Azərbaycanda son vaxtlar valideynlər övladlarının tərbiyəsi ilə məşğul olan şəxslərə xarici dil biliyinin olması tələbi qoyurlar. Elan saytlarında dayə axtaran valideynlərin bəzisi rusdilli, ingilisdilli dayələrə üstünlük verəcəklərini qeyd edirlər.
Bəzi elanlarda isə dayənin başqa millətdən və ya xarici ölkə vətəndaşı olması şərti də qoyulur.
Elə bu günlərdə dayə kimi Bakıya çağırılan afrikalı qadın kimi…
Sadəcə, bu nümunənin pis tərəfi qadının ölkəyə gətirilib, sonra ondan imtina edilməsidir. Belə ki, internet vasitəsilə Bakıdakı dayə axtarışı ilə bağlı elana müraciət edərək paytaxta gələn qadın sonradan ailənin onunla işləməkdən imtina etdiyini deyib. Hazırda o, Bakıdakı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin qadın sığınacağında yerləşdirilib.
Birlik rəhbəri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında deyib ki, hazırda qadın iş axtarır, əgər qanuni şəkildə işə düzələ bilsə, qalıb işləyəcək:
“Əgər alınmasa dövlət qurumları qadını öz ölkəsinə qaytaracaq. Onunla əslində Dubay şəhərinə aid nömrə ilə əlaqə saxlanılıb, danışıqlar aparılıb, bura göndərilib. Burada isə qarşılayan qadın onu çağırmadığını deyib”.
Bu hadisə azərbaycanlıların niyə əcnəbi dayələrə üstünlük verməsini gündəmə gətirib. Hazırda ölkədə qadınların da işgüzarlığını, ictimiyyətdəki fəallığını nəzərə alsaq dayəyə tələbat yüksəkdir. Elan saytlarında həm dayə axtaranların, həm də dayə işləmək istəyənlərin sayı kifayət qədərdir.
Bəs əcnəbi dayə arzulamaqda məqsəd nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Musa Quliyev bildirib ki, bu, ailənin öz seçimidir:
“Əcnəbi və xaricidilli dayələrin seçimi valideynlərin istəyinə bağlıdır. Burada qanun pozuntusu da yoxdur. Ailələr bu cür seçimlərində azaddır”.