış...

Mikayıl Cabbarovun “İslahatçı Qanadları”, yoxsa təməlinə haram qatılmış ” SOCAR Petroleum”?

Mikayıl Cabbarovun “İslahatçı Qanadları”, yoxsa təməlinə haram qatılmış ” SOCAR Petroleum”?

Turantv.az: -Azərbaycan bir çox xüsusiyyətlərinə görə unikal ölkədir. Məsələn, burada iqtidar partiyasının əsas funksionerlərindən biri olaraq illərlə parlamentdə oturan şəxs “məni siyasətə qoşmayın” deyərək, jurnalistlərə müraciət edir. Yaxud ölkədə müharibə vəziyyəti olduğu bir zamanda Xarici İşlər naziri evdən işləyir.Əlqərəz məmurlarımız haqqında yazmaqla qurtarmaz. Sözlə deyiləsi deyil, sazla deyiləsidir bu söhbət.
Amma, ölkəmizdə bir məmur var ki, səhər işə Təhsil naziri kimi gedib axşam İqtisadiyyat naziri kimi qayıda bilir. Yaxud naharda SOCAR-ın Müşahidə Şurasının sədri kimi təqdim edildiyi halda gecədən xeyli keçmiş Tarif Şurasının sədri kimi qərarlar qəbul edir. O Sahibkarlığın İnkişafı Fondunu inkişaf etdirir, “Təmiz Şəhər” ASC-nin təmizliyini qoruyur, ölkənin tranzit yükdaşımalarını koordinasiya edir, dayanıqlı inkişafımızı əlaqələndirir, Qarabağ Dirçəliş Fondunu dirçəldir, Badminton Federasiyasına rəhbərlik etməklə idmanımızın inkişafına töhfələr verir. Necə deyərlər, onun qılıncının dalı da kəsir, qabağı da. Çünki Azərbaycan Qılıncoynatma Federasiyasının da sədridir.
Bəli, düz tapdınız, bu fövqəladə istedada malik olan və hərtərəfli fəaliyyətlə məşğul olan şəxs Mikayıl Cabbarovdur.

Onu ən azı 30 titulla təqdim etmək olar. Ölkənin bütün iqtisadi-siyasi sferasını əhatə edən sahələr demək olar ki, onun rəhbərliyi altında birləşdirilib. Verilən məlumatlara görə, hətta yazıçılar İttifaqında narazılıqlar başlanıb, mədəniyyət işçiləri küsüblər. AFFA-da af-uf edənlərin sayı çoxalıb, teatr xadimləri “olum, yaxud ölüm” dilemması qarşısında qalıblar. Hamısı da tələb edir ki, niyə bizim idarələrimizə Mikayıl müəllim rəhbərlik eləmir?

Deyirlər necə olur ki, cənab Cabbarov Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına, Dövlət Vergilər Xidmətinə, Dövlət Əmlak Xidmətinə , İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, “Azərlotereya” ASC-yə , Bakı Biznes Mərkəzinə rəhbərlik edə bilir, amma güldən-bülbüldən yazan binəva şairlərə, yaxud “ay canı yanmış” oxuyan sənət adamlarına rəhbərlik edə bilmir? İnsafən adamlar haqlıdır, artıq dünya birliyi də bu haqsızlığa susmamalıdır !
O nazirlər naziridir, amma Baş nazir deyil. Biz hələ xeyli əvvəl onun Baş nazir olmasını təklif etmişdik. Hətda bu barədə oxucularımıza yazı da təqdim etmişdik İnanırıq ki heç Əli Əsədov da buna etiraz etməz. Qalır bircə cənab prezidentin bunu rəsmiləşdirməsinə. Çünki belə getsə Mikayıl müəllim özü də bilməyəcək hansı işlə məşğul olacağını. Onu bu qədər ağır yükün altından xilas etməyin yeganə yolu elə Baş nazir təyin olunmasıdır. Xülasə, gələk əsas məsələyə. Son vaxtlar çox hörmətli Mikayıl müəllimin vəkalətliyi ilə dövlət strukturlarına qohum- əqrabadan ibarət yerləşdirdiyi məmurlar artıq kütləvi narazılıqlar yaradıb. O cümlədən məhşur jurnalist E. Fətullayevin fb səhfəsində paylaşdığı statusdan da bunu görmək olar
Statusu olduğu kimi dərc edirik.

“Mikayıl Cabbarov və qohumbazlıq (nepotizm)

Uzun illər ərzində Azərbaycan məmurlarını qohumbazlıq sindromuna görə tənqid edib ittiham edirdik. Hətta Nazirlər Kabinetini qeyri-rəsmi Qudalar Kabineti adlandırıb, nepotizmə – yəni, yaxın qohumların və dostların peşəkar keyfiyyətlərinə görə yox, şəxsi münasibətlərə görə irəliyə çəkilməsinə, eyham vururduq. Lakin cəmiyyətimizin həyatında islahat şüarı ilə Mikayıl Cabbarov peyda olundu. Əski sistemi viran etsə də, fəqət yeni siyasətin bəhrələrinin intizarındayıq. Amma intizar çox çəkdi… Səbrli millətik, gözləyərik!

Lakin diqqətimi çəkən odur ki, dövlət vəzifələrində, biznes institutlarında, iyerarxiyada Mikayıl müəllimin xeyli sayda qohumlarının peyda olunmasıdır. Hara ayağını basmırsan Mikayıl müəllim və ya onun qohumları üzə çıxır. Sual doğur – bəs bu istedadlı şəxslər niyə əvvəllər öz qabiliyyətlərini ifadə etmirdi? Nə baş verdi birdən-birə? Bu möcüzənin səbəbi və ya səbəbkarı kimdir və ya nədir?

Səbəb – nepotizm, səbəbkar isə Cabbarovlar klanının xaç atası Mikayıl müəllimdir. Özü də ki, bu hörmətli şəxslərin hamısı birdən-birə var-dövlətə sahib çıxıb, zəngin həyat sürdülər. Vicdanla danışsaq, heç Ramiz Mehdiyevin hakimiyyətdə bu qədər qohum-əqrəbası olmayıb… Bəs maraqların konflikti? Bəs nepotizm? Bəs islahat? Bəs abır-həya?

Mütləqi-hakim Cabbarovun xalası oğlu Elnur Əliyev elə iqtisadiyyat nazirinin müavini vəzifəsində, bacanağı Zakir İbrahimov Azərgoldun başında, dayısı oğlu Balaş Qasımov İTV-nin rəhbəri kürsüsündə, obirisi qohumu Camal Qasımov Vergilər Nazirliyində Vergi Auditi Departamentinin baş direktoru postunda…

Siyahını uzatmaq da olar. Məsələn, bu günlərdə Cabbarovun yaxın qohumu Abdulla Tağıyev “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsinə əyləşdirildi… Yaman proqressiv islahatçıdır bizim bu Mikayıl müəllim…”
Mikayıl müəllimin yaxın qohumu olan SOCAR Petroleum”un direktoru Abdulla Tağıyevdən haqlı narazılıqlar isə artıq pik nöqtədədir. Deyilənlərə əsaslansaq işə gücə həvəsi olmayan Abdulla müəllimi öz işçiləri təsadüfən yolda irzdə görsə tanımaz. O da bununla izah edilir ki, iş yerinin ünvanını unudan bu adam işə gəlmir. Zatən işə gəlməsinə belə ehtiyac qalmayıb.

Məşhur filmdə olduğu kimi, Kərbəlayi külli ixtiyarı Qəmloya vediyi kimi Abdulla müəllim də səlahiyyətlərini bacanağı İracəddin İsmayılov həzrətlərinə verib ki, bu adamın da Allahı yox, insafı yox, piri yox. Şəhid ailəsi, Vətən qazisi bilmir, ağına-bozuna baxmadan , yoxlamadan işçiləri işdən çıxardır. Özünü idarə etdiyi sahənin balaca padşahı hesab edən bu şəxs üçün qanunun aliliyi prinsipi pozula bilər. Lakin biriləri bu cənablara izah etsin ki, oturduqları rahat kresloların, yaşadıqları villaların xəmiri mayası şəhidlərimizin qanı ilə yoğrulmuşdur. Məgər Vətən müharibəsi iştirakçılarına qoyulan hörmət belə olmalıdırmı? Əgər nəzərə alsaq ki, İracəddin İsmayılovun ən böyük vəzifəsi bir bank filialının valyuta dəyişmə məntəqəsində sıravi bir işçi olub, olacaqları təsəvvür belə etmək çox çətindir.

“İslahatçı qanadın” nümayəndələri kimi vergidən qovulanları , barlardan, gözəllik salonlarından iş üçün “SOCAR Petroleum”a gətirilən kadrlar bu sahəyə yabançı olduqları üçün apardıqları ekspermentlərin acı nəticələrini təcrübəli mütəxəssislər yaşamaq məcburiyyətində qalırlar. Elə bu səbəbdəm Novruz bayramından az öncə Gəncə neft terminalında baş verən kütləvi narazılıqlar bunu deməyə əsas verir.
Hesab edirik ki, aidiyyatı qurumların bu sahədə ciddi yoxlamalar aparmasına zərurət yaranmışdır. Belə ki, araşdırılası məsələlər var ki, bazalarda yanacağın satışı zamanı artıq xüsusi qəbzlərin yazılması, məhsulu artırıb sonra saxta sənədlərlə mədaxil edilməsi, sonradan Bakı terminalında baha qiymətə satılması faktları hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülməli, hüquqi qiymət verilməlidir.
Mövzunu diqqətdə saxlayacağıq.

Rubrika. Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz