Axtarış...

Müayinə ödənişsizdirsə, arayış üçün niyə 40 manat TƏLƏB OLUNUR? - GİLEY



Ölkəmizdə tibbi arayışın verilməsi ödənişlidir. Hazırda poliklinikalarda sağlamlıq haqqında standart arayış üçün 40 manat tələb olunur. Bir müddət əvvəl başlanan bu proses vətəndaşlar tərəfindən narazılıqla qarşılanır.

İcbari Tibbi Sığorta Agentliyindən verilən məlumatda deyilir ki, sağlamlıq haqqında arayışın rəsmi qiyməti 40 manatdır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanı ilə TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir.

18 yaşdan yuxarı vətəndaşların sağlamlıq barədə arayışı ödənişlidir. Bu məsələ İcbari Tibbi Sığortanın səlahiyyətində deyil. Yalnız 18 yaşa qədər uşaqlar və hərbi xidmətə çağırılanlar tibbi arayış alarkən heç bir ödəniş etmirlər. Lakin, bir məsələ var ki, 40 manat sosial müdafiəsi zəif olan insanlar üçün izafi xərcdir.

Digər tərəfdən hər bir vətəndaşın istədiyi vaxt pulsuz müayinə olmaq hüququ var. Vətəndaş bu hüquqdan istifadə edirsə və müayinənin nəticəsində rəsmi bilgi istəyirsə, onda buna görə niyə pul ödəməlidir? Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədlinin mövqeyini öyrəndik.

Deputat Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı seçicilərindən də müraciətlər alıb:

“Bu sual hər kəsi maraqlandırır. Ona görə də əvvəlcə mövcud vəziyyəti, sonra isə məsələyə şəxsi münasibətimi bildrimək istəyirəm. İcbari tibbi sığortada sığorta hadisəsi deyilən bir anlayış var. Məsələn, xəstələnmək, zədələnmək və s. sığorta hadisəsi hesab edilir. Sığorta hadisələri icbari tibbi sığorta xidmətləri zərfinə daxildir.

Ona görə də bir sıra xəstəliklərin xərcini İcbari Tibbi Sığorta Agentliyi qarşılayır. Amma arayış almaqla bağlı sağlamlığın müayinəsi sığorta hadisəsi olmadığına görə bu xidmət xidmətlər zərfi paketinə daxil edilməyib.

Ona görə də sırf sığorta hadisəsi olmadığına görə tibbi arayış alarkən ödəniş tələb olunur. Yada salaq ki, stomoloji və digər xidmətlər də hələki icbari tibbi xidmətlər paketinə daxil edilməyib. Yəqin ki, bu və digər xidmətlər də zamanla xidmətlər paketinə daxil ediləcək. Onu da deyim ki, dünya praktikasına baxsaq görərik ki, tibbi arayiş əksər ölkələrdə ödənişlidir”.

Müşviq Məmmədli məsələyə subyektiv münasibətini də bildirib:

“Mənə elə gəlir ki, tibbi arayışın alınmasını da xidmətlər zərfinə daxil etmək olar. Bununla bağlı bir millət vəkili kimi təkliflərimi müvafiq qurumlara çatdıracam. Bu məsələyə yenidən baxılsa, yaxşı olar.

Çünki, bizim dövlətin əsas hədəfi əhalinin sosial müdafiəsini ən yüksək səviyyədə təşkil etmək, əhalinin sağlamlıq indeksini daha yuxarılara daşımaqdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz