Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məhkəməyə verilib.
Millitv.az qaynarinfo-ya istinadla xəbər verir ki, iddiaçı "Ressan” Mənzil Tikinti Kooperatividir (MTK). MTK-nın iddiası Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatındadır. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrlə bağlıdır.
"Ressan” MTK 25 may 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi İsmayılov Rauf Ağa-Musa oğludur.
Bir neçə ay əvvəl "Ressan” MTK Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında inşa etdiyi 17 mərtəbəli bina ilə gündəmə gəlmişdi. Bu barədə mediada yayımlanan məlumatlarda qeyd edilirdi ki, sözgedən binanın sakinləri şirkəti verilən vədləri yerinə yetirməməkdə ittiham edib.
Sakinlərin bildirib ki, bina 2018-ci ildən istifadəyə verilsə də, hələ də mənzillərinə çıxarış ala bilmirlər. MTK rəhbərliyi müxtəlif bəhanələrlə onları aldadıb.
Bundan başqa, mənzillərə görə müqavilə ilə sakinlərdən 3 min manat əlavə ödəniş alınıb. Sakinlər deyib ki, bu ödəniş çıxarışın verilməsi və sayğacların qoyulması üçün nəzərdə tutulub.
O da məlum olub ki, MTK-nin rəhbəri Rauf İsmayılov etirazçı sakinlərə təzyiq edir. Onun göstərişi ilə bina sakini Orxan Əzizovun heç bir kommunal borcu olmadığı halda mənzilinin elektrik enerjisini kəsib.
Orxan Əzizov həmçinin bildirib ki, Rauf İsmayılov bina sakinlərini şərləməyə cəhd edib. "Bina sakinlərinin gözü qarşısında MTK rəhbəri bizi susdurmağa çalışdı, təxribata əl atdı. Təbii ki, mən və digər bina sakinləri daha səbirli və təmkinli davranaraq haqqımızı tələb etdik. Bu zaman MTK rəhbərliyi 102 xidmətinə zəng edərək əraziyə polis nəfərləri çağırdı. MTK rəhbəri əraziyə gələn polis əməkdaşlarına bildirdi ki, guya mən və Elçin adlı sakin onu döyməyə cəhd etmişik və bizdən şikayətçidir. Hansı ki, baş verənlər bina sakinlərinin gözü qarşısında olub və ümumiyyətlə, biz "Ressan” MMC-nin rəhbəri Rauf İsmayılovun 1 metrliyinə belə yaxınlaşmamışıq. Bina sakinləri bunu müraciət ərizəsində öz imzaları ilə təsdiqləyirlər.
Bizi Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə apardılar və bildirdilər ki, "Ressan” MMC-nin rəhbəri Rauf Ağamusa oğlu İsmayılov bizdən şikayətçidir. İzahatımızı aldılar. Bildirdik ki, "Ressan" MMC-nin rəhbəri haqqımızı tələb etdiyimiz üçün bizi susdurmağa və şərləməyə çalışır. İzahatımız alınandan sonra bizi sərbəst buraxdılar”, - deyə o bildirib.