“ABŞ-yə aid “McDonald`s” kimi restoranlar şəbəkəsinin fəaliyyətinə məhdudiyyət qoyulmalıdır.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat bildirib ki, ABŞ yaratdığı beynəlxalq təşkilatların, eləcə də USAID-nin xətti ilə Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə təxribat törətmək, insanları qarşı-qarşıya qoymaq, rəngli inqilablar həyata keçirmək fikrində olub:
“Məqsədini bu gün də davam etdirir. Son illərin hadisələri göstərir ki, USAID ABŞ-nin milli təhlükəsizlik orqanları ilə əlaqəlidir və bilavasitə onların tapşırıqlarını icra edir.
Gürcüstanda dövlət çevrilişinə cəhd, orada USAID-nin möhkəmlənməsi deməyə imkan verir ki, müstəqil dövlətlərdə bu təşkilat yalnız təxribat, çevriliş məqsədi güdür. Çox yaxşı haldır ki, Azərbaycanda bu, baş verməyib, təşkilat dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Buna baxmayraq, USAID Azərbaycanda da mənfur məqsədlərini həyata keçirməyə təşəbbüs göstərib".
Həmkarına dəstək olaraq, fikirlərinə qoşularaq Milli Məclisin Deputatı Tahir Kərimlidə həmkarının fikirlərinə qoşularaq “McDonald`s” restoranlar şəbəkəsini tənqid edib:
““McDonald's” restoranlar şəbəkəsinin fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılması xırda məsələ kimi görünə bilər. Amma belə deyil. Gördünüz ki, İsrail-Fələstin müharibəsində nə qədər etirazlar oldu. "McDonald's" dünyadakı şəbəkələri vasitəsilə fəaliyyət göstərdiyi ölkələrin çoxundan daha artıq vəsait əldə edə bilir.
ABŞ-nin USAİD xətti ilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyi oldu. Bir neçə jurnalist faktlarla məsuliyyətə cəlb edildi. Hətta Qərb dövlətlərinin səfirləri belə Xarici İşlər Nazirliyinə çağırıldı, rəsmi xəbərdarlıq edildi. Bu, Azərbaycanın əlində nə qədər ciddi faktlar olduğunu ortaya qoyur. "McDonald's" Vətən müharibəsi dövründə bir dəfə də olsun, Azərbaycana dəstək vermədi. Halbuki Bakıda xeyli sayda filialı fəaliyyət göstərir. Hətta Rusiya sanksiyalardan əvvəl belə "McDonald's"ın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirmişdi”.
Sözügedən məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Cebhe.info”-ya bildirib ki, “McDonald's” KFC, Coca-Cola, Pepsi və digər şirkətlər qlobalistlərin əlində bir alətdir:
"Bu kimi şirkətlər hansı ölkəyə gedirsə, o ölkənin böyük vergi ödəyicisinə çevrilir. Hökümətin iqtisadi siyasiyətinə təsir edəcək bir amilə çevrilə bilir. O ölkələr ki, qlobalistlərin şirkətlərini ölkələrindən qova biliblər, o ölkələr heç də pis yaşamırlar. Misal olaraq, Malayziyanın timsalında bunu demək olar.
Müsahibimiz “McDonald's”-ların mətbəxindən də danışıb:
"Onların mətbəxində ət əvəzinə dairəvi dəmir kimi bərk formada olan sünü ətdən istifadə edirlər. O, xüsusi cihaz vasitəsi ilə hazırlanıb bişirilir. Ümümiyyətlə,
“McDonald`s” firmasının ətləri xaricdən gətirilir. Yerli bazardan ət alıb istifadə etmirlər. Bizim fikrimizcə, orada olan qidalar "arzuolunmaz" qidalar siyahısına daxildir".
Müsahibimiz bildirib ki, indiki zamanda “McDonald`s” və digər belə firmaları ölkəmizdən çıxarmaq asan deyil:
"Düzdür, müəyyən fikirlər səsləndirilib. Amma ölkəmiz onları çıxarmağa qadir deyil. Çünki müəyyən kontraklar imzalanıb, müəyyən əlaqələr yaradılıb, hökumətin iqtisadi siyasətinə təsir edə bilən amillər və digər məsələlər vardır. Lakin istehlakçı hüquqlarını qoruyan qurum olaraq mən də istəyərəm k, adının çəkdiyim şirkətlər istehlak bazarında olmasın".
Şəbəkə isə süni ət iddialarını qəbul etmir.
Şirkətin saytının "Siz soruşursunuz. Biz cavablandırırıq" bölməsində bildirilib ki, hamburgerlər 100% mal əti qiyməsindən hazırlanır, hamburgerlər üçün kotletləri isə təchizatçılar formalaşdırır:
"Təchizatçılarımız kotletləri 100% mal ətindən hazırlayıb tez dondururlar ki, onlar öz gözəl təravətini qoruyub saxlasınlar. Burgerlərimizə duz və istiotu restoranlarımızda onları qrildə bişirərkən əlavə edirik və beləcə, mal ətinin əla dadını üzə çıxarmış oluruq.
Burgerlərimizin hər biri 100% təmiz mal ətindən hazırlanıb, duz və istiotdan başqa heç nə – nə doldurucu, nə qatqı nə də konservant əlavə olunmadan bişirilir. Burgerlərimiz üçün cəmdəyin kürək, qabırğa və budtərəfi kimi hissələrinin doğranmış tikələrindən istifadə edirik. Onları xırda-xırda doğrayırlar və bu qiymədən hamburgerlər üçün kotletlər formalaşdırırlar".
“Çiken McNuggets”lərimizin tərkibində bəzi insanların "pink goop" və ya "pink slime" adlandırdığı məhlul yoxdur. “McDonald's” ilə əlaqəli "pink goop" və ya "pink slime" şəklini görmüşük. Düzünü desək, “McDonald's” ilə əlaqələndirilən bu görüntü uydurmadır. Onun haradan peyda olduğunu bilmirik, amma bu, bizim yeməyimiz deyil. Bu şəkil “Çiken McNuggets”imizin və ya menyumuzdakı hər hansı bir digər yeməyin hazırlanma prosesini əks etdirmir. “Çiken McNuggets”lərimizin hər biri toyuğun sümüksüz ağ ətindən hazırlanır, toyuğun döş əti, can əti və qabırğa ətlərindən kəsilir".