“Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın yazılması üçün 1 178 672 manatlıq müqavilə imzalanıb.
Bu haqda məlumat Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib.
Sifarişçi Qarabağ Dirçəliş Fondudur.
Müqavilə “Media Prima Advertising” Dubayda qeydiyyatdan keçmiş reklam şirkəti ilə imzalanıb.
Satınalmanın detalları barədə məlumat verilməyib.
Meydan TV-nin əməkdaşı Qarabağ Dirçəliş Fondu ilə əlaqə saxlayıb.
Qurumdan məsələ şərh olunmayıb.
“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hesab edir ki, bir kitabın xərclənməsi üçün bu qədər vəsaitin xərclənməsi real görünmür.
Naşir Meydan TV-yə deyir ki, kitaba xərclənəcək məbləğlə bağlı ətraflı məlumat verilməlidir:
“Kitabın çapına, yazılmasına və tərtibatına nəzərdə tutulan xərclər detallı açıqlanmalıdır. Kitab bahalı ola bilər. Kitabı yazan müəllif kimdir? Bəlkə, Den Braundur? Olmaya, kitabı dünya miqyasında kitabları çox satılan Coan Roulinq yazacaq? Yoxsa Aqata Kristi dirilib gəlib, bu kitabı yazacaq? Heç bir halda bu qədər məbləğ mümkün deyil. Bu vəsait bir kitab üçün fantastik rəqəmdir”.
Yazar Şərif Ağayar da Meydan TV-yə bildirib ki, kitab nəşri üçün belə rəqəmin müəyyənləşməsi real deyil:
“Minimum əməkhaqqısı Ermənistandan aşağı olan bir ölkə bir miyonluq kitab buraxır, özü də Qarabağ haqqında. Gülməli çıxmasa, dünyada təbliğ edərdik ki, bizdə kitaba belə hörmət edirlər. Qorxuram ki, bizə gülərlər”.
2022-ci ilin avqustunda anoloji addım Mədəniyyət Nazirliyi tərəfindən atılmışdı.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatda bildirilirdi ki, Mədəniyyət Nazirliyi Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət İkinci Qarabağ müharibəsi haqqında çəkiləcək səkkiz seriyalı bədii filmin layihəsini icra edəcək.
Layihəyə dövlət büdcəsindən layihəyə 1 milyon 700 min manat vəsait ayrılıb.
Üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, filmin aqibəti ilə bağlı məlumat verilmir. //Meydan TV//
ŞƏRHİMİZ: Vallahi-billahi bütün bunları dərk etmək bir yana, həzm etməyə də gücümüz yoxdur....