Bu ilin fevral ayında Türkiyədə baş verən və 50 min nəfərdən çox insanın həyatına son qoyan zəlzələlər zamanı bir çox binanın dağılmasına əsas səbəb kimi ölkədə tikinti qaydalarına ciddi əməl olunmaması göstərildi və bu, insanların qəzəbini getdikcə artırdı. Çünki tikinti şirkətləri mənzil satdıqları insanları aldatmış, inşaaat materiallarının zəlzələyə davamlı olduğunu reklam etmişdilər.
Türk inşaatçıları Azərbaycanın tikinti sektorunda da fəaliyyət göstərirlər. İstər əlahiddə, istərsə də müştərək şəkildə. Paytaxtın Nəsimi rayonunda, 4-cü mikrorayon dairəsi həndəvərində keçmişdə restoran olmuş ərazini alan 75 yaşlı Rasim adlı iş adamı çoxmərtəbəli bina tikdirir. Tikilməkdə olan göydələnə hətta ötəri müşahidə edib görmək olar ki, burada inşaat normasına və standartlarına əməl olunmur. Ən acınacaqlısı da budur ki, fəhlələr istehsalatda bədbəxt hadisələrdən qoruyacaq dəbilqə və s. təhlükəsizlik texnikası ilə təmin olunmayıblar. Yaxın ətrafdakı sakinlər şikayətlənirlər ki, hündürmərtəbəli binanın özülü qazılanda yerli infrastruktur sıradan çıxıb, kanalizasiya xətti dağılıb, yaıllıq məhv edilib, avtomobil saxlamağa yer qalmayıb.
Rasim bəy telefon zənglərimizə cavab verməsə də, cəhd edib onun özü ilə görüşməyə müvəffəq olduq. Mövcud nöqsan və çatışmazlığın səbəblərindən danışmaq, aradan qaldırılması üçün hansı tədbirləri planlaşdırdığını sadalamaq əvəzinə tikinti biznesmeni dedi ki, bəs, o, türk inşaatçıları ilə işləyir: “İndi nə deyirsiz, istəyirsiz, gedib Prezident Aparatının qapısını döysünlər?”
Rasim bəy həmçinin bildirdi ki, aidiyyəti qurumlarla bütün məsələləri çoxdan “yoluna qoyub”, qarşısına nə maneə çıxsa, türk qardaşları qabağa verib işinə davam edəcək.
Mövzunu davam etdirəcəyik.
Deryaz.az