Bakı şəhəri, Xətai rayonu Nəsrəddin Tusi küçəsi, bina 25 və 27 qəzalı vəziyyətdədir.
Bizim.Media-ya bu barədə bina sakinləri müraciət ediblər.
Onların dediklərinə görə, qəzalı vəziyyətdə olan hər iki bina gün keçdikcə çökür və bu binalarda yaşamaq təhlükəli hal alıb. Binaların üzlük daşları qoparaq yerə tökülür. İçərisində isə çatlar və deformasiyalar baş verib. Bu isə həm bina sakinləri, həm də ətrafdan keçənlər üçün ciddi təhlükə yaradır. Şikayətçi sakinlər başqa əraziyə köçürülmələrini tələb edirlər.
“Bina 2000-ci ildə zərər görüb”
Saytımıza danışan Xətai rayon sakini Mirəli Mirsucayev sözügedən binaların 1975-ci ildə inşa edildiyini, təbii fəlakətlər zamanı isə bir neçə dəfə zərər gördüyünü bildirib:
“Eşitdiyimə görə elə o vaxtlar da bu binalar müəyyən standartlara cavab vermədiyinə görə heç kim bura köçmək istəməyib. Mən özüm bura 2003-cü ildə köçmüşəm. 2000-ci ilin zəlzələsində hər iki bina ciddi zərər görüb və müəyyən dəmir konstruksiyalarla bərkidilərək yenidən istismara verilib. O vaxtdan bu günə qədər 23 il keçib. İki ay bundan əvvəl baş verən zəlzələ zamanı da binalardakı fəsadlar özünü göstərmiş oldu. Gəlib özünüz də şahid ola bilərsiniz.
Beşmərtəbəli hər iki bina əyilib və çöküb, mənzillərin dəmir qapıları deformasiyaya uğrayaraq bağlanmır. Binanın zirzəmisində qəzalı vəziyyətin olması isə daha qabarıq hiss olunur. Yəni, çökmə gözlə görünür və bunun üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Təbii ki, bu vəziyyət biz sakinləri həyəcanlandırıb”.
“İllərdir ki, müaricətlərimizə məhəl qoyulmur”
Şikayətçi qeyd edib ki, dəfələrlə aidiyyəti icra hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Amma illərdir ki, müraciətlərə məhəl qoyulmur:
“Aidiyyəti qurumlara çoxsaylı məktublar ünvanlamışıq. İki gün əvvəl Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə gəlmişdilər. Bildirdilər ki, özləri cavabdeh qurumlara rəsmi məktubla müraciət edəcəklər.
Məsləhət bildilər ki, biz də öz növbəmizdə Fövqəladə Hallar Nazirliyinə müraciət edək. Onların qiymətləndirmə komissiyası gəlib baxsın və rəsmi surətdə binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy versinlər. Biz üzərimizə düşənləri etmişik, qalır qarşı tərəfin iş görməsinə... Ümidimiz Allaha qalıb...”, - deyə şikayətçi əlavə edib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Pərviz Aslanov Bizim.Media-ya bildirib ki, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etməliyik:
“Sakinlərin şikayətləri olubsa, məsələyə Xətai İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyası baxır. Bu komissiya artıq neçə illərdir ki, fəaliyyətdədir. Əgər onlar da Fövqəladə Hallar Nazirliyinə müraciət ediblərsə, məktubun tarixini desinlər ki, görək məsələ nə yerdədir”.
Xətai Rayon İcra Hakimiyyətindən isə heç bir rəsmi şəxslə əlaqə yaratmaq mümkün olmayıb. İcra hakimiyyətinin rəsmisi Pənah İmanov isə məzuniyyətdə olduğunu bildirib.
Mövzunu diqqətdə saxlayacağıq...
Bizim.Media