Deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında "Aviasiya haqqında" Qanun layihəsinin müzakirəsi zamanı Naxçıvana uçuşlara görə dotasiyanın artırılmasını təklif edib.
O bildirib ki, “Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) dövlət büdcəsindən Naxçıvana uçuşlara görə dotasiya verilir, amma bu, ümumi xərclərin cəmi 20-25 %-ni əhatə edir.
"Qalan yük AZAL-ın üzərinə düşür. Dövlət büdcəsindən Naxçıvana verilən dotasiya 5 milyon manat təşkil edir, amma AZAL ümumilikdə 20 milyon manat xərc çəkir. Yəni yükün 15 milyon manatı AZAL-ın üzərində qalır. AZAL bu qədər pulu haradan almalıdır?
Naxçıvan blokadada olduğu üçün düşünürəm ki, çəkilən bütün xərcləri dövlət ödəməlidir", - deyə deputat bildirib.
DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, məsafəni nəzərə alsaq, biletin dəyəri olan 60 manat az qiymət deyil:
"AZAL rəhbərliyi və əlaqədar qurumlar açıqamalıdır ki, uçuşların maya dəyəri nə qədərdir. Bununla bağlı indiyədək bir hesabat olmayıb. Məsafəni və yanacağı nəzərə alsaq, az məbləğ deyil. Hətta xarici vətəndaşlara daha bahadır, Azərbaycan vətəndaşları üçün 60 manatdır. Dotasiya məsələsini həll etmək üçün hər sərnişinin daşınma xərcinin nə qədər olması ilə bağlı rəsmi açıqlama olmalıdır.
O zaman bilinər ki, dotasiyaya ehtiyac var, ya yox. AZAL açıqlama verməlidir ki, Naxçıvana uçuşlar onlara neçəyə başa gəlir, ay ərzində nə qədər sərnişin daşınır. Onsuz da başqa yol olmadığı üçün təyyarələr dolu olur. Məncə, buna görə də əlavə dotasiyaya əslində ehtiyac olmaya bilər".