Axtarış...

Agentliyin icbari tibbi sığorta OYUNU – Xəstələri get-gələ salan BƏHANƏLƏRƏ son qoyulacaqmı?


2021-ci il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İki ildən çox müddət keçsə də, vətəndaşlar ölkə üzrə tətbiq olunan icbari tibbi sığortadan tam yararlana bilmir. Daha doğrusu bu xidmətdən istifadə etməyə çalışan vətəndaşlar İcbari Tibbi Sığorta Agentliyi tərəfindən incidilir. Hazırda bu sahədə narazılıqlar bitmir.

“Sizin xəstəlik sığorta paketinə daxil deyil” BƏHANƏSİ...

Narazılıqların çoxu isə sığorta paketi ilə bağlıdır. Bu gün əksər xəstəyə “sizin xəstəlik sığorta paketinə aid deyil” deyə bəhanələr gətirilir. Halbuki araşdıranda tibbi xidmətin icbari tibbi sığortanın xidmətlər zərfinə aid olduğu ortaya çıxır. Sübut etməyə çalışanda isə qarşı tərəf müxtəlif əsassız bəhanələr gətirir. Bəzən də xidmətlər zərfindəki bilgilərdən o qədər də məlumatlı olmayan vətəndaşlar bilərəkdən aldadılr. Bir sözlə əməkhaqqından tibbi sığorta üçün vəsait tutulan vətəndaş icbari tibbi sığortadan haqqı qədər yararlana bilmir. Daha doğrusu əngəllərlə qarşılaşır.

Agentlik vətəndaşın haqqı olan tibbi sığortasını niyə qarşılamır?

Bu günlərdə buna bənzər hal Sumqayıt sakininin başına gəlib. İnsult keçirən vətəndaş TƏBİB-in təcili yardım briqadası ilə Sumqayıt Tibb Mərkəzinə aparılıb. Xəstəxanadan bildirilib ki, müəssisəsdə xəstəyə tibbi xidmət göstərilməsi üçün lazım olan avadanlıqlar yoxdur. Bu səbəbdən ağır durumda olan xəstə yenidən təcili tibbi yardım briqadası ilə “Sumqayıt hospital”a aparılıb.

Hospitalda 4 gün statisionar qaydada yatırılıb və xərcləri öz hesabına qarşılanıb. Özəl tibb müəssisəsinin günlük qalma xərcləri baha olduğu üçün ailə icbari tibbi sığortadan yararlanmaq qərarına gəlib. Müvafiq qaydalarla hospitalın sığorta bürosu tərəfindən Agentliyə müraciət edib. Amma Agentlik xəstənin hospitalda aldığı xidmətlərin dəyərini qarşılamaqdan imtina edib.

Halbuki icbari tibbi sığortadan istifadə qaydalarıda qeyd olunub ki, təcili və təxirəsalınmaz hallarda tibbi yardım üçün vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa özəl tibb müəssisəsinə müraciət edə bilər. Burada vətəndaşa göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə, Agentlik tibbi xidmətin dəyərini qarşılayır.

Bəli, onu da araşdırdıq ki, xəstəyə göstərilən tibbi xidmət, yəni stasionar yatış icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Üstəlik “Sumqayıt Hospital” İcbari Tibbi Sığorta Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısına aiddir. Yəni bəhs etdiyimiz xəstənin icbati tibbi sığorta xidmətlərindən yararlanmaq hüququ var.

Nəticə etibarilə xəstəyə bu imkanlar tanınmayıb və əməkhaqqından tibbi sığorta üçün vəsait tutulan vətəndaşın haqqına girilib.

Maraqlıdır, dövlət tərəfindən İcbari Tibbi Sığorta Agentliyinə pul ayrılır. Vətədaşların əməkhaqqından, işlədiyi müəssisənin büdcəsindən pul tutulur. Bəs hanı bu vəsaitlər? Niyə aidiyyəti üzrə xəsrclənmir? Vətəndaşların haqqına niyə girilir?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyi hələki sorğumuzu cavablandırmayıb. Qurumdan Bizim.Media-ya bildirilib ki, məsələ ilə bağlı müvafiq departamentlərə məlumat verilib.

Həkimlərimiz tibbi sığortanı qəbul etmək istəmirlər...

Milli Məclisin deputatı Razı Nurullayev icbari tibbi sığortanın təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb:

“İcbari tibbi sığorta özünü doğrultmadı deyə bilərik. Amma başqa alternativ də yoxdur. Bütün dünyada icbari tibbi sığorta var və bizdə də tətbiq olunmalıdır. Söhbət icbari tibbi sığortanın daha da təkmilləşdirilməsindən gedir. Mənim özümə də icbari tibbi sığorta ilə bağlı xeyli müraciətlər olub. Hətta qarşılaşdığım problemlə bağlı birbaşa TƏBİB və Agentlik rəhbərliyi ilə əlaqə saxlamışam, məsələ həll olunub.

Hesab edirəm ki, ümumiyyətlə problem yaşanmamalıdır. Doğrudan da elə olub ki, vətəndaş xəstə valideynini dövlət xəstəxanasına aparır. Onlar onu müxtəlif bəhanələr altında başlarından edib göndərirlər.

Çünki icbari tibbi sığorta ilə bağlı olan xəstələr onlara maraqlı olmur. Azərbaycanda həkimlər əvvəllər başqa sistmlə çalışıblar və pulu birbaşa əllərinə alıblar deyə tam olaraq icbari tibbi sığortanı qəbul etmək istəmirlər. Nümunə üçün bir taksi çağırın və kartla ödəmək istəyin, sürücü dərhal imtina edəcək. Çünki qazancını birbaşa əlinə almaq istəyir. Bu gün xəstəxanalarda da eyni prinsipdir”.

Dövlət xəstəxanalarında tibbi avadanlıq çatışmazlığı gülməlidir...

Deputatın sözlərinə görə müasir dövrdə dövlət müəsissələrində hansısa tibbi avadanlıqların olmaması və ya işləməməsi gülməlidir:

“Dövlət xəstəxanaları daha yaxşı tibbi avadanlıqlarla təmin olunmalıdır. Əksinə özələ müraciət edənlər dövlət tibb müəssisəsinə göndərilməlidir. Bu baxımdan TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinə çağırış edirəm ki, bu məsələyə həm aydınlıq gətirsinlər, həm də həlli ilə bağlı işlər aparsınlar ki, vətəndaşlar çətinliklərlə üzləşməsinlər. İstənilən halda Azərbaycanda icbari tibbi sığortanın oturuşması üçün illər lazım olacaq”.

Qiymətlərlə bağlı ağır şərtlər qoyulub...

Deputat Rüfət Quliyev də icbari tibbi sığortanın əlçatan və rahat olması üçün dövlət xəstəxanalarının müasir tibbi avadanlıqlarla təchiz olunmasını vacib sayır:

“İcbari tibbi sığorta ilə bağlı ötən ilə nisbətən inkişaf var. Deməzdim ki, sıçrayışlı inkişafdır. Burada problem başqadır. Əgər dövlət xəstəxanalarını əsaslı təmir və təmin etsək, xüsusi cihazlarla təchiz etsək o zaman icbari tibbi sığortaya işləmək, eləcə də əhaliyə kömək etmək daha rahat olar.

Düzdür, bütün dünyada dövlət xəstəxanalarının normal fəaliyyəti ilə bağlı ciddi problemlər var. Amma o demək deyil ki, bu problemləri çözmək mümkün deyil. Məsələyə köklü surətdə yanaşmaq lazımdır. Özəl xəstəxanalarımızda isə vəziyyət müqayisəyə gəlməz.

Bu xəstəxanalarda qiymətlərlə bağlı ağır şərtlər qoyulub. Xəstə daxil olmadan ondan 5 min, 7 min və ya daha yuxarı məbləğdə depozit tələb etmək ağır şərtdir. Bəzən xəstə yaxını bu məbləği gecə tapıb xəstəxanaya verir. Fikrimcə, yeganə həll yolu dövlət xəstəxanalarının sürətlə təmiri və yeni avadanlıqlarla təchiz olunmasıdır”.

Digər deputatların da narazılığı...

Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da zaman-zaman icbari tibbi sığortanın təbiqində yaranan problemlərə toxunub. Onun sözlərinə görə narahatedici məqam icbari tibbi sığortanın xidmətlər zərfində 2500-dən çox xidmətin olması ilə bağlıdır. Çünki bir çox xəstəlik üzrə xəstələr uzun müddət növbə gözləyir.

Əhliman Əmiraslanov bildirib ki, elə klinikalar var ki, orada bəzi tibbi avadanlıqlar ya dayanıb, ya dayanmaq üzrədir.

Milli Məclisin deputatı Afət Həsənova isə icbari tibbi sığorta ilə bağlı həkimlərin qəsdən problemlər yaratdığını dilə gətirmişdi. O, bir sıra vətəndaşların onlar üçün lazımi tibbi xidmətlərin siyahıda yer almaması, bəzi vətəndaşların isə həkimlər tərəfindən qəsdən get-gələ salıb pul qazanması üçün icbari tibbi sığortadan yayındırdıqlarını qeyd etmişdi.

Alçina Amilqızı, Bizim.Media
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz