Ötən il metropoliten ilə bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib - “Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədov deyib.
Belə ki, qeyd olunan xərc hazırda müəyyən olunan 40 qəpiklik gediş haqqından 1,7 dəfə çoxdur.
İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.az”a açıqlamasında bildirdi ki, metropoliten rəhbərliyi zaman-zaman bu məsələni gündəmə gətirir, sərnişindaşımanın maya dəyərinin yüksək olduğunu söyləyirlər:
“Nə köhnə, nə də yeni rəhbərlik bunun hesablanma qaydaları ilə bağlı açıqlama verməyib. Maya dəyəri hesablanarkən hansı metodologiyadan istifadə olunur və bu metodologiya beynəlxalq standartlara uyğundurmu? Hesablama apararkən hansı parametrlər əsas götürülür? 1 və 10 dayanacaq gedənlərin hər birinin maya dəyəri 68 qəpikdirmi? Bu metodologiya ilə bağlı hesabat vermədikcə, göydən götürülən rəqəmləri açıqladıqları ilə bağlı təəsürat yaranır”.
Ekspert deyir ki, belə açıqlamaların əsas səbəbi gələcəkdə qiymətin artırılması ilə bağlı ictimai rəy yaratmaqdır:
“Bu, ictimai rəyi metroda gediş haqqının artırılacağı yönündə hazırlamaqdan başqa bir şey deyil. Maya dəyərinin hesablama metodologiyası ilə bağlı ictimaiyyətə məlumat verilməlidir ki, hansı parametrlər əsasında 68 qəpik xərcin yarandığını bilək”.
Onu da qeyd edək ki, artıq metroda gediş haqqı tariflərini təsdiqləmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.