Sumqayıt şəhərində 2 saylı Şəhər Xəstəxanasında müalicə alan 66 yaşlı qadın intihar edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Publika.az-a açıqlamasında bildirib ki, qadın ayağında qanqrena yarandığına görə xəstəxanaya yerləşdirilib: "Məhrubə Əsgərova şəkər xəstəsi olub, həm də ürəyindən əməliyyat edilib. Ayağında qanqrena yaranmasına görə psixoloju vəziyyəti də yaxşı olmayıb. Oğlu və həyat yoldaşı onu xəstəxanaya yerləşdirib. Ailə həkimlərdən ona həm də psixoloji dəstək olmalarını istəyib. Həkimlər də qadınla bu istiqamətdə söhbət aparıblar. Qadın həm də əməliyyata hazırlanıb".
P.Abubəkirov bildirib ki, əməliyyatdan bir gün əvvəl qadın intihar edib: "Yanında hər zaman yaxınları olub. Əməliyyatdan bir gün əvvəl o, ayaqyoluna gedəcəyini bildirib. Ayaqyolunda pəncərəni açaraq oradan özünü atıb. Qadının ağrılara dözə bilməməsi və ya başqa səbəbdən intihar etməsi ilə bağlı Sumqayıt Prokurorluğu araşdırma aparır".