Axtarış...

Prezidenti hansı paytaxtlarda devirmək qərarı verilmişdi? - İLGİNC GƏLİŞMƏ

Prezidenti hansı paytaxtlarda devirmək qərarı verilmişdi? - İLGİNC GƏLİŞMƏ



Hərbi Qənimətlər Parkında çıxışı zamanı Prezident İlham Əliyev 18 il əvvələ tarixi ekskursiya edərək onu xarici güclərin devirmək planı olduğunu açıqladı. “Yeni Müsavat” yada salır ki, dövlət başçısı altından qırmızı xətt çiziləcək açıqlama verərək “bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik” söylədi. Amma Prezident hansı xarici paytaxtlardan söhbət getdiyini demədi, ad çəkmədi.

Sadəcə, məlumdur ki, o dövrdə siyasi çevrilişlər edən, rəngli inqilabları dəstəkləyən ABŞ və Qərb dövlətləri olurdu. İ.Əliyevi də həmin beynəlxalq dairələrin hakimiyyətdən devirmək niyyəti olduğu istisna deyil. Sitat: “2003-cü ildə hakimiyyətə gələrək, prezident vəzifəsinə başlayaraq, söz vermişdim ki, ərazi bütövlüyümüzü qoruyacam, bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu.

Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi. Halbuki təzyiqlər, təhdidlər olmuşdu, mənə qarşı çevriliş cəhdləri olmuşdu. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdi. Alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda narıncı inqilab təşkil etmək istəmişdilər. Artıq narıncı bantları başlarına bağlamışdılar, narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək idi.

Mən bunu qoymurdum, ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da narıncı inqilab dəbi var idi. Orada-burada inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu? İndi hər kəs bunu görür. Ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər. 17 ildir orada böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır. Yenə də xalq arxamda durdu, yenə də xalq müstəqil siyasəti dəstəklədi. Bütün cəhdlərə, təzyiqlərə baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim".

Prezidentin 2005-ci ildəki “narıncı inqilab” cəhdinə toxunması da o dönəmin hadisələrini gözlər önünə bir daha sərdi. Ölkə başçısı ad çəkməsə də, o dövrdə Ukrayna, Gürcüstan, Qırğızıstanda rəngli inqilablar baş vermişdi. Bu dalğanın ölkəmizə sıçrayacağı gözlənilirdi. Azərbaycan müxalifəti və iqtidar daxilində bəzi qüvvələr də narıncı inqilab ovqatında idilər.

2005 hadisələrində hakimiyyətin daxilindən dəstək verilən çevrilişi (keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və sabiq səhiyyə naziri Əli İnsanov) ABŞ dəstəkləmişdi. Hətta Amerikanın o, vaxtkı səfiri Rino Harniş buna görə vaxtından əvvəl vəzifəsindən getdi. Lakin müxalifət və nazirlərin inqilab ssenarisi reallaşmadı, F.Əliyevlə Ə.İnsanov həbsə göndərildilər. Əslində sonrakı dövrdə də inqilab üçün cəhdlər olub.

2011-ci ildə “ərəb baharı”nın yaratdığı impuls bəzi qüvvələri ruhlandırmışdı ki, inqilab baş verə bilər. Prezident məhz buna görə çevriliş olan ölkələrin böhrandan hələ də çıxa bilmədiyini söyləyir. Bəs siyasət adamları, ekspertlər necə düşünür, dövlət başçısı hansı güclərə eyham vurub?

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə Hərbi Qənimətlər Parkının açılışı bütün parametrlərinə görə müstəsna tarixi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu parkın açılışı dünya erməniliyinə və erməni faşizminə vurduğu ölümcül zərbənin möhtəşəm təqdimatı idi. F.Ağamalı qeyd etdi ki, Prezident təqdimatda qələbəni şərtləndirən amillər üzərində dayanmaqla yanaşı, torpaqlarımızın işğalda qalmasına çalışan qüvvələrin məkrli planlarını da açıq mətnlə diqqətə çatdırdı:

“Həqiqətən dünya erməniliyi və onları himayə edən qüvvələr Azərbaycanda marionet hakimiyyətin yaradılmasında çox maraqlı idilər. Hələ 90-cı illərin əvvələrində onların bu niyyətini xalqın dəmir iradəsini ifadə edən ulu öndər Heydər Əliyev alt-üst etmişdi. 2003-cü il seçkiləri ərəfəsində isə iki güc mərkəzi - Qərb və Rusiya öz əlaltılarını hakimiyyətə gətirmək istəyirdi. Qərb İsa Qəmbəri, Rusiya isə Ramiz Mehdiyevi Azərbaycan prezidentliyində görmək istəyirdi. Bu imkanlardan hər iki güc istifadə etməyə çalışırdı. Amma xalqın dövlətçiliyə, milli dövlətçiliyin banisi Heydər Əliyevə inamı və sədaqəti bu məkrli planı həyata keçirməyə qoymadı. Bütün varlığı ilə milli dövlətçiliyə, Heydər Əliyev siyasi irsinə bağlı olan İlham Əliyev xalqın dəstəyi ilə maneələri uğurlu aşıb prezident seçildi”.

Deputat vurğuladı ki, lakin Qərb yenə planından əl çəkmək niyyətində olmayıb, ən müxtəlif vasitələrlə öz adamlarını iqtidara gətirməyə çalışıb: “Qərb 2005-ci ildə Soros layihəsi olan ”narıncı inqilab"la öz marionetkasını hakimiyyətə gətirmək cəhdi etdi. Niyyət parlament seçkisi yolu ilə hakimiyyət çevrilişi etmək idi. Bu çevrilişdə hakimiyyət içindəki satqınlar da yer almışdı. Amma xalqın iradəsi və Prezident İlham Əliyevin qətiyyəti, müdrikliyi ilə həmin məkrli plan da reallaşmadı. Nəticədə milli dövlətçilik və müstəqillik qorunub saxlandı, zəfər savaşına gedən yol təmizləndi, 2020-ci il noyabrın 8-də tarixə şanlı səhifələr yazıldı".

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə hesab edir ki, Prezidentin hər sözünün arxasında fakt dayanır. Onun sözlərinə görə, Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanları Prezidentə dəqiq məlumatlar çatdırırlar. Ç.Qənizadənin fikrincə, Azərbaycan üçün həmişə təhlükə Qərbdən olub:

“Bəzən də ABŞ-dan dövlətin imicinə qarşı fəaliyyətləri qeyd etmişik. Ovaxtkı dövlət katibi Kerrinin fəaliyyətini yada sala bilərik. Ona görə də Prezident faktsız danışmır və dediklərində həqiqət var. Çünki bir zamanlar dünyada ”narıncı inqilab" prosesi başladılmışdı. Bunun arxasında bəzi Qərb dövlətləri və Soros Fondu dayanırdı. Xatırlayırsınızsa, Gürcüstanda, Ukraynada bu rəngli inqilablar reallaşdı, amma heç biri fayda götürə bilmədilər.

Sonra “ərəb baharı” adı ilə çevrilişlər başladı. Ard-arda hakimiyyət dəyişiklikləri oldu, amma heç bir xalq ağ günə çıxmadı. Ona görə ki, “narıncı inqilab”lar və “ərəb baharı” süni inqilablar idi, eksport idi, insanları aldadaraq hakimiyyətlərinə qarşı qaldırırdılar. Təbii olmayan proses isə məhvə məhkumdur. O baxımdan Prezident bu məsələləri deyəndə nə dərəcədə haqlı olduğunu göstərdi".

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Prezident Qərb ölkələrinin paytaxtlarını nəzərdə tutur. Onun fikrincə, onların içərisində ABŞ birinci yeri tutur: “Qərbin demokratiya adı ilə alver edən Paris, Brüssel və başqa mərkəzləri seçkilərin nəticələrini tanımaq istəmirdi. Avropa Şurası da canfəşanlıq göstərirdi. Avropa Komissiyası da çox təpkili idi, gündə bir bəyanat yayırdılar. Zaman sübut etdi ki, seçim doğru olub. Neft sazişləri, böyük iqtisadi layihələr, nəhayət, torpaqların işğaldan azad edilməsi göstərdi ki, İlham Əliyevlə bağlı xalq düzgün seçim edib”.

Q.Hüseynli qeyd etdi ki, indi Azərbaycan Qoşulmama Hərəkatının sədridir, Türk Şurasının başçısıdır: “Bakıda beynəlxalq konfransları, forumları keçirməklə ”Bakı prosesi" adlanan proses başladı və sayılıb-seçilən paytaxtlardan birinə çevrildi. Prezident demək istədi ki, o zaman haray-həşir salanlar ciddi şəkildə yanılıblar".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz