Türkiyə bizim üçün çox mühüm müttəfiqdir, eyni zamanda Cənubi Qafqaz regionu ilə sərhədləri olan yeganə müttəfiqdir və buna görə həm də bölgədə aparıcı aktordur. Bunu "armenpress"ə müsahibəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib. NATO Baş katibinin xüsusi nümayəndəsi qeyd edib ki, Türkiyə ilə hər mövzuda çox səmimi dialoq mövcuddur: "Türkiyə bilir ki, biz Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Düşünürəm ki, Türkiyə bu istiqamətdə irəliləyiş əldə etməyə hazırdır. Bilmirəm, ola bilsin, onlar həqiqətən də, əvvəlcə Ermənistan-Azərbaycan münasibətlərində müəyyən irəliləyiş gözləyirlər. Bu, yəqin ki, mülahizələrdən biri ola bilər, amma düşünürəm ki, onlar bu istiqamətdə irəliləməkdə həqiqətən maraqlıdır. Mən müttəfiqlərimizin xarici siyasətinin, daxili siyasətinin detallarına toxuna bilmərəm, amma biz bu haqda danışmışıq. Bu, baş verərsə, çox müsbət hal olar". Kolomina əlavə edib ki, NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini də dəstəkləyir: "Danışıqların ikitərəfli formatını dəstəkləyirik. Sonunda iki ölkə necə irəliləyəcəyinə qərar verməlidir. Hesab edirik ki, prosesin əsasını təşkil edən prinsiplər - suverenliyə və ərazi bütövlüyünə hörmət əsasdır". O qeyd edib ki, BMT Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmazsa, NATO tərəflər arasında mövqe tutmur.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və indiki mərhələsi birbaşa Azərbaycan faktoru ilə bağlıdır. Partiya rəhbəri vurğulayıb ki, qardaş Türkiyə məhz torpaqlarımızın işğal edilməsi amilinə görə Ermənistanla sərhədləri bağladı və diplomatik əlaqələri kəsdi:
"Türkiyə hələ işğal dövründə Ermənistan hökuməti qarşısında konkret tələblər qoymuşdu ki, Azərbaycanın əraziləri işğaldan azad olunmayandək ermənilərlə əlaqələr qurulmayacaq. Hətta bir neçə il öncə Qərbin təkidli tələblərindən sonra Ankara-İrəvan arasında Sürix protokolları imzalanmışdı. Ancaq bu sənəd ratifikasiya olunmadı və ləğv edildi. Təbii ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Azərbaycanla yanaşı, digər faktorlar da rol oynayır. Ermənistanın özünün də Türkiyəyə qarşı ərazi iddiaları var. Ölkə konstitusiyasında Türkiyəyə yönəlik iddiaları, saxta "soyqırım" məsələsi mövcuddur. İki ölkənin əlaqələrinin normallaşması üçün Azərbaycanla sülh sazişindən əlavə İrəvan hökumətinin atacağı addımlar var".
A.Əlizadənin sözlərinə görə, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin formalaşması birbaşa İrəvan hökumətinin mövqeyindən asılıdır:
"Ona görə də yaxşı olar ki, "tərəflər özləri qərar versin" deyən Qərb strukturları birbaşa İrəvana çağırış etsinlər. Çünki sülh prosesini irəliyə daşımaq və bunun fonunda Türkiyə ilə əməkdaşlığın qurulmasını reallaşdırmaq Ermənistan hakimiyyətinin qətiyyətli siyasəti ilə mümkündür. Ermənistan özü maraqlı olmalıdır. Sülh müqaviləsinin imzalanması ilə İrəvan həm Bakı, həm də Ankara ilə əlaqələrin qurulmasına nail olacaq. İndiki halda isə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasından söhbət gedə bilməz".