"The HALO Trust" təşkilatı 2000-ci ildən etibarən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda birtərəfli qaydada minalardan təmizləmə işləri həyata keçirməkdədir.
İlk dövrlərdə təşkilatın əsas donoru ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) idi. Bu ilin iyulunda ABŞ administrasiyası Azərbaycanın işğal altındakı torpaqlarında minaların təmizlənməsi işinə dəstəyini dayandırdı. Bu isə Ermənistanı və erməni lobbisini məyus etdi.
Amerikanın Erməni Milli Komitəsinin məlumatına görə, bir müddət əvvəl ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi maliyyələşmə barədə düzəlişə baxmayaraq, administrasiya maliyyə dəstəyini dayandırmağa çalışır.
“Bu, USAID tərəfindən maliyyələşdirilən proqramdır. Bu addım ciddi siyasi nəticələrə gətirib çıxaracaq”, - deyə məlumatda qeyd olunurdu.
Uğursuzluğa düçar olan Ermənistan diplomatiyası və erməni lobbisi qərarın yenidən nəzərdən keçirilməsinə cəhd edir.
Nəzərə almaq lazımdır ki, Ermənistan işğal etdiyi ərazilərimizdə də iqtisadi və demoqrafik problemlərlə üzləşib. Belə ki, Ermənistan Qarabağdakı əhali sayını qanunsuz məskunlaşdırma aparmaqla çoxaltmaq niyyətindədir. Yerevan Suriya, Livan, Liviya və İraqdan olan ermənilərin Qarabağda qanunsuz yerləşdirilməsi üçün müxtəlif şirnikləndirici vədlər verir.
Məsələ burasındadır ki, Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim əraziləri minalardan təmizləməyə məcburdur. Bu, həmin ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək baxımından işğalçı ölkəyə vacibdir. Ancaq bunu edəcək insan qüvvəsi və maliyyə resursları yoxdur.
2019-cu ilin yanvar-iyun aylarında işğal altındakı Dağlıq Qarabağda ciddi demoqrafik böhran müşahidə olunur.
Statistik rəqəmlərə nəzər yetirsək, görərik ki, 2019-cu ilin altı ayında Qarabağ erməniləri arasında doğum halları ötən illə müqayisədə 13 faiz azalıb.
Doğuş hallarının azalması regionda sosial-iqtisadi vəziyyətin çətinliyi və mühacirət halları ilə bağlıdır.
Ermənistan ABŞ-a ümid bəsləyir ki, pul ayrılsın və işğal edilmiş torpaqlar minalardan təmizlənsin.
Son günlərdə erməni diasporu Qarabağda minaların təmizlənməsini həyata keçirmək üçün yeni petisiya başladıb. Onlar ABŞ administrasiyasının qərarının yenidən nəzərdən keçirilməsinə çalışırlar.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Oxu.Az-a deyib ki, erməni lobbisi müxtəlif vasitələrlə ABŞ-dakı mənbələrdən pul qoparmağa çalışır:
"Bunun üçün müxtəlif bəhanələrdən istifadə edərək maliyyə almağa və diqqəti özünə çəkməyə cəhd edir".
F.Çıraqovun fikrincə, ermənilər, əslində, ərazilərin minalardan təmizlənməsi, sadə insanların kənd təsərrüfatı və digər ehtiyacları kimi humanitar mövzulardan iki məqsədlə istifadə edirlər:
"Birincisi, özlərinin məzlum və yazıq obrazlarını yaratmaqla əvvəllər həyata keçirdikləri və gələcəkdə edəcəkləri cinayətlərə haqq qazandırmaqdır. Ermənilər bu obrazın yaradılması üçün on illər sərf ediblər və fəaliyyətlərini bu cür təşəbbüslərlə davam etdirməkdədirlər".
Ekspert ikinci məqsəddən danışarkən qeyd edib ki, Ermənistan və erməni lobbisi bu cür təşəbbüslərlə Azərbaycan torpaqlarının işğalı, beynəlxalq hüququn kobud şəkildə pozulması məsələsindən diqqəti yayındırmağa çalışır.
Onun sözlərinə görə, ABŞ-dakı erməni lobbisi, xüsusilə Konqresdəki erməni qrupu ən fərqli formada qanun layihələri və təşəbbüslərlə humanitar mövzuları qabardıblar.
"Biz insanların ehtiyac və təhlükəsizlik məsələlərinin xüsusi qabardılmasının və vasitə kimi istifadə edilməsinin dəfələrlə şahidi olmuşuq", - deyə F.Çıraqov əlavə edib.