Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 65 və yuxarı yaş qrupuna daxil olanlarla bağlı qərar verib.
Artıq həmin insanlar yüksək risk qrupuna aid edilməyəcək. Belə ki, qurum yenilədiyi risk göstərişlərində bu yaş qrupuna daxil olanları “orta risk” kateqoriyasına aid edib. Əvvəllər yüksək risk hesab edilən insanlar indi “orta risk” qrupunun tərkibində yer alıblar.
Bildiyimiz kimi, pandemiya dönəmində bütün dünyada 65 və yuxarı yaş qrupundakı insanlar yüksək risk qrupuna aid edildilər. Ölkəmizdə də həmin yaş qrupundan olan insanlarla bağlı müəyyən qərarlar verildi. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 100 nəfərin 3,2, 2021-ci ildə 100 nəfərin 3,4 faizini 65-69 yaş arasındakı insanlar təşkil edib. Müvafiq olaraq, həmin illərdə 100 nəfərin 4,1 və 4,2 faizinin isə 70 və yuxarı yaş qrupundan olan insanlar təşkil edib.
Cebhe.info ölkəmizdə pandemiya dövründə və ümumilikdə 65 və yuxarı yaş qrupundan olan insanlarla bağlı hansı qərarlar verildiyini təqdim edir:
*Ölkədə COVID-19 infeksiyasına görə 2020-ci ildə xüsusi karantin rejimi tətbiq edildi. Həmin il Nazirlər Kabineti tərəfindən martın 24-də ilk dəfə karantin elan edilərkən 65-dən yuxarı yaşı olanlara küçəyə çıxmaq qadağan olundu. Bu qərar 65 yaşı olan tibb işçilərinə aid edilməyib.
*Bu qadağaya görə həmin müddətdə 31 nəfər deputat parlamentin iclaslarında iştirak edə bilməyib.
*Bundan başqa, həmin il pandemiya yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb. Onların arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki sabiq generalı - Akif Çovdarov və Sübahir Qurbanov da var. Akif Çovdarov 12, Sübahir Qurbanov isə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.
*Ölkəmizdə 65 və yuxarı yaş həddindəki insanlarla bağlı ən önəmli qərar isə onların əmək fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluğunda çalışmanın yuxarı yaş həddi 65 yaşdır. 65 yaşla bağlı daha bir qərar isə təqaüdlə bağlıdır. Belə ki, hazırda ölkədə 65 yaşına çatmış kişilər təqaüd yaşına çatmış hesab olunurlar. 2027-ci ildə qadınlar üçün də yaş həddi 65 müəyyən olunacaq.
Qeyd edək ki, yaş həddinin artırılması 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər əsasında baş verir. Belə ki, kişilərin yaş həddinin hər il artırılması 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək davam edib. Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla davam edəcək. Yəni 2027-ci ildə həm qadınlar, həm də kişilər üçün yaş həddi 65 olacaq.(Cebhe.info)