Paytaxtın Xətai rayonu ərazisində bina qəzalı vəziyyətdədir.
Bu barədə Oxu.Az-a həmin binada yaşayan sakinlərdən biri məlumat verib. Söhbət rayonun Həsən Salmani küçəsində yerləşən 15 saylı binadan gedir.
Vətəndaşın sözlərinə görə, sözügedən bina 2018-ci ildən qəzalı vəziyyətdədir:
“Bu binanın 109 yaşı var. 2018-ci ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən binaya baxış keçirilib və hələ o zaman kəskin qəzalı vəziyyətdə olduğu barədə akt tərtib olunub. Həmin akta əsasən sakinlərin köçürülməsi prosesi həyata keçirilməli idi. Lakin buna baxmayaraq, binanın tavanı uçsa da, biz hələ də qorxu içində burada yaşamağa məcburuq.
Bina pilləkənləri də bərbad vəziyyətdədir, qonşuluqda bir qadın ikinci mərtəbədən düşərkən yıxılaraq ciddi xəsarət alıb. Xahiş edirik bu məsələni ictimailəşdirəsiniz”.
Mövzu ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı qısa zamanda tədbir görüləcək:
“Binanın qəzalı olması ilə bağlı rəy var. Hazırda bu məsələ Xətai Rayon İcra Hakimiyyətinin tam nəzarətindədir. Əlaqədar təşkilatlara müraciət olunub. Qısa zaman ərzində bu məsələnin müsbət istiqamətdə həll olunması gözlənilir. Artıq binada yaşayan sakinlərin siyahıya alınması həyata keçirilib.
Vətəndaşların ailə tərkibləri öyrənilib, siyahı tərtib olunub, lazımı bütün sənədlər toplanıb və aidiyyəti orqanlara təhvil verilib. Yaxın zamanda tədbirlər görüləcək”.